Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım paketini müzakirə edir
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım paketini müzakirə edir

NATO ölkələri Ukraynaya hərbi ehtiyaclar üçün 70 milyard avro həcmində yeni maliyyə yardımı ayrılması təşəbbüsünü müzakirə edir.

Bizimyol.info xəbər verir ki, bu barədə mənbələrə istinadən "Politico" nəşri məlumat yayıb.

Məlumata görə, yardım paketi ilə bağlı rəsmi açıqlama iyul ayında Ankarada keçiriləcək NATO liderlərinin sammiti zamanı verilə bilər.

Yeni təşəbbüs may ayında Almaniya hökuməti tərəfindən irəli sürülüb. Təklif NATO daxilində hansı ölkənin Ukraynaya nə qədər dəstək verdiyini daha şəffaf şəkildə göstərən yeni mexanizmlərin yaradılmasını nəzərdə tutur.

Mənbələrin sözlərinə görə, bəzi Avropa ölkələri indiyədək Kiyevə dəstək yükünün qeyri-bərabər bölüşdürüldüyündən narazılıq edirdi. Buna görə də yeni mexanizmin məqsədi yardımın daha davamlı və ədalətli əsaslarla həyata keçirilməsini təmin etməkdir.

“Əsas məqsəd Ankaradakı sammitin yekununda Ukraynaya dəstəyin davam etdirilməsi ilə bağlı möhkəm öhdəliyin formalaşdırılmasıdır”, – deyə mənbələrdən biri bildirib.

Verilən məlumata görə, Ukraynaya dəstək məsələsi 7–8 iyul tarixlərində keçiriləcək NATO sammitinin əsas mövzularından biri olacaq.

“Hazırda Ukraynaya güclü dəstəyin davam etdirilməsi və bu yükün müttəfiqlər arasında daha ədalətli bölüşdürülməsi ilə bağlı müzakirələr aparılır”, - deyə NATO nümayəndəsi bildirib.

Daha əvvəl NATO-nun baş katibi Mark Rutte üzv ölkələrə Ukraynaya dəstək məqsədilə ÜDM-in 0,25%-i həcmində müntəzəm maliyyə ayırmağı təklif etmişdi. Lakin bu təşəbbüs qəbul edilməmişdi.

Hazırda alyans daxilində əsas diqqət Almaniyanın hazırladığı yeni plana yönəlib. Mənbələr bildirirlər ki, müzakirələr hələ ilkin mərhələdədir, lakin iyunun sonunda keçiriləcək müdafiə nazirlərinin görüşündə konkret razılaşmanın əldə olunması mümkündür.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »