Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
CNN və Göbbels: Azərbaycana qarşı növbəti yalan iddialar
CNN və Göbbels: Azərbaycana qarşı növbəti yalan iddialar

CNN World bir məlumat yayıb, bir neçə başqa media orqanı da o yazını dərc edib.

  • Söhbət nədən gedir?

ABŞ-İsrail tandeminin İrana qarşı müharibə apardığı dövrdə İsrail dövləti guya Azərbaycanın ərazisində elit hərbi qüvvələr, kəşfiyyat qrupları yerləşdirib. Guya onlardan bəziləri İranla sərhəddə yaxın ərazilərə göndərilib və yenə də guya hansısa hərbi və kəşfiyyat fəaliyyəti olub və sair.

Azərbaycanın Xarici İşlər Nazirliyi, təbii ki, bunu dərhal və qətiyyətlə təkzib edib. Nazirliyin Mətbuat katibi Ayxan Hacızadənin yaydığı bəyanatda deyilir: "5 iyun tarixində 'CNN World' xəbər kanalının internet səhifəsində dərc olunmuş məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, guya İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunmuş iddialar tamamilə əsassızdır və onları qətiyyətlə rədd edirik.

Sözügedən məqalədə yer alan iddialar Azərbaycan tərəfindən dəfələrlə təkzib edilmiş və bu mövqe CNN-in sorğusuna cavab olaraq əvvəlcədən redaksiyaya rəsmi qaydada təqdim edilib.

Heç bir tutarlı sübut ortaya qoyulmadan, anonim mənbələrə əsaslanan və Azərbaycanın rəsmi mövqeyini nəzərə almayan iddiaların yayımlanması jurnalistikanın obyektivlik, qərəzsizlik və peşəkar etika prinsipləri ilə ziddiyyət təşkil edir.

Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə edilməsi barədə iddiaların heç bir əsası yoxdur. Ölkəmiz bu kimi fəaliyyətlərə heç vaxt icazə verməyib və verməyəcək".

Bunlar, dediyimiz kimi, Azərbaycan XİN-in, yəni Azərbaycan dövlətinin rəsmi mövqeyidir.

Xəbərin özündə Azərbaycanın ABŞ-dakı Səfirliyinə istinadla iki-üç cümlə verilib, bu da olub mövqe öyrənmək.

Əslində buna heç xəbər də demək olmaz. CNN özü bunu jurnalist araşdırması kimi təqdim edir. Ancaq bu material heç araşdırma da deyil.

Araşdırma odur ki, iddiaları təsdiqləyən təkzibedilməz dəlillər olsun. Nə Azərbaycan dövləti, nə İsrail, nə ABŞ bu iddiaları təsdiqləyən hər hansı açıqlama, şərh verməyiblər. BBC, Reuters, AP, Euronews və sair kimi iri beynəlxalq media quruluşları da bu xəbəri ayrıca istinadla yaymaylblar. Hətta İranın rəsmi və yarımrəsmi media mənbələri də bu xəbəri çox da ciddiyə almayıb.

Yeri gəlmişkən, ABŞ prezidenti Donald Tramp CNN-i dəfələrlə tənqid, hətta ittiham edib. O, bu media quruluşunu "Fake News CNN" ("Saxta Xəbər CNN") adlandırıb. Eyni zamanda korrupsiyalaşmış xəbər kanalı kimi xarakterizə edib.

Bu da səbəbsiz deyil. Çünki CNN daha çox liberal kanal kimi qəbul olunur, bu media quruluşuna münasibət siyasi mənsubiyyətə görə dəyişir. Demokratlar CNN-ə daha çox inanır, Respublikaçılar az inanır, müstəqil mənbələrdə qarışıq (orta səviyyədə) münasibət var. Mötəbər sorğuların nəticələrinə görə, CNN-ə etibar orta səviyyədədir.

Ümumiyyətlə, ABŞ mediasına inam çox azalıb. Əgər 1970-80-ci illərdə cəmiyyətin 65-70 faizi öz mediasına inanırdısa, 2000-ci illərdə bu rəqəm 40-50 faizə, sonrakı illərdə isə 30 faizə və hətta daha aşağı enib. CNN də daxil olmaqla, ABŞ mediasına güvənin sarsılması bu cür təsdiqlənməmiş xəbərlərin yayılması, faktların yoxlanılmaması, təsdiqlənməmiş xəbərlər yaymaları və ən əsası da siyasi tərəfsizliyin itirilməsidir. CNN Azərbaycana və Türkiyəyə, ümumiyyətlə, türk dünyasına, müsəlman ölkələrinə düşməncəsinə münasibəti ilə seçilən Cozef Baydeni Trampa qarşı dəstəkləyib. Eyni zamanda faktik olaraq, şaiyə yaymaqla məşğuldur. Azərbaycana aid sözügedən "xəbər" də bunu göstərir. Guya araşdırma aparlblar. 4 anonim mənbəyə istinad edirlər. Adı üstündədir: anonim. Bilinmir, hansı ölkənin mənbələridir, kim verib bu məlumatı, nə dərcədə etibarlıdır, özü şahidi olub, ya kimdənsə eşidib?! Adı çəkilən - "xəbər"in guya aid olan ölkələrin rəsmi qaynaqları bu iddiaları doğrulamır, əksinə Azərbaycan təkzib edib, ABŞ, İsrail, İran mənbələri də, ümumiyyətlə, heç şərh eləmir.

CNN iddia edir ki, araşdırma aparıb. Hansı araşdırmadan söhbət gedir?! Bu, necə araşdırmadır ki, "araşdırıb", ortaya fakt deyil, şaiyə çıxarıb. Yalanı elə araşdırmasız da yazmaq olur. Dezinformasiya yayırsansa, daha nəyi "araşdırırsan"?

Nasist Almaniyasının təbliğat naziri Yozef Göbbels demişdi: "Yalanı elə demək lazımdır ki, inanmaqdan başqa çarə qalmasın".

CNN məhz Göbbelsin "prinsipi" ilə hərəkət edir. Bu, əslində prinsipsizlikdir.

Azərbaycan dəfələrlə bu cür saxta, əsassız şəkildə ittiham edilib, dəfələrlə təkzib edib. Hətta müxtəlif ölkələrlə imzaladığı sənədlərdə də təsbit edib: öz ərazisindən üçüncü ölkələrə qarşı hər hansı hərbi və sair fəaliyyətlərə imkan verməyəcək. Azərbaycana qarşı bu səpkidə iddia irəli sürənlər heç vaxt heç bir sənədli sübut, orjinal videogörüntü, yaxud fotomaterial təqdim edə bilməyiblər. Xüsusilə, CNN yoxlamadan xəbər yayır, sonra hər hansı şərh, açıqlama alıb, əlavə edir. Bunu bir çox hallarda medianın operativliyi kimi qələmə verməyə çalışlrlar. Ancaq verilən təsdiqlənmiş informasiya deyilsə, operativlik nəyə dəyir?! Dezinformasiyanı hamıdan tez yaymağın rəqabəti gedir?! Bu, necə mediadır, necə yanaşmadır?! Belə çıxır ki, jurnalistikanın əsas - təməl prinsipləri olan obyektivlik, dəqiqlik, qərəzsizlik, vicdanlılıq operativliyə qurban verilir. CNN-in hazırda etdiyi məhz budur.

CNN-i, eləcə də, onun dezinformasiyasını tirajlayan bir neçə başqa xırda-para xarici "media" resurslarını birtəhər "başa düşərik", bəs xaricdə gizlənən o Azərbaycanlılara nə düşüb, bu yalanı yayırlar?! Ölkədən çıxıb getmək Azərbaycanlı olmaqdan çıxmaq deyil axı. Lap tutaq ki, Azərbaycanlı olmaqdan da imtina ediblər, bəs insanlığa nə söz?! Bu cür təxribatçı yazılarla Azərbaycanı hədəfə gətirmək, iki qonşu ölkə arasında nifaq salmaq cəhdləri - "qaşınmayan yerdən qan çıxarmaq" həvəsi hansı insanlığa sığır?!

Məncə, cavablar sualların özündədir və heç bir əlavə şərhə gərək yoxdur.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »