Dəyişikliklərə əsasən, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyinə 1-ci kateqoriya dövlət orqanı statusu verilir ki, bu da onun idarəetmə sistemindəki mövqeyini daha da gücləndirir.
Eyni zamanda nümayəndə və onun müavinləri “Dövlət qulluğu haqqında” qanunun ümumi təsnifatından çıxarılaraq xüsusi statuslu vəzifələr kimi müəyyənləşdirilir. Bu addım Naxçıvanda icra hakimiyyətinin daha mərkəzləşdirilmiş və birbaşa Prezidentə tabe olan idarəetmə modelinə keçidini sürətləndirən amillərdən biri kimi qiymətləndirilir.
- Bəs bu islahat Naxçıvanın idarəetmə modelində uzunmüddətli perspektivdə hansı institusional dəyişiklikləri formalaşdıra bilər?
Hüquqşünas Xəyal Bəşirov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Naxçıvanda son dövrlərdə kifayət qədər ciddi dəyişikliklər həyata keçirilib.
“Naxçıvan Konstitusiyasına dəyişikliklər edilib. Eyni zamanda, Naxçıvanda ən ali vəzifəli şəxsin Prezidentin xüsusi nümayəndəsi kimi müəyyənləşdirilməsi, onun rəhbərlik etdiyi nümayəndəliyə birinci kateqoriya dövlət orqanı statusunun verilməsi, həmçinin xüsusi nümayəndə və onun müavinlərinin Dövlət qulluğu haqqında Qanunun ümumi təsnifatından çıxarılaraq xüsusi statuslu vəzifəli şəxslər kimi müəyyənləşdirilməsi onu göstərir ki, Azərbaycan dövlətinin Naxçıvanla bağlı həm qanunvericilik, həm də kadr siyasəti baxımından xüsusi gözləntiləri var”, – deyə hüquqşünas qeyd edib.
Xəyal Bəşirovun sözlərinə görə, əvvəlki dövrlərdə həm xüsusi nümayəndələrin, həm də Naxçıvan rəhbərliyinin fəaliyyətinə dair yaranmış narazılıqlar bu islahatları zəruri edib.
“Artıq ölkə rəhbərliyi bu istiqamətdə daha həssas yanaşma ortaya qoyur. Çünki Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və dövlətimizin bu bölgəyə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşdığının şahidi olmuşuq”, – deyə o vurğulayıb.
Hüquqşünas hesab edir ki, həyata keçirilən dəyişikliklər həm də xüsusi nümayəndəlik institutunun daha da inkişaf etdirilməsi və təşviq olunmasına xidmət edir.
“Azərbaycanda uzun müddətdir rayon və şəhər icra hakimiyyəti institutlarının gələcəkdə xüsusi nümayəndəliklərlə əvəz olunacağı barədə fikirlər səsləndirilir. Hələlik bununla bağlı konkret addım atılmasa da, işğaldan azad edilmiş ərazilərdə və Naxçıvanda bu modelin tətbiqi müəyyən nəticələr verir”, – deyə Bəşirov bildirib.
Onun fikrincə, nümayəndəlik institutunun tətbiqi böyük ölçüdə özünü doğruldur.
“Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən xüsusi nümayəndəliklərlə bağlı ciddi etimad problemlərinin və ya xoşagəlməz halların şahidi olmamışıq. Bu model müəyyən mənada eksperiment xarakteri daşıyır və gələcəkdə xüsusi nümayəndəlik institutunun ölkənin digər ərazilərində də tətbiqi üçün əsaslardan birinə çevrilə bilər”, – deyə hüquqşünas qeyd edib.
Xəyal Bəşirov hesab edir ki, verilən xüsusi statusun və göstərilən etimadın nəticələrini zaman göstərəcək.
“İstənilən vəzifədə əsas amil həmin vəzifəni daşıyan şəxslər və onların fəaliyyətidir. Etimadın artması və ya azalması da birbaşa onların fəaliyyətindən asılıdır. Ümid edək ki, kadrlarımız onlara göstərilən etimadı doğruldacaq, Azərbaycan dövlətinin gözləntilərinə uyğun fəaliyyət göstərəcək və bu istiqamətdə uğurlu nəticələr ortaya qoyacaqlar”, – deyə Xəyal Bəşirov bildirib.
İradə Cəlil, Bizimyol.info






