Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna dronları gecə saatlarında Rusiya ərazisində bir sıra strateji hədəflərə zərbələr endirib.
Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, pilotsuz uçuş aparatları Sankt-Peterburq bölgəsinə qədər – təxminən 1000 km məsafə qət edərək Rusiya Hərbi Dəniz Donanmasına (VMF) məxsus anbarlara və Kronştadt bazasına hücum edib. Eyni zamanda, digər dronlar təxminən 500 km məsafə qət edərək Krasnodar vilayətində neft bazasını vurub.
Zelenski bildirib ki, bu əməliyyatlar Ukrayna Silahlı Qüvvələri, Təhlükəsizlik Xidməti (UTX) və Baş Kəşfiyyat İdarəsinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib.
Prezident vurğulayıb ki, zərbələr Rusiyanın davam edən hərbi təcavüzünə cavab xarakteri daşıyır: “Rusiya rəhbərliyi müharibəni davam etdirmək istəyir. Buna görə də Ukraynanın cavab tədbirləri – bizim sanksiyalarımız – işləyir”, - deyə qeyd edib.
Zelenski əlavə edib ki, Ukrayna ordusu mülki əhalini hədəf almır, lakin hərbi infrastruktur və logistik obyektlərə cavab zərbələri endirilməkdə davam edəcək: “Rusiya müharibəni dayandırmalı və hücumları bitirməlidir. Ukraynaya qarşı hər bir ədalətsiz hərəkət ədalətli cavab alacaq”, - deyə əlavə edib.
Rusiya ərazisinə dron hücumları son günlər intensivləşib. Daha əvvəl Saratovda neft emalı zavodunun dron zərbəsindən sonra yanğına məruz qaldığı bildirilmişdi. Həmin obyektin Rusiya ordusunun yanacaq təminatında rol oynadığı qeyd olunur.
Bundan başqa, Ukrayna dronlarının həm Rusiya daxilində, həm də işğal olunmuş ərazilərdə müxtəlif hədəflərə hücum etdiyi barədə məlumatlar yayılıb. Məsələn, Mariupolda liman ərazisində yanğın baş verdiyi və şəhər üzərində tüstü sütununun göründüyü bildirilir.
Qadir, Bizimyol.info






