Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Rusiyadan getmiş vətəndaşların əmlakının həbsinə dair qanunu imzalayıb
Putin Rusiyadan getmiş vətəndaşların əmlakının həbsinə dair qanunu imzalayıb

Vladimir Putin Rusiya vətəndaşlarının xaricdə olduğu halda inzibati məsuliyyətə cəlb olunma prosedurunu tənzimləyən və ölkə daxilində onların qalan əmlakına həbs qoyulmasına imkan verən qanunu imzalayıb.

Bizimyol.info xəbər verir ki, qəbul edilən sənəd “dövlət maraqlarına qarşı hərəkətlər” kimi qiymətləndirilən işlər çərçivəsində ölkəni tərk etmiş şəxslərin təqibi üzrə Rusiya hakimiyyət orqanlarının səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirir.

Yeni qanuna əsasən, vətəndaşlar əmlaklarını itirə biləcək inzibati pozuntular siyahısına Rusiya Silahlı Qüvvələrinin “diskreditə edilməsi”, sanksiyalara çağırışlar, kütləvi informasiya vasitələrindən sui-istifadə, ekstremist materialların yayılması, eləcə də “xarici agent” statusu ilə bağlı qaydaların pozulması kimi hallar daxil edilib.

Sənədə görə, məhkəmələr bu cür işləri şəxsin şəxsi iştirakı olmadan, tam qiyabi qaydada araşdıra biləcək. Proses barədə bildiriş isə elektron poçt vasitəsilə göndərilə bilər.

Mütəxəssislərin və hüquqşünasların diqqətini cəlb edən əsas məqamlardan biri odur ki, müsadirə edilən aktivlərin ümumi dəyəri tətbiq olunan cərimələrin məbləği ilə məhdudlaşdırılmır.

Beləliklə, hakimiyyət orqanları real dəyəri cərimələrdən dəfələrlə yüksək olan əmlakın dondurulmasına imkan əldə edir.

“Meduza” nəşrinin məlumatına görə, qanun faktiki olaraq inzibati icraat çərçivəsində yekun məhkəmə qərarı çıxarılmadan əvvəl təminat xarakterli əmlak həbsini tətbiq edir ki, bu da əvvəllər mövcud praktikada nəzərdə tutulmurdu.

Qanun ümumi hüquqi terminlərlə ifadə olunsa da, Rusiya ekspert icması onu ölkəni tərk etmiş media nümayəndələri və siyasi opponentlərə təzyiq vasitəsi kimi qiymətləndirir.

Hüquqşünaslar sənədin siyasi xarakter daşıdığını bildirir və onu şəxsi mülkiyyətin qorunmasının yalnız hakimiyyətə tam loyal davranış şərti ilə təmin edildiyi yeni yanaşmanın hüquqi rəsmiləşdirilməsi kimi xarakterizə edirlər.

Yeni tədbirlərin mümkün hədəfləri arasında Rusiyada böyük daşınmaz əmlakı və bahalı aktivləri qalan məşhur sənətçilər — Alla Puqaçova və Maksim Qalkin kimi şəxslərin də adı çəkilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »