Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobil sığortasında yeni qaydalar: riskli sürücü hamının haqqını artıracaq
Avtomobil sığortasında yeni qaydalar: riskli sürücü hamının haqqını artıracaq

Bir neçə gündən sonra avtomobillər üçün sığorta haqqının hesablanması qaydalarında dəyişiklik edilərək “sığorta tarixçəsi əmsalı” tətbiq olunacaq.

Yeni sistemə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan bütün şəxslərin risk göstəriciləri nəzərə alınacaq və ən yüksək riskə malik şəxsin əmsalı əsas götürüləcək.

Bu yanaşma sığorta sistemində daha dəqiq risk qiymətləndirilməsi və sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır.

Sığorta eksperti Emil Ağabağırov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində yeni qaydalar iyunun 16-dan tətbiq ediləcək.

Əgər bir avtomobil üzrə beş nəfərə etibarnamə veriləcəksə, bu zaman həmin sürücülər arasında risk göstəricisi ən yüksək olan şəxsin əmsalı əsas götürüləcək. Tutaq ki, beş nəfərə etibarnamə verilib. Onlardan birinin 40 faiz endirimi var, digərinin 30 faiz endirimi var, biri yeni sürücüdür, digəri isə yol-nəqliyyat hadisəsi törədib.

Belə olan halda hadisə törədən sürücünün əmsalı əsas götürülərək sığorta haqqı hesablanacaq”, – deyə ekspert bildirib.

Ekspert qeyd edib ki, yeni qaydalardan biri də ondan ibarətdir ki, əvvəllər sığorta müqaviləsi onun adına yazılırdısa, hər hansı hadisə baş verdikdə zərərli tarixçə də müqavilə sahibinin adına hesablanırdı.

Amma yeni qaydalara əsasən, sığorta müqaviləsi mənim adıma olsa belə, hadisə zamanı sükan arxasında olan və qəzanın günahkarı hesab edilən sürücünün zərərli tarixçəsi məhz həmin şəxsin FİN kodu üzrə qeydə alınacaq. Bu qaydalar göstərir ki, sürücülər daha məsuliyyətli olmalıdırlar. Əgər sükan arxasında olan hər hansı sürücü yol-nəqliyyat hadisəsi törədərsə, birmənalı şəkildə günahkar hesab olunacaq və zərərli tarixçə məhz onun FİN koduna tətbiq ediləcək”, – deyə Emil Ağabağırov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »