Yaxın Şərqdə baş verənlərə görə, əvvəlcə 20 faizə qədər artan qiymətlər indi daha 30 faiz yüksəlib.
Bizimyol.info xəbər portalı Xezerxeber.az -a istinadən xəbər verir ki, söhbət ölkəyə idxal edilən avtomobil mühərrik yağlarından gedir.
Bu yağlar qısa müddətdə yenidən kəskin bahalaşıb. Bazarda bəzi məhsullar üzrə qiymət artımı artıq 30 faizə çatır.
Mütəxəssislər deyirlər ki, Yaxın Şərqdə baş verən hadisələr və beynəlxalq daşımalarda yaranan çətinliklər qiymətlərə birbaşa təsir göstərir. Bahalaşma yalnız Avropa mənşəli məhsullarda müşahidə edilmir, Rusiya istehsalı olan mühərrik yağlarında da qiymət artımı var.
Mütəxəssis bildirir ki, bölgədə vəziyyət sabitləşməzsə, qarşıdakı aylarda yeni qiymət artımları da istisina edilmir.
- İdxal olunan mühərrik yağlarında son qiymət artımının səbəbi nədir və bu artım davam edə bilərmi?
Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, həm Avropadan, həm də Rusiyadan idxal olunan mühərrik yağlarının qiymətlərində artım müşahidə edilir: “İdxal olunan mühərrik yağlarında müşahidə edilən qiymət artımının əsas səbəbi Yaxın Şərqdə geosiyasi gərginliyin dərinləşməsi və bunun qlobal enerji bazarlarına təsiridir. Mühərrik yağlarının istehsalında istifadə olunan baza yağları birbaşa neft məhsullarından əldə olunduğu üçün neft qiymətlərindəki hər hansı artım son məhsulun maya dəyərinə təsir göstərir.
Bununla yanaşı, son aylarda beynəlxalq daşımaların dəyəri də yüksəlib. Xüsusilə dəniz nəqliyyatında təhlükəsizlik risklərinin artması, sığorta haqlarının bahalaşması və bəzi marşrutların dəyişdirilməsi logistika xərclərini artırıb. Nəticədə həm Avropadan, həm də Rusiyadan idxal olunan mühərrik yağlarının qiymətlərində artım müşahidə edilir”.
Asif İbrahimov deyib: “Başqa vacib amil təchizat zəncirində yaranan qeyri-müəyyənlikdir. İdxalçılar gələcəkdə məhsul çatışmazlığı və ya daha yüksək qiymətlərlə üzləşmək riskini nəzərə alaraq ehtiyatlarını əvvəlcədən formalaşdırmağa çalışırlar. Bu da bazarda qiymətlərin əlavə yüksəlməsinə səbəb olur. Əgər Yaxın Şərqdə gərginlik davam edərsə və beynəlxalq yükdaşımalarında problemlər aradan qalxmazsa, mühərrik yağlarının qiymətlərində yeni artımlar mümkündür. Xüsusilə Azərbaycanın bu məhsullar üzrə idxaldan asılı olması xarici bazarlarda baş verən dəyişikliklərin daxili bazara operativ şəkildə ötürülməsinə səbəb olur”.
Asif İbrahinmov əlavə edib: “Əgər geosiyasi risklər azalarsa, neft bazarında sabitlik yaranarsa və logistika marşrutları normallaşarsa, qiymət artımlarının tempi zəifləyə bilər. Lakin qısamüddətli perspektivdə bazarda ucuzlaşmadan daha çox qiymətlərin yüksək səviyyədə qalacağı gözlənilir.
Bu baxımdan, hazırkı bahalaşma müvəqqəti bazar dalğalanmasından daha çox, qlobal enerji və logistika bazarlarında baş verən dəyişikliklərin nəticəsi kimi qiymətləndirilməlidir”.
Günel Həsənova, Bizimyol.info






