Təəssüf ki, “şortik qalmaqalı” hər dəfə yeni bir hadisə ilə gündəmə gəlir.
Xatırlayırsınızsa, geniş müzakirələrə səbəb olan qalmaqallardan biri 2018-ci ildə metroda baş vermişdi. Gənc qız şortik geyindiyinə görə sərnişinlərdən biri ona irad bildirmiş, daha sonra orta yaşlı bir qadın ona fiziki təzyiq göstərmişdi. Həmin görüntülər sosial mediada ciddi tənqid olunmuşdu.
Şortik məsələsi ali təhsil ocaqlarında da müzakirə mövzusu olub. Bəzi universitetlərdə tələbələrə şortiklə gəlmək qadağan edilmişdi.
4-5 il öncə İsmayıllı rayonunun Qalacıq kəndinə səfər edən bir gənc də şortik geyindiyinə görə problemlə üzləşmişdi. Kənd sakini onunla mübahisə edərək bu formada kənddə gəzməyin düzgün olmadığını bildirmişdi. Gənc isə Şəlaləyə getmək üçün gəldiyini, heç kəsi təhqir etmədiyini demişdi. Hətta sürücünün onu şortikdə olduğu üçün maşına götürmədiyini də bildirmişdi. Məlum olmuşdu ki, həmin kənddə xarici turistlər də oxşar təzyiqlərlə üzləşiblər və polis məsələyə müdaxilə etməli olub.
Keçən il Gəncədə isə 54 yaşlı bir kişi həyətə şortiklə düşdüyünə görə bıçaqlanmışdı.
Bir neçə gün öncə İçərişəhərdə də şortiklə gəzən gənclə yaşlı kişi arasında mübahisə baş verdi. Gənc hadisəni telefonla çəkərək ona yaxınlaşmamasını deyirdi. Yaşlı kişi isə onu həmin məhəllədə görmək istəmədiyini bildirir və söyüş söyürdü. Hadisə sosial mediada geniş müzakirələrə səbəb oldu.
Özü də harada turistlərin ən çox üz tutduğu İçərişəhərdə. Günün istənilən saatında orada müxtəlif geyimdə insanlar görmək mümkündür. O zaman sual yaranır: digər insanlarla, turistlərə də eyni münasibət göstərilirmi? Üstəlik, videonu yayan şəxs özünün İçərişəhər sakini olduğunu bildirir.
Yalnız geyim üzərindən qarşıdurma yaratmaq nə dərəcədə doğrudur? Mən həmin şəxsi tanımıram, görüntünü sosial mediada izləmişəm. Onun söyüş söyməsi heç də haqlı olduğu anlamına gəlmir.
Təbii, açıq-saçıq geyim hər zaman, hər yerdə düzgün qəbul olunmur. Bu mövzuda qarşılıqlı hörmət vacibdir. Əsas məsələ isə geyimi düzgün daşımaqdır.
Bu gün isə 62 yaşlı həmin şəxs söyüş söydüyünə görə Azərbaycan xalqından və gəncin valideynlərindən üzr istəyib. Bildirib ki, əsəbi halda danışıb. Eyni zamanda qeyd edib ki, məsələ şortik geyinilməsi ilə bağlı deyil, hər kəs istədiyi kimi geyinə bilər. Onun fikrincə, söhbət kiminsə məhəlləsində müəyyən formada oturmağın düzgün sayılmamasından gedir və bu irad təkcə həmin gəncə deyil, ümumilikdə bütün gənclərə aiddir. Yəni bir sözlə gənclər oturuşuna diqqət etməlidir deyib.
Əlbəttə, tərbiyə ailədən başlayır. Bu gəncləri böyüdən tərbiyə edən elə böyüklərdi. Onlara nümunə olmalıdırlar. Ağıllı böyük olmayan yerdə, ağıllı cavan da olmaz. Gənclər səhv edə bilərlər, asi də ola bilərlər, çünki onlar hələ öyrənirlər. Böyüklərin həyat təcrübəsi ilə onlarınkı bir deyil axı.
Yaşca böyük insanların onlara anlayış və qayğı ilə yanaşması vacibdir. İnsanları dava-dalaşla, hərbə-zorba gələrək yox, xoş sözlərlə ram etmək olar. Bəzən bir xoş söz, mehriban bir yanaşma sərt iraddan daha çox təsir göstərə bilər.
Günel Həsənova, Bizimyol.info






