Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dondurma yeyərkən nəyə diqqət etmək lazımdır? - Qida ekspertindən tövsiyə
Dondurma yeyərkən nəyə diqqət etmək lazımdır? - Qida ekspertindən tövsiyə

Dietoloq Olqa Yamilovanın sözlərinə görə, dondurma hər kəs üçün uyğun deyil və bəzi sağlamlıq problemləri olan insanlar üçün risk yarada bilər.

Bizimyol.info xəbər verir ki, mütəxəssisin sözlərinə görə, süd zülalına allergiyası olan şəxslər dondurma qəbul etməməlidir. Laktoza dözümsüzlüyü olanlar isə yalnız laktozasız variantlara üstünlük verməlidirlər.

Həkim həmçinin vurğulayıb ki, piylənmə və şəkərli diabetdən əziyyət çəkən insanlar dondurmanın qəbulunu minimuma endirməlidirlər.

Bundan əlavə, mütəxəssis dondurma seçərkən tərkibə diqqət etməyi tövsiyə edib. Onun sözlərinə görə, ideal dondurma sadə tərkibli olmalıdır: süd, qaymaq və şəkər.

Dondurmanın tərkibində allergiyaya səbəb ola biləcək hansı maddələr var?

Bu barədə Bizimyol.info xəbər portalına qida eksperti Fərid Səfərov bildirib ki, allergiyaya bir çox məhsullar səbəb ola bilər: “Dondurmanın tərkibində allergik reaksiyaya səbəb ola biləcək bir neçə maddə ola bilər. Ən çox rast gəlinən allergen süd və süd məhsullarıdır. Süd zülallarına (kazein və zərdab zülalları) qarşı allergiyası olan şəxslərdə dondurma qəbulundan sonra səpkilər, qaşınma, şişkinlik, həzm pozğunluqları və digər allergik əlamətlər yarana bilər.

Bundan əlavə, bəzi dondurmalarda istifadə olunan qoz-fındıq məhsulları (fındıq, qoz, badam, püstə və s.), yumurta, soya, şokolad əlavələri və müxtəlif meyvə komponentləri də həssas insanlarda allergik reaksiyalara səbəb ola bilər. Bəzi hallarda rəngləndiricilər, dadlandırıcılar və başqa qida əlavələri də fərdi həssaslığı olan insanlarda xoşagəlməz reaksiyalar yarada bilir”.

Fərid Səfərov əlavə edib: "Allergiyası olan şəxslər dondurma alarkən məhsulun etiketini diqqətlə oxumalı, tərkibindəki allergenlərə xüsusi diqqət yetirməlidirlər. Hər hansı qida allergiyası məlumdursa, həmin maddələri ehtiva etməyən və ya xüsusi olaraq allergenlərdən azad istehsal olunan məhsullara üstünlük verilməsi tövsiyə olunur”.

Sağlam qidalanaraq sağlam yaşayın!

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »