Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekologiya və ətraf mühitin mühafizəsi
İşləməyən dişləməz

Ağlı kəsəndən hər bir azərbaycanlının qulağında sırğa etdiyi hikmətli bir atalar sözü var – “İşləməyən dişləməz”. Bu sözləri uşaqlıqdan qocalana qədər yaxın ətrafımızdan bəlkə min dəfələrlə eşidirik. Bu kəlam bizm yaşam tərzimizi formalaşdırır, həyat yolumuzu istiqamətləndirir. Bunun üçün oxuyur, müəyyən sənət əldə edir, bacarıqlara yiyələnirik.

Hər bir demokratik dövlət kimi Azərbaycanın da sosial iqtisadi siyasət konsepsiyasının əsas istiqamətlərinən biri yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması, rifah halının yüksəldilməsidir. Bu istiqamətdə dövlət tərəfindən müntəzəm tədbirlər görülür. Ölkəmizdə işsizliyin səviyyəsi 5% həddindədir ki, bu da dünya ilə müqayisədə yaxşı göstərici hesab oluna bilər.

2016-cı il aprelin 7-də Azərbaycan Prezidenti İlham Əliyev Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzaladı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dərhal sərəncamın icrası yönündə tədbirlərə başladı. Özünüməşğulluq aztəminatlı ailələrin sosial müdafiəsinin təmin olunması və sosial müavinətlərdən asılılığının, başqa sözlə ələ baxımlı yaşamasının qarşısının alınması üçün nəzərdə tutulan proqramdır. Prezidentin müvafiq sərəncamı məşğulluq siyasətinin əmək bazarı proqramının aktivləşdirilməsinə, iqtisadiyyatının güclənməsinə, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə yönəlib. Dünyanın müxtəlif ölkələrində özünüməşğulluqla bağlı müyyən formatlı layihələr mövcuddur. Azəbaycanda həyata keçirilən bu proqram isə daha geniş formatdadır. Özünüməşğulluq proqramının iştirakçıları Dövlət başçısının müvafiq Sərəncamının imzalandığı vaxta qədər məşğulluq orqanlarında işaxtaran və işsiz kimi qeydiyyatda olan vətəndaşlar arasından seçilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov bizə özünüməşğulluq proqramı ilə bağlı geniş məlumat verdi: “Cənab prezident tərəfindən respublika üzrə 6 milyon vəsait ayrılıb. Nazirlik tərəfindən ev təsərrüfatlarının sayına uyğun olaraq1500 vətəndaşın hər birinə 4000 manat vəsaitin ayrılması nəzərdə tutulub. Yaxşı ideya olsa 4 min manatdan artıq vəsait də ayıra bilərik. Onların sırasında 3 800 manat, 3 500 manat, hətta 2 700 manat tələb edənlər də var. 61 rayon üzrə 750 vətəndaşa aktivlər təqdim olunub və proses davam etdirilir.14 rayon üzrə tender elan olunub. İyul ayında tender başa çatacaq. Avqustan etibarən həmin 14 rayon üzrə aktivlər alınaraq vətəndaşlara təqdim olunacaq. O cümlədən 13 rayon üzrə qismən tender keçiriləcək, 87 vətəndaş da bu rayonlardan iştirak edəcək. Tenderə düşən rayonlardan 11-i Bakı, qalanları Goranboy, Gədəbəy və Xaçmaz rayonlarıdır. Vətəndaş aldığı heyvanı satmaq, kəsmək fikrinə düşürsə və ya aldığı aktivi düzgün istifadə etmirsə müqaviləyə əsasən ona verilənlər geri alınaraq təlimdə iştirak edib növbədə durmuş lakin aşağı bal toplamış digər vətəndaşa ötürülür. Onlar biznes ideyalarına uyğun 2 aylıq təlimlərə qoşulurlar. Yəni onlara öz təsərrüfatlarını idarə edə bilmək üçün primitiv hesablamalar, gəlir - maya dəyəri biznes planın tərtib edilməsi və sairin hesablanması öyrədilir ki, gələcəkdə öz təsərrüfatarını böyütsünlər, bizneslərini davam etdirə bilsinlər. İlkin mərhələdə büdcə vəsaiti hesabına qurulan kiçik biznes strukturlarına gələcıkdə də dəstək verilə bilər.Əgər həmin şəxslər işlərini düzgün qurub qazanc əldə edə bilsələr, onların inkişafına yardım edə bilərik.

Ayda 1 dəfə onların manitorinqlərinin aparılması nəzərdə tutulub. Bu layihəyə qoşulmaq məcburi deyil. İşsiz vətəndaş müsahibə zamanı biznes qura bilməyəcəyini və əvvəlki kimi müavinət almaq istədiyini söyləyirsə, o yenidən müavinət almaqda davam edəcək. Seçilən layihələrin 84 faizi heyvandarlıq sahələrinə aiddir. Müraciətlərin 5 faizi istixanaların yaradılması, 11 faizi isə müxtəlif xidmət sahələrinin açılmasına aiddir.

Biznes layihələri seçilən şəxslərə nağd pul yox, biznesini qurmaq üçün ilkin mərhələdə tələb olunan avadanlıqlar, materiallar, eləcə də heyvanlar alınıb veriləcək. Məsələn, heyvandarlıq və quşçuluqla məşğul olmaq istəyən şəxslərə heyvanlar və quşlar , tikiş sexi qurmaq istəyənlə tələb etdikləri məbləğ həcmində maşınlar, parçalar, kəsici alətlər, istixana qurmaq istəyənlərə orada istifadə olunacaq xüsusi yeşiklər, toxumlar, gübrələr ,yun və dəri emalı ilə məşğul olmaq istəyənlərə təmizləyici və dəri aşılayan qurğuların, yunu darayan və əyirib ipə çevirən maşınlar, gözəllik salonu işlədənlərə güzgü və stollar, stullar, şkaflar, xüsusi alətlər veriləcək”

Nazirlik biznes planlar arasında heyvandarlıq, qəssabxana, istixana, emal müəssisələrinin yaradılması, meyvə-tərəvəz istehsalı və konservləşdirilməsi, eləcə də xalçaçılıq, oyma, suvenirlərin hazırlanması kimi layihələrə üstünlük verir. Proqrama başlamamışdan öncə bazarda geniş araşdırma aparılıb. Nəticələr barədə vəsaitlər çap olunub ki, biznes planların hazılanmasında bu vəsaitdən istifadə olunur.

Gələn illərdə isə bu layihənin daha da genişləndirilməsi nəzərdə tutulur. Proqrama qoşulmaq forması da dəyişəcək. Artıq iş qurmaq istəyən işsiz vətəndaşlar nazirliyin saytına müraciət edərək qeydiyyatdan keçəcəklər. Onların məlumatları əsasında ilkin seçim aparacaq. Sonra isə seçim adi qaydada davam etdiriləcək və uyğun vətəndaşlar dəstəklənəcək.

Ürəkaçan faktdır ki, özünüməğulluq proqramı çərçivəsində tenderdə qalib gələnlərdən 11 nəfəri əlilliyi olan şəxslər olub. Bu o deməkdir ki, fiziki qüsurlu şəxslərin də sosial həyata inteqrasiyasına geniş imkanlar yaradılıb. Bu insanlardan bəziləri öz qurduqları təsərrüfatlara yeni işçilər də cəlb edə biliblər.

Çörəyi ver çörəkçiyə

Özünüməşğulluq proqramının icrası və bu layihənin insanların həyatına verdiyi müsbət təsirləri öz gözümüzlə görmək üçün üz tuturuq rayonlara. Laçın rayonunun Məşğulluq İdarəsinin direktoru Balay Bəndəliyevin “Bizim yol” qəzetinə bildiridiyinə görə, Laçın rayonundan 12 nəfər bu proqrama daxil edilib. Onların hamısı heyvandarlıqla məşğul olmaq istədiklərini bildiriblər. İştirakçıların əksəriyyəti damazlıq heyvan alaraq öz təsəsrrüfatlarını yaradıblar.Artıq konkret şəkildə təsərrüfatını genişləndirməyi bacaran insanlar var. Balay müəllimin dediyinə görə Rzayev Xanzadə Yunis Oğlu və Mirzəyev Səbail Nizami oğlu tenderə qoşularkən ətlik heyvan yetişdirmək niyyətlərini bildirimişdilər və yalnız bu iki nəfərə aldıqları heyvanları satmağa icazə verildi. Xanzadə Rzayev 4 ətlik dananı kökəldərək satıb və onların sayını 9 başa çatdırıb. Eyni zamanda Mirzəyev Səbail aldığı 30 quzunu sataraq yenilərini alıb və onların sayını 70 başa çatdıra bilib. Ümumiyyətlə özünüməşğulluq proqramına qoşulmuş laçınlılar dövlətin onlara göstərdiyi qayğıya , yaradılan imkana görə çox minnətdardırlar. Bu proqram onlara yeni stumul, yeni ümidlər bəxş edib. Balay müəllimin verdiyi məlumata görə tenderdə qalib olan şəxslər heyvanları üçün ot almaq istədiklərini bildirəndə onlara nəzərdə tutulandan bir baş əskik heyvan təqdim olunub, bunun əvəzində ot verilib. Dədə- babadan heyvandarlıqla məşğul olan Laçın camaatı üçün bu iş heç də çətin olmayacaq və əminik ki, çox tezliklə onlar daha böyük işlər görəcək, sahibkar kimi formalaşacaq, üstəlik ehtiyacı olanlara da iş verərək yardım edəcəklər. Necə deyərlər çörəyi ver çörəkçiyə, birini də üstəlik.

İsmayıllı rayon Lahıc qəsəbəsi sakinləri Hafiz Mirzəyevin və Mehdi Mahmudov da verilən aktivlərlə öz dədə - baba sənətlərini yaşatmağa üstünlük veriblər. Ta qədimdən misgərlik sənəti ilə ad qazanan Lahıc qəsəbəsində bu sənətin yaşadılması, davam etdirilməsi həm ailələrin rifah halına xidmət edəcək, həm də qədim el sənətinin yaşadılmasına. H.Mirzəyev bildirib ki, özünüməşğulluq proqramı təkcə onlara özünüməşğulluq imkanları yaratmır, həm də ayrı-ayrı iqtisadi fəaliyyət növləri ilə yanaşı, qədim xalq sənəti növlərinin inkişafına da dəstək olur: “Əsrlər boyu misgərlik məşhur xalq sənəti növlərindən biri olub və bu gün çox qürur duyuram ki, sevdiyim bu sənət növündə işləmək, istehsalla məşğul olmaq üçün mənə belə bir imkan yaradılıb. Bu böyük dəstəyə görə möhtərəm prezidentimizə təşəkkür edirəm”.

Milli Məclisinin deputatı və Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə sosial müdafiənin baş xətti məşğulluqdur. “2011-ci ilin iyul aynda ulu öndərimiz məşğulluq haqqında qanun qəbul etmişdi. Bu qanunda bütün məsələlər əhatə olunsa da icra mexanizmi həllini tapmamşdı. Prezident İlham Əliyevin 2016-cı il 7 aprel tarixli sərəncamı yeni bir istiqamətə vüsət verdi. Bu istiqmət yeni bir məsələ idi.Azərbaycanda uzun illər məşğulluq sistemi işsizlik müavinəti verən qurum kimi təsvir olunurdu, son iki ildə isə demək olar ki, inqilabi yenilik baş verdi məşğulluq xidmətlərinin ştat vahidləri iki dəfə artrıldı formal yox bilavasitə işgüzar tələblər irəli sürüldü.”

Beynəlxalq Əmək Təşkilatının baş məsləhətçisi Mixail Puşkin bildirir ki, özünəməşğulluq proqramı həm də ölkədə təhsilli və bacarıqlı gənclərin həyatında mühüm rol oynayır: “ Beynəlxalq Əmək Təşkilatı Azərbaycanla uzun müddətdir əməkdaşlıq edir. Ötən ilin payızında biz Azərbaycanla əmək proqramı imzaladıq. Bu proqramın əsas prioriteti əsasən özünüməşğulluq və əmək bazarı məsələləri idi. Biz bu proqramı birgə işləyib hazırladıq. Başa düşürük ki, Azərbaycan iqtisadiyyatın şaxələnməsi dövrünü yaşayır. Xüsusilə kənd yerlərində özünüməşğulluğun , sahibkarlığın inkişafı iqtisadiyyatın dinamikasına səbəb ola bilər. Özünüməşğulluq proqramının turizm, infrastrukturun inkişafı , İKT, kənd təsərrüfatı sahələrində tətbiqi daha səmərəli ola bilər. Bu təkcə sənin özün üçün iş yerinin yaradılması deyil, dostun, qonşun ehtiyacı olan hər bir yaxınının rifahının yüksəldilməsi üşün irəli sürülən bir proqramdır. Mən proqramda mühüm rol oynayan təlimçilərin fəaliyyətinə diqqət çəkmək istəyirəm.Təlimçilərin seçilməsi prosesi Beynəlxalq Əmək Təşkilatının (BƏT) müvafiq meyarları əsasında və bu qurumun baş təlimçisi ilə birgə, müsahibə şəraitində aparılıb. Təlimçilərin bir qismi də işsiz və işaxtaran kimi məşğulluq orqanlarında qeydiyyatda olan və uyğun bacarıqlara, keyfiyyətlərə malik şəxslər arasından müəyyən olunub. Bizim köməyimizlə dövlət məşğulluq xidməti bu il ərzində 3 təlim kursu təşkil edcək.130 çox səriştəli təlimçi yetişdiriləcək və gələcəkdə onlar öz peşəkar qurumlarını yaradacaqlar. Bu həm də gənclərin işlə təmin olunması və karyeralarının inkişaf etdirilməsi deməkdir”.

İşıqlı sabahlara aparan yollar qurub yaratmaqdan, halal zəhmətdən keçir. Dövlət xalqın rifah halının yüksəldilməsi üçün lazımi addımlar atır və bu davamlı prosesdir. Əminik ki, görülən tədbirlər sayəsində ölkəmizdə işsizlik səviyyəsi minimuma endiriləcək, hər bir vətəndaş ölkənin iqtisadi gücünün artırılmasına öz töhfəsini verəcək. Bu quruculuq prosesində dinindən, milliyyətindən, təhsilindən, fiziki imkanlarından asılı olmayaraq hər bir azərbaycanlı iştirak etməli, hamının rifahı yüksək olmaldır. Çünki, VƏTƏN hamımızdan başlayır.

İlhamə Rəsulova

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Son xəbərlər
Bütün xəbərlər »