Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mənzillər bahalaşır: Yeni tikilən binalarda da kredit qiymətləri yüksəkdir
Mənzillər bahalaşır: Yeni tikilən binalarda da kredit qiymətləri yüksəkdir

Bakıda, Abşeron yarımadasında getdikcə mənzil əldə etmək daha əlçatmaz olacaq. İndidən bu proqnozu rahatca vermək mümkündür. Çünki mənzillər hər rüb diqqət çəkmədən bahalaşır. Bir də onda xəbər tuturuq ki, neçə ay əvvəl planlaşdırdığımız varianta indi yaxına düşmək olmur. Qiymətlər real gəlirlərdən çox uzaqlaşıb.

Bizimyol.info xəbər verir ki, Bakıda əvvəllər birotaqlı mənzilin qiymətinin 100 min manatdan aşağı olduğunu demək mümkün idisə, indi azı 110 min manatdan danışmağa dəyər. Daha ucuz təklif olunan variantlar ənənəvi layihələrdən uzaqdır. Yəni layihəyə hər hansı şəkildə müdaxilə olunub. “Leninqrad” layihəli və ya yeni tikilən binalarda birotaqlı mənzillər 130-150 min manat civarında təklif edilir. Daha ucuz mənzili beşmərtəbəli binalarda tapmaq olar. Xüsusilə birinci və beşinci mərtəbələrə üstünlük verməklə.

Bakının mərkəzində fərdi yaşayış evlərinin sökülməsi qiymətlərə çox təsir göstərib. Məhz bu amil bazarın fəallığının azalmasına imkan vermir. Evlərini satan sakinlər yeni mənzil axtarışına çıxırlar. Üstəlik, intensiv yağışlara görə subasmalar mənzillərə marağı artırıb.

Paytaxtın əlverişli yerlərində yeni binaların inşası üçün torpaq sahələri qalmayıb. Ümid yalnız fərdi yaşayış evlərinin sökülməsinədir. Belə şəraitdə mənzillərin uyğun qiymətə olmasından söhbət gedə bilməz. Buna görə də Xırdalanda, Masazırda müəyyən kredit şərtləri ilə təmirsiz mənzil əldə etmək populyardır. Həmin ərazilərdə də qiymətlər aşağı deyil. Xırdalanın Ceyranbatan Su Anbarına yaxın yerlərində hələ yenicə inşasına başlanan binalarda hər kvadratmetrə görə azı 1400 manat istənilir. Masazır gölünün yaxınlığında qiymət bir az da yüksəkdir. Bakı–Quba-Rusiya Federasiyası yoluna yaxın ərazilərdə qiymət 2000 manata lap yaxınlaşır.

Belə görünür ki, mənzillər bahalaşmaqda davam edəcək. Bölgələrdə iş imkanları məhduddur, kəndlər boşalır. İnsanlar Bakıda, Abşeron yarımadasında iş tapmaqla həyatda qalmağa ümid edir. Elə kirayə mənzillərinin qiymətini sürətlə artıran da bu amildir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »