Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əslərdən gələn hüzn, tarix nə deyir?
Əslərdən gələn hüzn, tarix nə deyir?

Qarşıda İslam dünyasında matəm ayları hesab edilən Məhərrəm və Səfər ayları gəlir. Bu aylar əsrlərdir müsəlmanlar tərəfindən hüzn və ehtiram dövrü kimi yad edilir. Bu günlərdə toy etmək və şənlik mərasimləri keçirmək bir çox müsəlman cəmiyyətlərində uyğun hesab olunmur.

Uşaqlıq dövrümü xatırlayıram, bu aylarda bizə televiziyaya baxmaq, musiqi dinləmək belə məhdudlaşdırılırdı. Səbəb kimi İmam Hüseynin (ə) şəhadəti göstərilirdi. Hətta bəzi günlərdə məscidlərdə və ziyarətgahlarda zəncir vurma, qan çıxarma kimi ayinlər icra olunur, mərsiyələr oxunurdu.

Bu gün isə Məhərrəm və Səfər ayları daha çox müasir yanaşmalarla, dini-mənəvi mahiyyətə uyğun şəkildə qeyd edilir.

  • Bəs Məhərrəm və Səfər aylarının müsəlmanlar üçün əsas önəmi nədir?

İlahiyyatçı Ağa Hacıbəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 680-ci ildən bəri İslam ümmətinin yaddaşında dərin bir ağrıya, dərd və yaraya çevrilən Aşura hadisəsi bu gün də müsəlmanların qəlbində matəm və hüzn kimi yaşayır.

Məhərrəm ayı İslamdan əvvəl də müqəddəs sayılan dörd haram aydan biri olub. Cahiliyyə dövründə belə bu aylarda insanlar müharibələri dayandırar, qətllərə və savaşlara son qoyar, Həcc ibadətinin yerinə yetirilməsi üçün şərait yaradardılar. İslam gəldikdən sonra isə bu ənənə daha da möhkəmləndirilmiş, müqəddəs ayların hörməti qorunmuşdur.

Lakin 680-ci ildə Kərbəla faciəsi ilə İslam tarixində yeni və ağır bir səhifə açıldı. Yezid kimi zalım birinin qoşunları İmam Hüseyn (ə) və onunla birlikdə olan 72 nəfər tərəfdarını şəhid etdi və bu hadisə ümmətin yaddaşında silinməz iz buraxdı. Bu faciə təkcə bir döyüş deyil, ədalət, haqq və mənəvi dəyərlər uğrunda verilən tarixi mübarizənin simvoluna çevrildi”, – deyə ilahiyyatçı bildirib ki, həmin vaxtdan sonra müsəlmanlar bu böyük faciəni hüzn, kədər və qüssə ilə yad edirlər.

İlahiyyatçı bildirib ki, zaman-zaman bəzi insanlar sevgilərini ifrat şəkildə ifadə edərək özlərinə zərər verən davranışlara yol vermiş, özlərini yaralama, zəncirlə vurma, başdan qan çıxarma kimi xoşagəlməz görüntülərlə bu matəmi ifadə etməyə çalışmışlar.

Halbuki Kərbəla məktəbi belə görüntülərə ehtiyac duymur. Bu məktəbin mahiyyəti ədalət, şəfqət, sevgi, Quran dəyərləri və Peyğəmbərin (s) uca əxlaqıdır.

İlahiyyatçının sözlərinə görə, Məhərrəm və Səfər ayları bu səbəbdən bir çox ənənələrdə birlikdə 60 günlük hüzn dövrü kimi yad edilir.

Doğrudur, İslam dinində matəm üç gün olur, lakin bu hadisənin mahiyyəti, çərçivəsi və böyüklüyü sadəcə üç günə sığacaq qədər deyil. Peyğəmbər (s) tərəfindən çox sevilən İmam Hüseynə (ə) qarşı törədilən bu faciənin izləri əsrlər boyu yaşayır. Səfər ayının bu dövrə daxil olmasına dair bir neçə rəvayət mövcuddur. Əslində bunun səbəblərindən biri hadisədən sonra Əhli-beyt xanımlarının, xüsusilə Həzrət Zeynəb (s.ə) başda olmaqla əsir aparılması, Şam (Dəməşq) torpaqlarında yaşadıqları çətinliklər və iztirabların da bu hüznün davamı kimi xatırlanmasıdır”, – deyə ilahiyyatçı bildirib.

O qeyd edib ki, məhz bu səbəbdən bu dövr yalnız bir faciənin deyil, eyni zamanda səbir, müqavimət və haqqın yaşadılması məktəbi kimi İslam tarixində öz yerini qorumaqdadır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »