Ukrayna Müdafiə Nazirliyi bəyan edib ki, istifadə müddəti yaxın zamanda başa çatacaq, o cümlədən “Patriot” zenit-raket kompleksləri üçün nəzərdə tutulmuş raketləri əldə etmək imkanına malikdir.
Bizimyol.info xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy Kiyevdə keçirilən brifinqdə bildirib ki, ölkə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi istiqamətində yeni razılaşmalar əldə edib.
“Prezidentin Londona və Tallinə son səfərləri zamanı müttəfiqlərlə aparılan danışıqlarda hava hücumundan müdafiə sahəsində bir sıra yeni qərarlar qəbul edilib”, – deyə o qeyd edib.
Tixiyin sözlərinə görə, hazırda əsas prioritet bu qərarların mümkün qədər tez həyata keçirilməsidir.
“Biz həm sistemlər, həm də raket-interseptorlar üzrə əlavə imkanlar əldə etmişik. Bəzi ölkələrlə əməkdaşlıq nəticəsində bu resurslar tapılıb və onların maliyyələşdirilməsi üzərində aktiv iş aparılır. Artıq müəyyən vəsaitlər də təmin olunub”, – deyə o əlavə edib.
O həmçinin bildirib ki, istifadə müddəti yaxın zamanda bitəcək bəzi raket-interseptorların da Ukraynaya verilməsi üçün danışıqlar aparılır.
“Bu raketlərin istifadə müddəti başa çatdıqdan sonra onların taleyi ya istehsalçıya qaytarılmaq, ya da məhv edilmək olur. Biz isə təklif edirik ki, onlar Ukraynaya verilsin”, – deyə XİN rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, söhbət “Patriot” sistemləri üçün "PAC-2"və "PAC-3" tipli raketlərdən və digər analoji interseptorlardan gedir.
Eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenski Avropanın ABŞ istehsalı “Patriot” sistemlərindən asılılığı azaltmaq üçün özünün anti-ballistik müdafiə sistemini yaratmasının vacibliyini bildirib. Onun sözlərinə görə, bu layihə üzərində iş artıq aparılır və bir il ərzində həyata keçirilməsi hədəflənir.
Bizimyol.info






