Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya Çempionatı başlayır: Təşkilatçı ölkə seçimi çox uğursuz olub
Dünya Çempionatı başlayır: Təşkilatçı ölkə seçimi çox uğursuz olub

Futbol üzrə növbəti Dünya Çempionatı start götürür. Bir az sonra Meksika və Cənubi Afrika milli komandalarının iştirakı ilə ilk oyun keçiriləcək. Dünyanın 48 ölkəsinin təmsilçisi bir aydan çox müddətdə ABŞ, Meksika, Kanada stadionlarında gücünü sınayacaq.

Bizimyol.info xəbər verir ki, təşkilatçı ölkə seçiminin uğursuz olması bir müddətdir ciddi müzakirə mövzusuna çevrilib. Əksər iştirakçı ölkə azarkeşləri oyunların başlama vaxtını böyük problem sayır. Qarşılaşmaları izləmək üçün gərək gecəni yatmayasan. Üstəlik, okeanın o tayında havalar çox isti keçir. Bəzən meydanda potensialını ortaya qoymaq mümkünsüzə çevrilir. Ayrı-ayrı milli komandaların nümayəndələri dözülməz istilərdən gileylənir.

Əslində, bunlar xırda məsələlərdir. Daha çox ABŞ-ın davranışı qıcıq yaradır. Vaşinqton bir çox ölkə təmsilçilərinə qarşı açıq hörmətsizlik nümayiş etdirir. İrana onsuz da göz verib işıq vermirlər. Bu komandanın ABŞ-da qalmasına icazə yoxdur. İran futbolçuları hər dəfə oyun üçün təyyarə ilə Meksikadan qonşu dövlətə getməli olacaqlar. Hələ o var ki, iranlı futbolsevərlərə biletlər də ayrılmayıb. Bir sözlə, aşkar düşmən münasibət diqqət çəkir.

ABŞ hava limanlarında Özbəkistan, Seneqal milli komandalarının futbolçuları ilə də yaxşı davranmayıblar. Onlar saatlarla yoxlamadan keçirilib. İraq milli komandasının üzvləri isə 6-7 saat dindirilib.

ABŞ-ın Somalidən olan FİFA referisini ölkəyə buraxmaması isə ayrıca rüsvayçılıqdır. Ömər Artan okeanı aşaraq ölkəsi üçün tarixi an yaşamağa hazırlaşdığı bir vaxtda onu Amerikadan deportasiya etdilər. Əlbəttə, referi ölkəsində qəhrəman kimi qarşılanıb. Amma baş verənlər qəzəb doğurmaya bilməz. UEFA da vəziyyətin məntiqsizliyini anlayır. Buna görə də Ömər Artana Superkubokun final oyunu həvalə edilib.

FİFA-nın təşkilatçı seçimində “pullu” ölkəyə üstünlük verməsi həmişə tənqid edilib. Rusiya və Qətərə yaradılan şərait hətta qalmaqala səbəb olmuşdu. ABŞ indidən bu qədər problem yaradır. İrəlidə bizi nələrin gözlədiyini təsəvvür etmirik.

İstənilən halda böyük futbol bayramı başlayır. Favorit kimi bir neçə ölkənin adı çəkilir. Heyətinə görə İspaniya və Fransa xüsusi seçilir. Lakin sürprizlər də mümkündür. Hərçənd, dünya çempionatlarında qalib komandanın adı əksər hallarda futbolsevərləri təəccübləndirmir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »