Son illərdə elektromobillərin sürətlə yayılması ilə yanaşı, bəzi sürücülər və sərnişinlər arasında bu avtomobillərdə yaranan narahatlığın elektromaqnit şüalanması ilə əlaqəli olub-olmaması barədə suallar da artır.
Bizimyol.info Milli.az-a istinadən xəbər verir ki, mütəxəssislər elektromobillərdə mövcud olan elektromaqnit sahələrinin beynəlxalq təhlükəsizlik standartları çərçivəsində saxlanıldığını və onların insan sağlamlığına zərər verdiyini təsdiqləyən etibarlı elmi sübutların olmadığını bildirirlər.
Ekspertlərin sözlərinə görə, bəzi sərnişinlərdə müşahidə olunan ürəkbulanma və ya narahatlıq hissi daha çox avtomobilin səssiz işləməsi, ani sürətlənməsi və hərəkət xüsusiyyətləri ilə bağlıdır.
Bu zaman beyin, göz və daxili qulaqdan gələn siqnallar arasında uyğunsuzluq yarana bilər, bu da hərəkət xəstəliyinə bənzər əlamətlərə səbəb olur.
Araşdırmalar göstərir ki, elektromobillərdə yaranan elektromaqnit sahələri gündəlik istifadə olunan bir çox elektron cihazın yaratdığı səviyyələrlə müqayisə edilə bilən həddədir və normativ limitlər daxilindədir.
- Elektromobillərdə ürəkbulanma və narahatlıq elektromaqnit şüalanmadan, yoxsa hərəkət xüsusiyyətləri ilə bağlıdır?
Bu barədə Bizimyol.info xəbər portalına danışan həkim Pənah Pənahov bildirib ki, belə şikayətlər elektromaqnit şüalanmadan çox, avtomobilin hərəkət dinamikası ilə əlaqələndirilir: “Hazırda aparılan elmi araşdırmalar elektromobillərdə yaranan elektromaqnit sahələrinin insan sağlamlığı üçün təhlükəli olduğunu təsdiqləmir. Bu göstəricilər beynəlxalq təhlükəsizlik standartlarının icazə verdiyi hədlər daxilindədir. Elektromobildə hərəkət edərkən bəzi insanlarda müşahidə olunan ürəkbulanma, başgicəllənmə və ya diskomfort hissi isə daha çox avtomobilin hərəkət xüsusiyyətləri ilə bağlıdır. Xüsusilə səssiz hərəkət, ani sürətlənmə və əyləclənmə zamanı beyinə daxil olan siqnallar arasında uyğunsuzluq yarana bilər. Bu da hərəkət xəstəliyinə (Motion sickness) bənzər əlamətlərə səbəb olur"
Günel Həsənova, Bizimyol.info






