Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makrondan diqqətçəkən mesaj: Avropa Rusiya ilə dialoq istəyir
Makrondan diqqətçəkən mesaj: Avropa Rusiya ilə dialoq istəyir

Fransa Prezidenti Emmanuel Makron Avropanın Rusiya ilə təhlükəsizlik və regional sabitlik məsələləri üzrə dialoq qurmaqda maraqlı olduğunu bəyan edib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Monteneqroda keçirilən Avropa İttifaqı – Qərbi Balkan sammiti çərçivəsində jurnalistlərə açıqlamasında danışıb.

Makron bildirib ki, Avropa üçün ümumi maraq doğuran mövzular üzrə Moskva ilə strukturlaşdırılmış müzakirələrin aparılması vacibdir. Fransa liderinin sözlərinə görə, bu məsələlər həm Avropanın təhlükəsizlik siyasətini, həm qonşuluq münasibətlərini, həm də Ukraynanın maraqlarının qorunmasını əhatə edir.

“Biz Rusiya ilə ümumi maraqlarımıza aid məsələlər üzrə dialoqun qurulmasında maraqlıyıq. Bu, bizim təhlükəsizlik siyasətimiz, qonşuluq siyasətimiz və əlbəttə ki, Ukraynanın maraqlarının müdafiəsidir”, — deyə Makron qeyd edib.

Fransa prezidentinin açıqlaması Avropada təhlükəsizlik arxitekturası və Rusiya ilə münasibətlərin gələcəyi ətrafında müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir. Son illərdə Ukrayna müharibəsi fonunda Moskva ilə münasibətlərdə ciddi gərginlik yaşansa da, Avropa liderləri regionda uzunmüddətli sabitliyin təmin olunması üçün diplomatik kanalların açıq saxlanmasının vacibliyini vurğulayırlar.

Qeyd edək ki, Monteneqroda keçirilən sammitdə Avropa İttifaqı ilə Qərbi Balkan ölkələri arasında əməkdaşlıq, təhlükəsizlik, enerji və genişlənmə perspektivləri əsas müzakirə mövzularındandır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »