Avropa İttifaqı (Aİ) liderləri üzvlük danışıqları davam edən namizəd ölkələrə tam üzvlükdən əvvəl müəyyən iqtisadi və siyasi üstünlüklərin verilməsini nəzərdə tutan yeni yanaşmanı müzakirə etməyə başlayıblar.
Bizimyol.info xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, Fransa və Almaniya tərəfindən hazırlanmış təklif dünən Monteneqronun Tivat şəhərində keçirilən liderlər toplantısından əvvəl gündəmə gətirilib.
Təklif çərçivəsində Qərbi Balkan ölkələrinə üzvlük prosesini tamamlayana qədər Aİ institutlarında müşahidəçi statusunun verilməsi və Birliyin Vahid Bazarına məhdud çıxış imkanının yaradılması planlaşdırılır.
Estoniyanın Baş naziri Kristen Mixal görüşlərdən sonra verdiyi açıqlamada bildirib ki, namizəd ölkələrə verilən öhdəliklər yerinə yetirilməlidir və bu təklif müzakirəyə dəyər.
Onun sözlərinə görə, islahatlar və üzvlük prosesi çərçivəsində görülən işlərin konkret nəticələrinin görünməsi namizəd ölkələrin motivasiyasını artıracaq.
Qərbi Balkanlarda Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və Serbiya uzun illərdir Aİ-yə üzvlük üçün danışıqlar aparır. Dünən keçirilən sammitdə liderlər genişlənmə prosesinin daha sürətlə irəliləməsinin vacibliyi ilə bağlı ortaq mövqe nümayiş etdiriblər.
Toplantıya ev sahibliyi edən Monteneqro isə tam üzvlükdən daha aşağı statuslu inteqrasiya modelinə daxil olmaq istəmədiyini açıqlayıb.
Digər tərəfdən, bəzi namizəd ölkələr tam üzvlükdən əvvəl iqtisadi üstünlüklərdən yararlanmaq ideyasına müsbət yanaşır. Albaniyanın Baş naziri Edi Rama daha əvvəl mərhələli inteqrasiya yanaşmasını “yaxşı fikir” kimi qiymətləndirmişdi.
Bizimyol.info






