Virtualaz.org "Voronej dövlət televiziyası"na istinadən xəbər verir ki, Titarenko ölümünə az qalmış psixiatriya xəstəxanasından köçürüldüyü vilayət xəstəxanasında dünyasını dəyişib.
SSRİ-nin ilk və son birinci xanımının doğma qardaşı uzun illər Orlovka qəsəbəsində yerləşən dəlixanada yaşayıb. Heç bir qohumu ona qəyyum kimi qeydiyyatdan keçməyib və Yevgeni Titarenkonun rəsmi qəyyumu psixiatrik dispanser və onun baş həkimi göstərilir. Başqa sözlə, Mixail Qorbaçovun qaynı tam tənhalıqda, kimsəsiz ölüb.
Bildirilir ki, Titarenko ildə iki dəfə müayinədən keçirilirmiş, lakin həkimlər bu müayinələrin nəticələrinin onun evə buraxılması üçün qənaətbəxş olmadığını bildirirlərmiş.
Mixail Qorbaçov və Raisa Qorbaçova
2014-cü ildə prokurorluq əməkdaşları bu məlumatla bağlı yoxlama aparmışdılar və qərara gəlmişdilər ki, deyilənlər həqiqətə uyğun deyil. Lakin söz-söhbət səngimək bilmədi.
Ötən ilin yayında "Rossiya 1" telekanalındakı "Canlı yayım" proqramında bir vaxtlar Yevgeni Titarenkonu yaxşı tanımış insanlar çıxış edərək bildirmişdilər ki, yazıçının dəlixanaya salınmasına səbəb onun dövlətin birinci şəxslərinə (o zamanlar üçün) aid bildiyi xeyli sayda gizli məlumatlar olub.
Raisa Maksimovna doğma qardaşına bu cür münasibət bəsləyə bilərdimi? Mixail Qorbaçovun müvaşiri işləmiş yazıçı Georgi Pryaxin (Raisa Maksimovnanın yazdığı kitabın üzərində işləyib) xatırlayır ki, "birinci ledi" uşaqlığı barədə gözəl xatirələr danışırdı və qardaşını mehribanlıqla xatırlayırdı. Lakin onun indiki vəziyyətindən söhbət düşəndə bircə kəlmə ilə kifayətlənmişdi: "İçir"