185 ukraynalı hərbçi 5 iyun tarixində rus əsirliyindən evlərinə qayıdır. Onlarla birlikdə bir nəfər mülki vətəndaş da azad edilir.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Telegram səhifəsində məlumat verib.
Onun sözlərinə görə, azad olunanlar Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın və Dövlət Sərhəd Xidmətinin əsgər və zabitləridir.
"Sadə əsgərlər, serjantlar və zabitlər. Onlar Mariupolda və "Azovstal"da, həmçinin Donetsk, Luqansk, Xarkov, Xerson, Zaporoje, Sumı, Kiyev və Kursk istiqamətlərində dövlətimizi müdafiə ediblər. Onlar arasında 2022-ci ildən rus əsirliyində olanlar da var", – deyə Zelenski bildirib.
Prezident azad edilmə əməliyyatlarında iştirak edən hər kəsə və tərəfdaşlara təşəkkürünü bildirib. Xüsusi təşəkkürünü isə cəbhədə göstərdikləri güc və nəticələr sayəsində digər ukraynalıların evinə qayıtmasına şərait yaradan hərbçilərə yönəldib.
"Çətinliklər davam edir. İnsanlarımızın geri qaytarılması Ukrayna üçün daim prioritetdir. Hər gün hər bir ukraynalını əsirlikdən azad etmək üçün çalışırıq", – deyə o əlavə edib.
Hərbi əsirlərlə bağlı Koordinasiya Ştabı bildirib ki, bu artıq 75-ci əsir mübadiləsidir.
Ştab açıqlayıb ki, azad olunanlar arasında "Azovstal"a hava körpüsü əməliyyatında iştirak edən də var.
Ən gənc azad olunan 26, ən yaşlısı isə 62 yaşındadır. Bugünkü azad olunanlar arasında iki zabit də mövcuddur.
Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə nümayəndəsi Dmitri Lubinets bildirib ki, bu iyun 15 müdafiəçi üçün yalnız evə qayıtmaqla əlamətdar olmayacaq, həm də uzun müddətdən sonra ilk dəfə doğum günlərini yaxınları ilə birlikdə qeyd edəcəklər.
"Bugün həm də ata və oğul evə qayıdır – onlar eyni briqadada Ukraynanı müdafiə ediblər və 2022-ci ildə bir gün fərqlə əsir düşüblər! Onların ailəsini səmimi qəlbdən təbrik edirəm, bu gün onlar üçün ikiqat bayramdır!" – deyə Lubinets yazıb.
Qadir, Bizimyol.info






