Hələ aprelin sonlarında “Fitch Ratings” agentliyi Azərbaycaın iqtisadi göstəriciləri ilə bağlı hesabatında nikbin proqnoz verməyə çalışmışdı. Onda bildirilmişdi ki, neft, qaz qiymətlərinin artması Azərbaycanın xarici və dövlət maliyyələşdirilməsinə müsbət təsir göstərəcək, bunun 2026-cı ildə iqtisadi artımın sürətlənməsinə töhfə verməsi gözlənilir. Beynəlxalq agentlik bu proqnozu verəndə Yaxın Şərqdəki müharibəni mütləq nəzərə alırdı. Karbohidrogen qiymətlərinin yüksəlməsi bizim iqtisadiyyatda özünü göstərməliydi. Amma belə olmadı.
Bizimyol.info xəbər verir ki, Azərbaycanda iqtisadi artım dayanıb. Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-may ayları üçün ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə dair hesabatında ümumdaxili məhsulun həcminin 51 milyard 783,8 milyon manat təşkil etdiyi qeyd olunub. Yəni 2025-ci ilin eyni dövrü ilə müqayisədə hər hansı dəyişiklik olmayıb.
“Fitch Ratings” neft-qaz sektoruna güvənərək hesabatında iqtisadi artım proqnozu vermişdi. Beynəlxalq agentlik illik artımın 2 faizi keçəcəyinə inandığını ifadə edirdi. Amma görünən odur ki, bu göstəricinin əldə olunması mümkünsüzdür. Güvənilən neft-qaz sektoru da boşluğu aradan qaldıra bilmir. Bu sektorda keçən ilin eyni dövrü ilə müqayisədə 1 faiz kiçilmə olub. Əksinə, qeyri-neft-qaz sektorunda müəyyən artım qeydə alınıb.
Ölkə rəhbərliyi kənd təsərrüfatı ilə bağlı ciddi narahatlıq ifadə edir. Amma bu sektorda 2,3 faiz artım olub. Amma əsas kapitala investisiyaların həcminin azalması narahatlıq doğurmaya bilməz.
İqtisadi artımın qısamüddətli dayanması təhlükəli deyil. Amma durğunluğa bir addım qalıb. Bunun bəzi əlamətlərini də müşahidə edirik. Məsələn, yeni iş yerlərinin yaradılması problemi var. Əməkhaqqı artımı zəifləyib, çox da vəd olunmur. Sosial proqramlar işlək mexanizm təəssüratı bağışlamır. Proses ümumilikdə zəif gedir. Bütün bunlar isə iqtisadi durğunluğa aparan əlamətlərdir.
İqtisadçılar hesab edir ki, ümumi durumu heç ümumdaxili məhsulun həcmi ilə dəyərləndirmək də doğru deyil. Vacib məsələ gəlirlərin ədalətli bölüşdürülməsi və həyat keyfiyyətinin yüksəldilməsidir.
Aytən, Bizimyol.info






