Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Küsüb gözüyaşlı gedən məhəbbət… Və ya sevgi geri qayıdırmı?
Küsüb gözüyaşlı gedən məhəbbət…  Və ya sevgi geri qayıdırmı?

Azərbaycanda boşandıqdan sonra yenidən eyni şəxslə ailə quran cütlüklərin sayı məlum olub. Ədliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə ümumilikdə 1008 nəfər əvvəllər nikahda olduğu və sonradan boşandığı şəxslə yenidən nikaha daxil olub.

  • Bu, əslində bir çox insana qəribə gələ bilər: bir dəfə ayrılmağa qərar verdiyin insanla yenidən necə barışmaq olar?

Amma insan yaşa dolduqca ilk evlilik həyatında etdiyi səhvləri anlamağa başlayır. Ayrılıqdan sonra insan həm özünün, həm də qarşı tərəfin atdığı addımları daha dərindən analiz edir, səhvləri saf-çürük edir.

Çünki ayrılıqdan sonra psixoloji vəziyyət çox vaxt qarışıq olur. İnsan müxtəlif insanlarla qarşılaşır, müqayisə edir və bəzən anlayır ki, əvvəlki münasibətdə etdiyi seçimlərdə səhvlər olub.

Gəlin etiraf edək ki, ayrılmaq hər iki tərəf üçün də asan deyil. Ayrılıq qərarını əsasən qadınların verdiyi düşünülür. Bunu müxtəlif səbəblərlə izah edirlər: biri deyir pis vərdişləri vardı, biri deyir ailəyə baxmırdı, biri isə sadəcə sevmirdim deyir. Amma kişilər də çox zaman ayrılığı asan qəbul etmir.

Bu, daha çox kişi psixologiyasından qaynaqlanan bir hal kimi izah olunur. Kişi bəzən ona aid hesab etdiyi qadını itirmək istəmir. Hətta ona lazım olmasa, sevməsə belə!

Boşandıqdan sonra yenidən ailə qurmağa qərar verənlər adətən səhvlərini daha aydın görən tərəf olur. Kişilər üçün isə bu qərar çox zaman daha çətin qəbul edilən bir proses kimi dəyərləndirilir.

Zaman keçdikcə isə bir çox incikliklər unudulur, münasibətə fərqli baxış formalaşır.

İkinci dəfə ailə qurmağa qərar verəndə münasibətlərin əvvəlki kimi olub-olmaması isə ayrı bir sualdır. Bu dəfə tərəflər artıq bir-birini daha yaxşı tanıdıqları üçün münasibətlər fərqli bir əsas üzərində qurulur. Məqsəd xoşbəxtlikdirsə, heç nə tam olaraq əvvəlki kimi olmur.

Amma burada kişilər bir nüansı nəzərdən qaçırmamalıdır: əgər qadın bir dəfə ailə həyatından çıxmağa qərar veribsə, bu qərarı yenidən verə bilmə ehtimalı hər zaman qalır.

Çox zaman deyirlər ki, “ qadınlar nə istədiklərini bilmir”. Bu çox zaman belə olur. Amma hər kəs zamanında əlindəolanın dəyərini bilsə, nə ayrılıq yaşanır, nə peşmanlıq. Təssüf olsun ki, insan elə varlıqdır ki, gözü hər zaman əlində olmayanda olur, əlində olanı isə “onsuz da mənimdir” deyə bir kənara buraxır.

Amma zaman keçir, həyatınızda olan bir kənara atdığınız insanların da hissləri, süzüb kənara buraxdığınız unutduğunuz çay kimi soyuyur.

Boşandığınız şəxslə yenidən barışmaq məncə su vermədiyiniz üçün qurumuş gülə yenidən su verib yaşatmaq cəhdidir..

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »