Macarıstanın yeni hökuməti Ermənistan və Gürcüstandan olan əmək miqrantlarının ölkəyə girişinə və işə qəbuluna tətbiq edilən sadələşdirilmiş proseduru dayandırıb.
Bizimyol.info xəbər verir ki, Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Vanda Şondinin sözlərinə görə, bu qərar xarici işçilərin məşğulluq qaydalarının yenidən nəzərdən keçirilməsi çərçivəsində qəbul olunub.
“İlk addım kimi hökumət qərarına edilmiş dəyişiklik qüvvəyə minir. Həmin qərara əsasən işəgötürmə agentlikləri üç ölkədən — Filippin, Gürcüstan və Ermənistandan işçiləri sürətləndirilmiş prosedurla kütləvi şəkildə gətirə bilirdi. Bu gündən etibarən həmin ölkələrin vətəndaşları sadələşdirilmiş qaydada Macarıstana gələ bilməyəcəklər. Hazırda ölkədə olan şəxslərin iş icazələrinin uzadılması ilə bağlı müraciətlər isə ümumi prosedur əsasında araşdırılacaq”, — deyə Şondi bildirib. O, məhz bu üç ölkənin seçilməsinin səbəbini açıqlamayıb.
Şondi qeyd edib ki, Peter Madyarın rəhbərlik etdiyi yeni hökumət verdiyi vədə uyğun olaraq, Macarıstanda qastarbayterlərin işə qəbul qaydalarını sərtləşdirir. Onun sözlərinə görə, əvvəlki hökumət bu sahədə “ciddi qarışıqlıq” yaradıb.
Nazirlər Kabinetinin nümayəndəsi bildirib ki, xarici vətəndaşların işə qəbulu müxtəlif nazirliklərin nəzarətində olan 24 əsas üzrə həyata keçirilir və buna görə də hakimiyyət orqanları ölkədə nə qədər əmək miqrantının olduğunu dəqiq müəyyən edə bilmir.
Şondinin sözlərinə görə, əsas problem ondadır ki, xarici işçilər Macarıstan vətəndaşlarından daha aşağı əməkhaqqı ilə işləməyə razı olurlar və bu da ölkədə ümumi maaş səviyyəsinin aşağı düşməsinə səbəb olur.
“Hökumətin məqsədi bunun qarşısını almaqdır. Hazırda uzunmüddətli həll yolları axtarılır, lakin vəziyyət mürəkkəbdir və onu qısa müddətdə həll etmək çətindir”, — deyə o vurğulayıb.
Macarıstanda xarici işçilər bir çox sahələrdə, o cümlədən turizm və restoran biznesində çalışırlar. Daha əvvəl Macarıstan Otellər və Restoranlar Assosiasiyası, eləcə də Turizm və Qonaqpərvərlik Sektorunda İşəgötürənlərin Milli Assosiasiyası yeni hökumətin üçüncü ölkə vətəndaşlarının işə qəbul qaydalarını sərtləşdirmək niyyəti ilə bağlı konstruktiv məsləhətləşmələr aparmağa ümid etdiklərini bildirmişdilər. Onlar bu sahələrdə işçi qüvvəsi çatışmazlığı səbəbindən xarici işçilərə ehtiyac olduğunu da xatırladıblar.
Bizimyol.info






