İranın yeni ali dini lideri ayətullah Müctəba Xamenei müxtəlif cinayətlərə görə məhkum olunmuş 2 mindən çox şəxsin əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsi barədə fərman imzalayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə məlumat onun rəsmi Telegram kanalında yayılıb.
Bildirilir ki, qərar şiələrin mühüm dini bayramlarından biri — Əli ibn Əbu Talibin Məhəmməd peyğəmbərin varisi elan olunması münasibətilə qəbul edilib. Fərmanda bir sıra məhkumların tam əfv olunması, digərlərinin isə cəzalarının yüngülləşdirilməsi nəzərdə tutulur.
Bu, Müctəba Xameneinin İranın ali lideri seçilməsindən sonra imzaladığı ilk amnistiya fərmanıdır. O, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı həlak olan atası ayətullah Əli Xameneinin yerinə hakimiyyətə gəlib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Hücumlar zamanı Tehran da daxil olmaqla ölkənin iri şəhərlərinə zərbələr endirilib. Vaşinqton əməliyyatı İranın raket və nüvə təhlükəsi ilə əsaslandırıb. Həmin hücumlarda ayətullah Əli Xamenei və ölkə rəhbərliyinin bir sıra yüksək vəzifəli şəxsləri həyatını itirib.
Aprelin 7-də ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs rejiminin tətbiq olunduğunu açıqlayıb. Daha sonra isə bu rejimin uzadılmasının planlaşdırıldığını bildirib.
Müctəba Xamenei hələ ictimaiyyət qarşısına çıxmayıb. Mayın 9-da onun ofisinin protokol xidmətinin rəhbəri Mazaher Hüseyni yeni ali liderin sağlamlığının yaxşı olduğunu və ABŞ-İsrail hücumları zamanı aldığı xəsarətlərdən demək olar ki, tam sağaldığını açıqlayıb.
Bizimyol.info






