Böyük Britaniya hökuməti ictimai iğtişaşlar və böhran dövrlərində sosial şəbəkələrdə yayılan dezinformasiyanın qarşısını almaq üçün yeni addımlar atmağa hazırlaşır.
Bizimyol.info xəbər verir ki, texnologiyalar naziri Liz Kendall bildirdiyinə görə, hökumət xüsusilə ictimai təhlükəsizlik risk altında olduğu vaxtlarda sosial media platformalarının məsuliyyətini artırmaq istəyir.
Mövzu Sauthemptonda Henri Novakın ölümündən sonra baş verən iğtişaşlar fonunda yenidən gündəmə gəlib. Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar və paylaşımlar, xüsusilə də Elon Maskın "X" platformasındakı fəaliyyəti geniş müzakirələrə səbəb olub.
Kendall deyib ki, hökumət yalnız etibarlı informasiya mənbələrinin gücləndirilməsini deyil, həm də istifadəçilərə sosial media alqoritmlərini “yenidən sıfırlamaq” imkanı yaradılmasını nəzərdən keçirir. Nazir hesab edir ki, bir çox insan nifrət və manipulyasiya xarakterli məzmunun davamlı şəkildə qarşılarına çıxdığını düşünür və platformalar istifadəçilərə daha çox nəzarət imkanı verməlidir.
Parlamentin Elm, İnnovasiya və Texnologiya Komitəsi də hökuməti daha sərt addımlar atmağa çağırıb. Komitənin hesabatında qeyd olunur ki, sosial media şirkətlərinin tövsiyə alqoritmləri yanlış və nifrət dolu məlumatların sürətlə yayılmasına səbəb olur. Hesabat müəllifləri Onlayn Təhlükəsizlik Aktını qeyri-kafi hesab edir və qanunda ciddi boşluqların olduğunu bildirirlər.
Baş nazir Kir Starmer isə Elon Maskı ölkənin daxili siyasətinə müdaxilə etməkdə ittiham edib. Bununla belə, Liz Kendall sosial mediadan geri çəkilməyəcəyini vurğulayaraq bildirib ki, hökumət “nifrəti deyil, ümidi təmsil edən mesajları” çatdırmağa davam edəcək.
Ekspertlər hesab edir ki, süni intellekt və sosial media texnologiyalarının sürətli inkişafı fonunda hökumətlərin mövcud qanunvericiliyi yeniləməsi artıq qaçılmazdır.
Qadir, Bizimyol.info






