Vətəndaş sosial mediada yayımladığı videoda bildirib ki, təcili yardım çağırışı zamanı ona cənazə maşını göndərilib. O deyib ki, sağ olan xəstənin daşınması üçün xərəkli cənazə maşını göndərilb.
Vətəndaş bu halın düzgün olmadığını və xəstələrin daşınması zamanı belə səhvlərə yol verilməməli olduğunu vurğulayıb.
- Bu iddialar doğrudurmu?
- Belə halların qarşısının alınması üçün hansı tədbirlər görülür?
Yaranan sualla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab hazırlanıb: “Sosial şəbəkələrdə yayılan və 99 PU 074 dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobilində xərək vasitəsilə meyitin daşındığına dair iddialar həqiqəti əks etdirmir.
Qeyd olunan ambulans 2020-ci il istehsalıdır. Həmin xərək avtomobilin zavod komplektasiyasına daxil olan, öz inventarı hesab edilən avadanlıqdır.
Xərək dağlıq və çətin keçilən ərazilərdə, o cümlədən Hacıkənd, Toğana və başqa oxşar yaşayış məntəqələrində pasiyentlərin təhlükəsiz daşınması məqsədilə istifadə olunur və istismara tam yararlıdır.
Qeyd olunan avtomobil Gəncə şəhəri, Daşkəsən və ətraf rayonların xidmət ərazisinə daxildir.
Videoda səsləndirilən meyit daşınması ilə bağlı iddialar əsassızdır və reallığı əks etdirmir”.
Günel Həsənova, Bizimyol.info






