Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİM imtahanları: Kolleclərə yönələn və riyaziyyata görə qrup dəyişən çoxdur
DİM imtahanları: Kolleclərə yönələn və riyaziyyata görə qrup dəyişən çoxdur

Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanları hər il bu vaxtlar cəmiyyətin diqqət mərkəzində olur. Yüz mindən çox məktəbli, keçmiş məzun ali və orta təhsil müəssisələri üçün mübarizəyə qoşulur. Üstəlik, 9-cu siniflərin buraxılış imtahanları var.

Bizimyol.info xəbər verir ki, yazda 11 illik təhsil səviyyəsinə uyğun buraxılış imtahanlarında 131 min 887 abituriyent iştirak etmişdi. İmtahan iştirakçılarının 13 min nəfərdən çoxu rus bölməsinin təmsilçisi olub. Təxminən 10 min nəfər kolleclərə qəbul müsabiqəsinə qoşulmaq istəməyib. Amma buraxılış imtahanlarından sonra vəziyyət dəyişib. Kolleclərə yönələnlərin sayı çox olub.

Ali təhsilin I-IV ixtisas qrupları üzrə birinci cəhd test imtahanına qeydiyyatdan keçənlərin sayı 100 min nəfərə çatmayıb. Cəmi 97 min 383 abituriyent ali təhsil iddiasını ortaya qoyub. Qalan şəxslərin əksəri kolleclərə qəbulla kifayətlənib. Əlbəttə, V ixtisas qrupu üzrə uğur qazanmağa çalışanlar da az olmayıb. Unutmayaq ki, bu ixtisas qrupu üzrə mübarizəyə qoşulanların blok imtahanlarına ehtiyacı yoxdur. Onları yalnız qabiliyyət imtahanı gözləyir.

Birinci cəhd imtahanında iştirak edənlərdən 34011 nəfər I, 28507 nəfər II, 28341 nəfər III, 6524 nəfər IV ixtisas qrupu üzrə gücünü sınamaq qərarına gəlmişdi. Amma mayın 24-dən sonra ümumi mənzərədə dəyişiklik olub. İkinci cəhddə birdən-birə III ixtisas qrupuna müraciət edənlərin sayının II ixtisas qrupunu seçənlərdən təxminən 6 min nəfər çox olması diqqət çəkib. Ekspertlər hesab edir ki, riyaziyyat suallarının çətinliyi belə mənzərə yaradıb. II ixtisas qrupu üzrə blok imtahanı verənlər əsas iki fəndən biri sayılan riyaziyyatdan yaxşı nəticə əldə etmədiklərindən, III qrupa üz tutublar. Amma iş orasındadır ki, DİM bu il bu qrupun əsas fənlərindən olan Azərbaycan dilindən də sualları çətinləşdirib. Hələ buraxılış imtahanlarında bununla bağlı narazılıq vardı. İmtahan iştirakçıları hesab edirdilər ki, ana dili sualları lazım olandan çox vaxt tələb edir. Hətta riyaziyyat müəllimlərinin də oxşar gileyi nəzərə çarpırdı. Azərbaycan dili sualları mürəkkəb olduğundan, bir sıra abituriyentlər digər fənlərə lazımi diqqət göstərə bilməmişdi.

İkinci cəhd imtahanı üçün 71 min 890 abituriyent qeydiyyatdan keçib. İmtahan iyulun 5-də baş tutacaq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »