Ukrayna İsveç istehsalı olan “Gripen E” qırıcılarını əldə etməklə hava qüvvələrinin modernləşdirilməsində mühüm addım atır.
Bizimyol.info xəbər verir ki, "Reuters" agentliyinin yaydığı məlumata görə, Kiyev Avropa İttifaqının kredit paketi çərçivəsində ayrılmış 2,5 milyard avro hesabına 20 yeni nəsil “Gripen E” döyüş təyyarəsi almağı planlaşdırır. Bununla yanaşı, İsveç Ukraynaya əvvəlki modifikasiyadan olan daha 16 “Gripen” təyyarəsi təqdim edəcək. Gələcəkdə müqavilənin ümumi həcminin 150 qırıcıya qədər artırılması ehtimal olunur.
Ukrayna Prezidenti Vladimir Zelenski İsveçin Baş naziri Ulf Kristersson ilə imzalanan razılaşmanı şərh edərkən “Gripen”lərin Ukrayna aviasiyası üçün “tamamilə yeni mərhələ” açacağını bildirib. İsveç tərəfindən Soyuq müharibə illərində hazırlanan bu qırıcılar məhz Rusiyaya qarşı mümkün hərbi ssenarilər nəzərə alınaraq layihələndirilib. Buna baxmayaraq, “Gripen” indiyədək genişmiqyaslı və yüksək intensivlikli müharibədə iştirak etməyib.
İsveç Müdafiə Universitetinin müəllimi Yoxan Huovinən hesab edir ki, Ukraynadakı döyüşlər İsveç hərbi texnologiyası üçün ciddi sınaq olacaq. Onun sözlərinə görə, “Gripen” məhz Rusiya tipli hərbi sistemlərə qarşı istifadə üçün yaradılıb və indi ilk dəfə bu imkanlarını real döyüş şəraitində nümayiş etdirmək imkanı qazanacaq.
Ekspertlər “Gripen”in ən böyük üstünlüklərindən birinin çevik istifadə imkanları olduğunu bildirirlər. Təyyarə ənənəvi hərbi hava bazalarına ehtiyac olmadan avtomobil yollarından və müvəqqəti uçuş-enmə zolaqlarından fəaliyyət göstərə bilir. Bu xüsusiyyət xüsusilə Rusiyanın Ukrayna aerodromlarına mütəmadi raket hücumları fonunda böyük əhəmiyyət daşıyır.
Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Aleksey Antonük bildirib ki, “Gripen”in istismar konsepsiyası Ukraynanın müharibə şəraitinə demək olar tam uyğun gəlir. Onun sözlərinə görə, kiçik texniki heyət təyyarəni 10 dəqiqədən az müddətdə yenidən yanacaqla doldurub silahlandıra və növbəti uçuşa hazırlaya bilir. Bundan əlavə, “Gripen”in istismar xərcləri də digər müasir qırıcılarla müqayisədə xeyli aşağıdır. Ukrayna tərəfi bir uçuş saatının təxminən 8 min dollara başa gəldiyini bildirir.
Xüsusi diqqət çəkən məqamlardan biri də “Meteor” tipli uzaqmənzilli hava-hava raketlərinin istifadəsidir. Ukrayna hərbi ekspertləri hesab edirlər ki, bu raketlər Rusiyanın döyüş aviasiyasını cəbhə xəttindən daha uzaqda çəkilməyə məcbur edə və idarə olunan aviabombaların tətbiqini çətinləşdirə bilər.
Bununla belə, Qərb ekspertləri “Gripen”lərin imkanlarının şişirdilməməsi lazım olduğunu bildirirlər. London Krallıq Birləşmiş Xidmətlər İnstitutunun analitiki Castin Bronk qeyd edib ki, bu qırıcılar Ukrayna üçün düzgün seçim sayılsa da, Rusiyanın güclü hava hücumundan müdafiə sistemi səbəbindən tam hava üstünlüyü yaratmaq mümkün olmayacaq. O, həmçinin “Gripen”lərin ABŞ istehsalı olan “F-35” təyyarələrindəki “görünməzlik” texnologiyalarına malik olmadığını vurğulayıb.
İsveçin Saab şirkəti hazırda ildə təxminən 15 “Gripen E” istehsal edir və yaxın illərdə bu göstəricini 20–30 təyyarəyə çatdırmağı planlaşdırır. Şirkətin rəhbərliyi Ukrayna ilə təmir, texniki xidmət və ehtiyat hissələrinin istehsalı sahəsində əməkdaşlıq imkanlarını da nəzərdən keçirir. İsveç rəsmiləri hesab edirlər ki, “Gripen”lərin Ukrayna müharibəsində iştirakı qırıcının beynəlxalq bazardakı nüfuzunu və ixrac imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Bizimyol.info






