Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanda jurnalist təşkilatlarının durumu və gələcək inkişaf meyilləri” mövzusunda konfrans keçirilib
Bu gün Bakıda Avropa İttifaqının maliyyə dəstəyi ilə Jurnalist Həmkarları İttifaqı (JuHİ) və Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən həyata keçirilən "Cənubi Qafqazda jurnalist həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi" layihəsi çərçivəsində təşkil edilən "Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və gələcək inkişaf meylləri" mövzusunda konfrans keçirilib.

Konfrans üç sessiyadan ibarət olub. Birinci sessiyada “Azərbaycanda sosial dialoq və əmək standartları: Mövcud durum, problemlər, nailiyyətlər və yeni çağırışlar”, ikinci sessiyada “Əmək standartları və sosial dialoq: kollektiv sövdələşmələr”, üçüncü sessiyada “Azərbaycanda jurnalist təşkilatları: mövcud durum, birlik və həmrəylik problemləri” mövzularında natiqlər çıxış ediblər.

Konfransı açıq elan edən JuHİ sədri Müşfiq Ələsgərli layihə barədə məlumat verib: “Layihənin icrası 2014-cü ildə nəzərdə tutulsa da, Azərbaycanda qrantlarla bağlı qanunvericiliyə dəyişikliklərlə əlaqədar layihənin icrası bu il başlayıb. Layihə çərçivəsində “Həmkarlar ittifaqı təşkilatının üzvünün məlumat kitabı” və “Əmək hüquqları və onların qorunması mexanizmləri: Kollektiv danışıqlar və kollektiv müqavilələr” kitabçaları çap edilib.

M.Ələsgərli təəssüflə bildirib ki, sovetlər dövründə olduğu kimi, bu gün də Azərbaycanda həmkarlar təşkilatlarına sanatoriyalara, kurortlara göndərişlər verən qurumlar kimi baxılır: “Əslində həmkarlar ittifaqlarının missiyası başqadır. Yalnız ittifaqın üzvü olan jurnalistlərin hüququnun müdafiə olunması və yardım edilməsi mümkündür”.

Beynəlxalq Jurnalistlər Federasiyasının layihələr departamentinin rəhbəri Adrien Collin Cənubi Qafqazda jurnalistlərin bir sıra problemlərinin olduğunu bildirib: “Təəssüf olsun ki, jurnalistlər öz hüquqlarını müdafiə etmək əvəzinə işdən çıxmağa üstünlük verirlər. Çünki onlar həmkarlar ittifaqlarının fəaliyyətinə inanmırlar. İş yerlərində həmkarlar ittifaqlarının yaradılmasına şərait yaradılmalıdır. Əlverişli iş şəraiti olmalıdır ki, jurnalist keyfiyyətli iş təqdim edə bilsin. Amma əmək müqavilələrinin, həyat sığortasının, iş yerində təhlükəsizliyin olmaması və digər təzyiqlər var. Siyasi iradə olmasa, çətinliklərin öhdəsindən gələ bilməyəcəyik. İş verənlər həmkarlar ittifaqları yaratsalar da, bunların işçilər üçün bir faydası var. Azərbaycanda qanunvericilik yüksək səviyyədə olsa da, jurnalistlərin əmək hüquqları sahəsində problemlər qalır. Sovet irsi dəyişdirilməli, sağlam bazar iqtisadiyyatına keçilməlidir”.

***

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondun (KİVDF) icraçı direktoru Vüqar Səfərli konfransın əhəmiyyətindən danışaraq bildirib ki, bu gün Azərbaycanda Həmkarlar konfederasiyası fəaliyyət göstərir: “Jurnalist həmkarlar təşkilatı da bu quruma aiddir, ancaq konfederasiya jurnalist həmkarlar təşkilatını müstəqil qurum kimi qəbul etmir. Hər bir təşkilat həmkarlar təşkilatı qarşısında öhdəçilik götürür, ancaq müqavilələr olmadığından bunu heç kim etmir. Həmkarlar təşkilatı bir dayaq yeridir, ona görə də jurnalistlərin həmkarlar təşkilatları da yaradılmalı və formalaşdırılmalıdır. Gələcəkdə bir fond olaraq həmkarlar təşkilatının yanındayıq və nə lazım olsa onlara dəstək verməyə hazırıq”.

Onun sözlərinə görə, KİVDF fəaliyyətə başlayana qədər redaksiyaların 90 faizində mühasibatlıq sənədləri olmayıb: “2009-cu ilə qədər redaksiyaların çoxunda əmək müqavilələri olmayıb, əmək haqlarını paket halında alıblar. Bu gün də redaksiyaların 10 faizində əmək müqavilələri ilə bağlı vəziyyət yenə belədir, əmək müqavilələri yoxdur. Redaksiyalar bir sıra hallarda jurnalistlərin əməkhaqlarını aşağı göstərirlər. Bunun səbəbi odur ki, redaksiyalar 22 faiz sosial ödənişlərlə bağlı bu addımı atırlar. Əmək müqaviləsi bildirişi sistemi artıq tətbiq olunur, artıq əmək müqavilələri ilə bağlı məlumat avtomatik olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində yerləşdirilməlidir. Bunu jurnalistlər bilməlidir".

V.Səfərli bildirib ki, yeni binada mənzillərlə bağlı namizədliyi irəli sürülən jurnalistlərin əmək stajı ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğular göndərilib: “2006-cı ildən əmək fəaliyyəti ilə bağlı bütün məlumatlar qeydə alınıb, elektron qaydada saxlanılır, sosial kartlar mövcuddur. Şübhə doğuran jurnalistlərin əmək stajı ilə bağlı sorğulara cavablardan məlum olub ki, bir çox hallarda əmək kitabçasına iş stajı barədə möhür vurulub, ancaq bu saxtadır. Bu, əslində cinayətdir”.

***

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, əməyin hüquq müfəttişi Ruslan Bağırov Azərbaycanda beynəlxalq əmək standartlarının tətbiqi sahəsində əldə edilən nəaliyyətlər, əmək hüquqlarının qorunmasında həmkarlar ittifaqınn rolu barədə danışıb. O, həmkalar ittifaqının 1992-ci ildən bu günə qədər keçdiyi yoldan bəhs edib.

İqtisadi-sosial inkişaf mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov isə əmək hüquqlarının qorunmasında mövcud vəziyyət, əmək standartlarının inkişaf etdirilməsinin modern yolları barədə danışıb. O, mövcud vəziyyəti qiymətləndirəndə son illərdə aparılan islahatlar və bunun çətin olduğunu qeyd edərək bildirdi ki, posneft dövründə əmək hüquqlarınn qorunması çətinləşdi: “Müqavilələr çox az hallarda bağlanır. Müqavilələrdə şərtlər birtərəfli hazırlanır. Demək olar ki, işəgötürən işçi ilə qaydaları razılaşdırmır. Sahibkarlar ümumiyyətlə əmək müqaviləsi bağlamaqda maraqlı deyillər, xidməti müqavilələr bağlayırlar. Müqavilə bağlanmalıdır. Bu təkcə vergi məsələsi deyil, əmək hüquqlarının qorunması məsələsidir. İşçilərin əmək hüququ mövzusunda maarifləndirilməsinə ehtiyac var ki, onların hüququnu müdafiə etmək üçün əsas olsun.

Artıq əmək hüquqları elektronlaşmış formada həyata keçirilir. Əmək hüquqlarının qorunmasının ən müasir yolu elektronlaşmasdır. Əvvəllər gedib iş yerlərini yoxlamaq çətin, bəzən isə müşkül idi. Elektronlaşma isə çox asan yaranır. Əmək müqaviləsi yoxdursa onun hüquqlarını qorumaq mümkün deyil. Əmək müqaviləsinin olmaması onun əmək pensiyası, işçinin işdən çıxarılması zamanı onun hüquqlarının qorunması mümkün olmurdu. Sahibkarlar əmək müqaviləsi bağlamaqdansa xidməti müqavilələr bağlayır. Bu zaman sahibkar daha az vergi verir və bu zaman işçinin əmək hüququnun qorunması mümkün deyil. Xidməti müqavilələrlə bağlı qanunvericiliyin təkmilləşməsinə ehtiyac var.

Həmkarlar ittifaqlarının son illər mobilləşməsinə baxmayaraq, Avropada olduğu kimi Azərbaycanda həmkarlar ittifaqı işçilərin hüquqlarını müdafiə edə bilmir. Həmkarlar ittifaqları əmək hüquqlarının qorunmasında çox vacibdir. Avropada məhkəmədən daha çox həmkarlar ittifaqı əmək hüquqlarını qoruyur. Əmək hüquqlarının qorunması üçün ictimai nəzərat lazımdır”.

***

Müşfiq Ələsgərli Azərbaycanda jurnalistlərin mövcud sosial durumu haqqında danışarkən bildirib ki, işçinin haqqının qorunması sahibkarın hüququnun əlindən alınması demək deyil: “Layiqli iş mühiti jurnalistin kifayət qədər haqq alması və rüşvət almasından imtina etməsi deməkdir. Azərbaycanda jurnalistlərin sosial rifah vəziyyətinin artırılması üçün dövlət kömək edir. Jurnalistlərin qorunması üçün işlər görülür. Bütün bunlarla yanaşı, jurnalistlərin həmkarlar təşkilatlarının yaranmasına ehtiyac var. 90-cı illərdə jurnalistlərin beyin axını baş verdi. Onların bəzisi maddiyat üzündən mətbuat xidmətinə getdilər, bəziləri biznes sahəsinə getdi. Bu gün bu sahədə çox ciddi nəailliyyətlər əldə edilib. 90-cı illərin sonunda jurnalistlərin 90 faizinin əmək müqaviləsi yox idi, bu gün isə 87 faizinin əmək müqaviləsi var. Hazırki əsas problem əmək müqaviləsində maaşın az göstərilməsidir. Buna görə də, həmkarlar təşkilatlarının yaranmasına ehtiyac var. Həmkarlar təşkilatlarının yaranmasında KİV rəhbəri də, jurnalistlər də maraqlı olmalıdır”.

M.Ələsgərli təklif edib ki, maliyyə almaq istəyən redaksiyalar işçi ilə müqavilə bağlamağa başlamlıdır. O, həmçinin ilkin həmkarlar təşkilatının redaksiyalarda yaradılmasının vacibliyini bildirib.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun sözlərinə görə, Azərbaycanda media qurumları maddi cəhətdən çox çətin durumdadır: “Reklam bazarı çox kasıbdır. KİVDF-nin yazılı mediaya dəstəyi olmasa, “Yeni Müsavat” qəzetini saxlaya bilməzdik. Reklam bazarı liberallaşmalıdır. Gələcəyə plan qurmaq üçün yox, bu gün üçün çalışırıq. Çünki yazılı mətbuatın durumu çox çətindir”.

Orta Asiya və Güney Qafqaz Söz Azadlıq şəbəkəsinin rəhbəri Azər Həsrət bildirib ki, KİV-də kollektiv müqavilələr yoxdur.

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əməyin hüquq müfəttişi Sevil Zeynalova bildirib ki, bu təşkilat özündə 1 milyondan artıq üzvü özündə birləşdirib: “Kollektiv müqavilələrin sayı isə 13105-dir”.

***

Avropa Jurnalistlər Federasiyasının nümayəndəsi Mehmet Köksal isə Avropada jurnalistlərin həmkarlar hərəkatına baxış, əmək hüquqları və onların qorunmasından danışıb. O, təmsil etdiyi təşkilat haqqında məlumat verərək bildirdi ki, təşkilata üzv olan ölkələrdəki problemləri həll etməyə çalışırlar.

“Burda çıxış edən redaktorları dinlədim. Məgər Siz qəzeti ev almaq, maşın almaq üçün dərc edirsiniz? Jurnalistlərin əmək haqqısı vaxtlı-vaxtında verilməlidir, onlara bazar şərtlərinə uyğun maaş verilməlidir. Jurnalist üçün güvənli iş yeri olmalıdır, sağlıqlı şəraitdə çalışmalıdır. Harada jurnalistlər azaddır və hüquqlarından istifadə edə bilirsə, orada da media güclü olur. Əsas məsələ jurnalistlərin təhlükəsizliyidir.

Jurnalistlərin qarşılaşdığı əsas problemlər-həddindən artıq işin tapşırılması, risk və stress altında çalışmaq, zaman problemi, rahatlığın olmaması, gördüyü işə uyğun maaş ala bilməməsi, ümumiyyətlə vaxtlı-vaxtında əmək haqqı almamaq problemi var. Vaxt keçdikcə də, jurnalistlərin gəlirləri və şəraiti pisə doğru gedir. Bildirim ki, hər bir ölkədə, hətta Belçika və Fransada da Azərbaycandakı problemlər var. Qərbdə 80 faiz jurnalist bu problemlərə görə jurnalistikadan getmək istəyir. Bu məsələlərin həlli üçün həmkarlar təşkilatları güclü olmalıdır. Hər bir mediada həmkarlar təşkilatı olmalıdır. Əgər yoxdursa da, media qurumunda həmkarlar təşkilatı ilə əlaqəli olan bir nəfər olmalıdır”.

Mehmet Köksal onu da bildirib ki, Qərbdə internetdə yayılan xəbərlərə nisbətən qəzetdə dərc olunan xəbərlərə inam daha çoxdur.

***

Beynəlxalq Avrasiya mətbuat fondunun rəhbəri Ümid Mirzəyevin sözlərinə görə, jurnalist təşkilatları ölkəmizdə fəaliyyət göstərən jurnalistlərdən təşkil olunur: “Azərbaycanda keyfiyyət dəyişikliyi baş verir. Artıq ənənəvi media sıradan çıxır. Onun yerini elektron media tutur. Mediamızın qorunmasında jurnalist təşkilatlarının çox böyük rolu var.

Azərbaycan müstəqillik əldə etdikdən sonra jurnalistikanın problemləri ilə bağlı çoxlu sayda jurnalist təşkilatları yarandı. Jurnalist təşkilatlarının mövcut durumu könül açan olmasa da, bu vəziyyətin düzəlməsi üçün fəaliyyət göstərə bilərik. Bu gün jurnalistlərin, jurnalistlər təşkilatlarının birlik bərəabərliyinə ehtiyac var. Bizim problemlərimizin çoxu həmrəy olmamağımızdan yaranır”.

Ramid İBRAHİMOV

[gallery columns="1" size="large" ids="5868,5869,5870">

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »