Əhalinin nominal gəlirlərinin artması yanlış təəssürat yaradır. Belə hesab olunur ki, məvacibin müəyyən qədər yüksəlməsi həm də həyat şəraitinin yaxşılaşması deməkdir. Halbuki son illər qiymətlərin maaşlarla müqayisədə daha çox artmasını müşahidə edirik. Təkcə ərzağın pandemiyadan sonra iki dəfəyə qədər bahalaşması əhalinin necə sosial sıxıntı yaşadığını göstərir.
Bizimyol.info xəbər verir ki, Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1172,1 manatdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artım olması xüsusi vurğulanır. Komitə demək istəyir ki, əhalinin vəziyyəti yaxşılaşıb.
Sosial mediada orta aylıq əməkhaqqının yüksək göstərilməsi həmişə ciddi müzakirə olunur. Buna skeptik yanaşma var. Orta aylıq əməkhaqqının yüksək olmasına inanmayanları qınamaq yersiz görünür. Çünki insanlar gündəlik həyatında başqa mənzərə ilə qarşılaşır. Təklif olunan işlərdə məvaciblər çox aşağıdır.
Vakansiyalar üçün xüsusi saytlar var. Özünüz də müşahidə apara bilərsiniz. Məvaciblərə nəzər yetirəndə məyus olmamaq mümkün deyil. Gündəlik iş saatları 10-11-ə çatır. Ən yaxşı halda həftədə bir gün istirahət verilir. Maaşlar isə nadir hallarda 1000 manatı ötür. İnsanlar onsuz da pul qazanmaq üçün istirahətsiz işləməyə razıdır. Yəni əmək qanunvericiliyinin pozulması, işçinin də bununla razılaşmağa məcbur qalması adiləşib. Heç olmasa, normal maaş təklif edilsin.
Vakansiyaları ard-arda oxuyaq. Korporativ danışıqlar üzrə mütəxəssisə 500 manat təklif olunur. Tanınmış elektronika şəbəkələrindən biri 500-800 manatı 6 günlük iş qrafikinə görə verməyə hazırdır. Kosmetik vasitələr üzrə məsləhətçi uzağı 750 manat qazana biləcək. Şirkətlərdən biri mühasibə 700 manat məvacib təklif edir. Müqavilə və sənəd dövriyyəsi üzrə mütəxəssis də bu qədər maaş ala biləcək.
İndi əsas suala keçək. Haradan çıxır bu orta aylıq əməkhaqqı? Biz hələ babat vakansiyaları təqdim etdik. Daha pis şərtlərlə iş təklifləri var. Əksər təkliflərdə məvacib 400-600 manat arası dəyişir. Kim alır yüksək maaşları?
Təbii ki, insanlar rəsmi statistikaya inanmayacaq. Çünki onlara qul əməyi müqabilində cüzi maaşlar təklif olunur. Rəsmi rəqəmlər isə reallıqdan danışmır.
Aytən, Bizimyol.info






