Böyük Britaniya İsrailin bir vətəndaşı və altı şirkətinə Qərb Sahilindəki fəaliyyəti ilə bağlı sanksiyalar tətbiq edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi tərəfindən yenilənmiş Qlobal sanksiya rejimində hüquq pozuntuları kontekstində açıqlama verilib.
Sanksiyalar İsrail vətəndaşı İtamar Yehuda Levi və onun rəhbərlik etdiyi Eyal Hari Yehuda şirkətinə şamil olunub. Şirkətin Qərb Sahilində tikinti, dağıtım işlərinə dəstək verdiyi, Fələstin torpaqlarını və mülklərini məhv etdiyi, hənçinin fələstinlilərə qarşı fiziki hücumlar, silahlı atışlar, eləcə də qətllərlə əlaqəli olduğu bildirilir. Bu fəaliyyət nəticəsində geniş miqyaslı məcburi köçürmələr də baş verib.
Siyahıya həmçinin Ahavat Gilad qeyri-hökumət təşkilatı, Ari Yshag, Artzenu, Shivat Zion Lerigvey Admata kənd təsərrüfatı təşkilatları və 70 kənd təsərrüfatı fermasını birləşdirən Fermalar Assosiasiyası daxil edilib. İtamar Yehuda Leviyə həm aktivlərinin dondurulması, həm də Böyük Britaniyaya giriş yasağı tətbiq edilib.
Xarici İşlər Nazirliyi qeyd edib ki, sanksiyalar Avstraliya, Kanada, Yeni Zelandiya, Norveç və Fransa ilə birgə qəbul edilib və məqsəd Qərb Sahilində fələstinlilərə qarşı hücumları maliyyələşdirən və dəstəkləyən şəbəkələrə qarşı yönəlib.
Bundan əlavə, Nazirlik Britaniya şirkətləri üçün İsraillə əməkdaşlıqla bağlı tövsiyələri dəyişdirib: “Biz qeyri-qanuni İsrail məskunlaşmalarında hər hansı iqtisadi və maliyyə əməliyyatları aparmağı ciddi şəkildə tövsiyə etmirik”. Nazirlik vurğulayıb ki, bu məskunlaşmalar beynəlxalq hüquqa görə qanunsuzdur, sülh prosesinə mane olur və İsrail-Fələstin konfliktində “iki dövlət” həllini təhlükə altına qoyur.
Bizimyol.info






