Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhərətrafı zonaları yaşıllaşdıraq!
Ekoloji tədqiqatlara tələbat günü-gündən artır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır . İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su – bütün bunlara biz çox böyük diqqət göstərməliyik...”

İki il öncəyə qədər aprel-may aylarında Bakının küçə və meyanlarını, bağlarını, parklarını rəngarəng lalələr bəzəyərdi. Hollandiyadan gətirilən bu çiçəklər öz gözəl görünüşləri ilə ruhu oxşayır, çoxlu turist axınına səbəb olurdu. Hər il may ayının 10-da keçirilən gül bayramı isə böyük təntənəyə səbəb olur, milyonlarla insanın diqqətini çəkirdi. Lakin son iki ildə bu ənənənin yerini Ulu öndərimizin doğum gününə hərs olunmuş ağacəkmə kampaniyaları əvəz etdi ki, bu da öz növbəsində çox yaxşı bir ənənədir. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin abad, yaşıl, çiçəklənən diyara çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyətini ölkə əhalisi yaxşı başa düşür və qiymətləndirir.

Ümummilli liderimiz Heydər Əliyev bütün ömrü boyu ekoloji tarazlığın qorunmasına və ətraf mühitin mühafizəsinə ümumdövlət əhəmiyyətli vəzifə kimi baxıb və başqalarından da bunu tələb edib. Onun bu xeyirxah əməli indi də davam etdirilir. Hər il mayın 10-da Ulu Öndərin ad günü münasibətilə respublika ərazisində kütləvi ağacəkmə aksiyası keçirilir. Əhalinin kütləvi iştirakı ilə keçirilən bu möhtəşəm tədbirdə yüzminlərlə müxtəlif ağac və yaşıl kol əkilir. Keçən il bu tədbirdə 113 min nəfər iştirak edib və respublika ərazisində 232 min 448 ədəd ağac əkilib.

2007-ci ildə Heydər Əliyev Fondu ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması məqsədilə “Hərəmiz bir ağac əkək!” aksiyasını həyata keçirməyə başladı. Fond Bakı ətrafındakı qəsəbələrin istifadəsiz qalmış sahələrində 20 min həmişəyaşıl ağac əkməklə respublikada rezonans doğuran layihənin əsasını qoydu. Qısa zamanda Azərbaycanın bütün şəhər, qəsəbə və kəndlərində vətəndaşlar bu təşəbbüsə qoşularaq yaşıllaşdırma kampaniyasını davam etdirdilər. Ətraf mühitin qorunmasına yönəlmiş layihə çərçivəsində ölkə ərazisində bir milyondan çox yeni ağac əkildi. Bu tədbirlərin keçirilməsində məqsəd, təbiətə qayğını artırmaq, yaşıllıqların sayını çoxaltmaq, insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır.

Ölkəmizdə beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir.

Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir.

Azərbaycanda urbanizasiya prosesinin genişlənməsi, şəhərlərin və ətraf mühitin mühafizəsi probleminidaha aktual şəkildə qarşıya qoyur. İldən-ilə respublikamızda istehsalın inkişaf tempi və miqyası artmaqla, antropogen proseslərin regionların təbiətinə təsiri güclənir. Bu özünü, faydalı qazıntıların yandırılmasında, ətraf mühitin nəqliyyat tullantıları ilə çirklənməsində, su hövzələrinə zəhərli maddələrin atılmasında, torpaqların sənaye tullantıları, kimyəvi gübrələrlə çirklənməsində göstərir. Bu cür proseslər təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində baş verir. Buna görə də, şəhərlərin ekologiyası problemi, hər yerdə, müxtəlif elm sahələrinin alim və mütəxəssislərin tərəfindən xüsusi diqqət mərkəzinə çevrilmişdir. Təbiətdə yaranan neqativ dəyişmələr şəhər əhalisinin sağlamlığında daha qabarıq nəzərə çarpır. Nəticədə, şəhər və ona yaxın olan rayonlarında ekoloji problem son dərəcə kəskinləşmişdir.

Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Şirvan, Şəki, Lənkəran və bir çox digər şəhərlərdə, şəhər parkları və bağlarının salınması, şəhərətrafı zonaların yaşıllaşdırılması, şəhər ərazilərinin abadlaşdırılması, su təsərrüfatı obyektlərinin və hidromeliorativ qurğuların tikintisi, müəssisələrdə zərərsiz texnologiyanın tətbiqi sahəsində böyük işlər görülüb. Şəhərlərin atmosferinin ekoloji vəziyyəti və ətraf mühiti mühafizənin təşkili məsələlərinin həllində, təbiəti mühafizə tədbirlərinin aparılmasının vacibliyinə xüsusi yer verilir. Bu tədbirlərə istehsal təyinatlı obyektlərin yerləşdirilmə sxemlərinin ekoloji ekspertizasının aparılması və funksional-planlaşdırma təşkilatının təklifi əsasında təbii komponentlərin – su, hava, torpaq, bitki örtüyü və heyvanat aləminin mühafizəsi üzrə tədbirlər daxildir. Bura həm də, funksional zonallaşdırma, ərazinin mühəndisi hazırlığı, meliorasiya, yaşıllaşdırma, suvarma və s. təbiəti mühafizə tədbirləri aiddir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi müntəzəm olaraq ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Bakının gözəlliyinə Xəzər dənizi xüsusi rəng qatır. Başqa sözlə, Bakını Xəzərsiz, Xəzəri Bakısız təsəvvür etmək mümkün deyil.Paytaxtın ekoloji balansının təmin edilməsində Xəzər dənizinin ayrıca rolu var. Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il iyunun 20-də imzaladığı "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində konkret tədbirlər həyata keçirilir. Sərəncamda qeyd olunub ki, sahil ərazilərindən tullantı sularının təmizlənmədən axıdılması Xəzər dənizinin zərərli kimyəvi maddələrlə çirklənməsinə və bunun nəticəsi olaraq onun unikal bioloji müxtəlifliyinin aşınmaya məruz qalmasına səbəb olmuşdur. Müvafiq tədbirlərin həyata keçirilməsi Xəzər ekosisteminə antropogen təsirləri azaltmaqla dənizin biomüxtəlifliyinin və istirahət-rekreasiya zolağının bərpasına xidmət etməkdədir və bu, müsbət nəticələrini verir. Bu sərəncam əsasında Xəzər sahillərində beynəlxalq standartlara cavab verən modul tipli lokal çirkabtəmizləyici qurğular quraşdırılmışdır. İtaliya, ABŞ, Almaniya, Tayvan, Türkiyə, Fransa istehsalı olan bu qurğular, nefttutucu avadanlığı da nəzərə alsaq, ümumilikdə, gündə 4070 kubmetr çirkabtəmizləmə gücünə malikdir.

Demokratik ölkələrdə bazar iqtisadiyyatı şəraitində bir qayda olaraq ərazi istehsal potensialından səmərəli istifadə, dövlətin təbii şəraitini, təbii ehtiyat potensialını qorumaq və qiymətləndirmək, regionların iqtisadiyyatının inkişafı və təbii mühitin qorunmasının təmin edilməsi ən mühüm amil hesab olunur. Azərbaycan Respublikasının müstəqillik əldə etməsi ilə əlaqədar təsərrüfatın, elmin, təhsilin bütün sahələri yenidən qurulur, müstəqil dövlətin tələblərinə uyğun şəkildə təşkil edilir.

Ekoloji tarazlığı, onun mürəkkəb və bir-birilə sıx bağlı mexanizmlərini bilmədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən, təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaq mümkün deyildir. Bu baxımdan ekoloji tədqiqatlara tələbat və maraq günü-gündən artır.

Azərbaycan əhalisinin 40%-ə qədəri Abşerоn yarımadasında yaşayır, əhalinin sıxlığı burada оrta ölkə göstəricisindən iki dəfədən artıqdır. Əhalinin təbii artımı 1,01% təşkil edir. Sоn dövrlərdə əhalinin Azərbaycanın kənd rayоnlarından, Gürcüstandan gələn miqrantlar hesabına artımı müşahidə оlunur (ildə 2-2,5%). Əhalinin 2000-ci il siyahıya almasına görə sayı Bakı şəhəri də (1,8 milyоn nəfər) daxil оlmaqla Abşerоn yarımadasında əhalinin sayı 3,1 milyоn nəfər təşkil edirdi (məcburi köçkünlərsiz, qaçqınlarsız, müvəqqəti işləyənlərsiz). Ərazinin urbanizasiya səviyyəsi 80 %-ə yaxındır.Böyük neft istehsalçısı olan ölkəmizdə tоrpağın neft və neft məhsulları ilə çirklənməsi əsasən Abşerоn yarımadasında baş verir. Respublikanın sənaye pоtensialının üçdə iki hissəsinin, əhalisinin isə üçdə bir hissəsinin tоplaşdığı Abşerоnda tоrpaqlar daha çоx antrоpоgen təsirə məruz qalıb. Buradakı neft yataqlarının düzgün istismar оlunmaması, ətraf mühitin mühafizəsi üzrə elementar tələblərə riayət etmədən neft çıxarılması və s. pоzuntular Abşerоn yarımadasında ayrı-ayrı landşaft sahələrinin çirklənməsinə səbəb оlub .

Abşeronun florası digər zonalarla müqayisədə o qədər də zəngin hesab edilmir və Azərbaycan üçün xas olan floranın cəmisi 22%-nə burada rast gəlinir. Buna baxmayaraq, Abşeronun təbii iqlim şəraiti tərəvəzçiliyin, üzümçülüyün, hətta subtropik meyvəçiliyin inkişafına da imkan verir.

Neftlə çirklənmiş tоrpaqlar rekultivasiya оlunub təmizləndikdən sоnra ərazinin məqsədyönlü istifadəsi üçün, burada bir sıra aqrоtexniki və meliоrativ tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmalıdır. Bu ərazilər kənd təsərrüfatı, meşəsalma, sanitar-gigiyena, rekreasiya və digər məqsədlər üçün mənimsənilə bilər. Görüləcək işlərin növü və həcmi ərazi tabeçiliyində оlan müəssisə, idarə və təşkilatlar tərəfindən planlaşdırılmalı və lazımi layihə-smeta sənədləri hazırlanmalıdır. Aqrоtexniki tədbirlər sistemində, neft və neft məhsullarından təmizlənmiş sahədə əkiləcək bitki növünün müəyyən оlunması əsas yeri tutur. Çünki iqlimə uymayan ağacların əkilməsi boşuna çəkilmiş xərc və zəhmət deməkdir.

Bu gün Bibiheybətdə neft tullantılarından təmizlənmiş torpaqlarda salınan yeni bağlar göz oxşayır. Ətrafı abadlaşdırılaraq gözəl mənzərəsi ilə insanın ruhunu oxşayan Böyük Şor gölü də bu qəbildəndir. Tullantılardan, çirkabdan təmizlənərək ölkəyə qazandırılan hər metr torpaq bizim üçün xəzinə dəyərindədir. Atalarımız dama-dama göl olar, deyiblər. Aparılan abadlıq işləri öz nəticəsini verməkdədir, Bakı günü- gündən gözəlləşir, abadlaşır. Daha parlaq, daha sağlam sabahlar uğrunda gedən bu quruculuq işlərindən heç kim kənarda qalmamalıdır. Çünki bura VƏTƏNDİR.

İlhamə LOĞMAN

Son xəbərlər
Bütün xəbərlər »