Azərbaycanda ət bazarında qiymətlərin stabilləşdirilməsi əsasən istehsalın artırılması və maya dəyərinin azaldılması ilə təmin edilir.
Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib ki, görülən tədbirlər məhsuldarlığı artırmaq, ət istehsalını genişləndirmək və istehsal xərclərini minimuma endirmək məqsədi daşıyır. Hazırda ölkədə mal ətinə olan tələbatın 83,7 %-i, qoyun ətinə tələbatın 94,2 %-i, quş ətinə tələbatın isə 82 %-i yerli istehsal hesabına ödənilir. Bu daxili bazarın əsas hissəsinin yerli məhsullarla təmin olunduğunu göstərir.
Sosial mediada vətəndaşlar isə ot, yem və dizel qiymətləri ilə bağlı fikirlərini bölüşüblər. Onlar bildirib ki, dizelin qiyməti endirilərsə, yalnız ətin yox, ümumilikdə, ərzaq məhsullarının qiymətləri də aşağı düşər.
Vətəndaşların sözlərinə görə, yem və otun ucuzlaşması əsas şərtlərdən biridir: “Otun bir ədədi 4 manatdır, yem məhsulları bahadır. Ət niyə ucuzlaşsın ki? Çoxu şəhərdə oturub, bilmir. Bir heyvanın illik xərci 1500 manata çatır”.
- Ot, yem və dizel qiymətlərinin artması ət bazarında qiymətlərə necə təsir edir və bunun qarşısını almaq üçün nə kimi addımlar planlaşdırılır?
Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, qərarlara əsasən qiymətlər formalaşır: “Zaur müəllimin dediyindən belə çıxır ki, ot, yem və daşınma xərcləri ilə bağlı qiymətlərin artımı üçün bir plan yoxdur; bu qiymətləri bazar tənzimləyir. Bunlara Tarif Şurası qərar verir.
Məsələn, yanacaq qiymətlərini qaldırırlar. Biz də danışıqlar aparırıq ki, qiymətlər qalxacaq, insanlar bundan narahat olur və sonra soruşurlar ki, qiymət niyə artır. Qərarlara əsasən qiymətlər formalaşır:
Dizel yanacağının qiyməti 2024-cü ilin iyulunda 25%, 2025-ci ilin dekabrında isə 10% qalxdı. Son iki il ərzində artım 37,5%-ə çatıb. Bu da o deməkdir ki, rayondan 200 manata gətirilən mal indi 270 manata başa gəlir və əlavə 70 manat malın üstündə oturmalıdır. İndi yanacaqdoldurma məntəqələrində yük maşınlarına ucuz yanacaq verilmir ki”.
Xalid Kərimli deyib: “Hökumətin məqsədi qiymətləri dayandırmaq deyil, bazarda qiymətlərin formalaşmasını təmin etməkdir. Burada problem yoxdur: kimin imkanı varsa alacaq, imkanı olmayan ala bilməyəcək. Gəlirlərini artıra bilən şəxslər qiymət artımı fonunda daha az zərər çəkəcək. Kim gəlirlərini artıra biləcəksə, qiymətlərin artımı ilə varlanacaq. Kim az artıracaqsa və ya artıra bilməyəcəksə, yaxud əlindəkini də itirəcəksə kasıblaşacaq, lap pis vəziyyətə düşəcək”.
Xalid Kərimli həmçinin vurğulayıb: “Hökumət qiymətlərin dəyişməsinin qarşısını ala bilməz. O Sovet dövründə idi. Sovet dövründə qapalı iqtisadiyyat qurulmuşdu; məsələn, ətin kilosu 40 qəpik, qəndin kilosu 10 qəpik idi. İndi isə qiymətlər bazarda formalaşır və bunların çoxunu xaricdən idxal edirik. Ətin bir hissəsi xaricdən gəlir, ətin çox hissəsi yerli istehsal olsa da, yem məhsulları xaricdən gəlir. Həmçinin əti istehsal edən şəxslərin özlərinin də xərci artır. Hər il deyirik 9-10 %maaş qaxdı, 7-8 % gəlir artdı. Onların da gəlirləri artmalıdır, yəni qiymətlər bu baxımdan həmişə artacaq. Amma əsas məsələ odur ki, artım səviyyəsi çox sürətlə olmasın. Mərkəzi Bank 2-6% inflyasiyanı normal hesab edir, ideal inflyasiya isə 4%-dir. Mərkəzi Bank ideal inflyasiyanı 4% hesab edir və bu səviyyədən ±2% yuxarı və aşağı hələ qəbul ediləndir. Yəni inflyasiya 4%-dən 2% aşağı da ola bilər, 2% yuxarı da. 6%-dan yuxarı və ya 2%-dən aşağı inflyasiya isə pis hesab olunur. Hazırda inflyasiya 5,7%-dir, yəni problem yoxdur.
Qiymətlər həmişə artacaq; lap artmasa da, Mərkəzi Bank, Tarif Şurası və hökumət elə addımlar atacaq ki, qiymətlər artsın. Tarif Şurası qiymətləri niyə qaldırır? Həm də qiymətlərin artmasına şərait yaradır. Tarif Şurası nə xidmət göstərir hamısını hər il qaldırır”.
Xalid Kərimli əlavə edib: “Məsələlərdən biri də odur ki, dövlət göstərdiyi xidmətin normal qiymətinin vətəndaşdan alınmasını istəyir. Dövlət deyir: “Mən bu nefti xaricə baha sata bilərəm, xaricdə baha satılırsa, vətəndaş da bunun qiymətini ödəməlidir.” Çünki bu düzgün yanaşmadır. Pomidor 3 manatdırsa, vətəndaş da 3 manat ödəməlidir. Dövlət cibindən pul qoyub vətəndaşa pomidoru 1 manata satmalı deyil. Vətəndaş xidmətin pulunu dəqiq, düzgün ödəməlidir. Ən doğru yanaşma budur: 3 manatdırsa, 3 manat; 2 manatdırsa, 2 manat; 8 manatdırsa, 8 manat.
Bu da qiymətlərin sabit saxlanması və ucuzlaşması ilə bağlı mümkün olmayan prosesdir. Qiymətlər qalxacaq, amma hökumət çalışır ki, yerli istehsal artsın. Qiymət artanda yerli istehsal faydalansın, yerli fermerlər faydalansın. Eyni zamanda məhsul bolluğu yaransın ki, daha ədalətli qiymət formalaşsın. Amma heç kim qiymətləri sabit saxlamağa və ya aşağı salmağa çalışmır”.
Günel Həsənova, Bizimyol.info






