Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeraltı dünyanın elçiləri – palçıq vulkanları
Bu gün püskürən palçıq vulkanın tərkibində qiymətli metallar aşkaranıb

Adətən insan orqanizminin daxilində hansısa problem olanda bu zahiri əlamətlərlə özünü biruzə verir. Bağırsaqlardakı problemlər üzdəki səpkilərlə, böyrək xəstəlikləri gözətrafı qaralmalarla özünü göstərir. Yer kürəsi də canlı bir orqanizmdir və insan kimi onun da daxilində baş verən proseslər üz qabığında hər hansı bir şəkildə özünü göstərir.Zəlzələlər, vulkanlar Yerin təkindəki tektonik proseslərin xəbərçiləri və son nəticəsidir.

Heç unutmadığım bir uşaqlıq xatirəm var. Bakı kəndlərindən birinə qonaq getmişdik. Söhbət əsnasında ev yiyəsinin 30-35 yaşlarındakı oğlu babama dedi ki, həyətdə su quyusu qazdırmaq istəyir, amma suyun çıxıb- çıxmayacağından əmin deyil. Babam eyvandan həyətə göz gəzdirdi və həyətin ayaq hissəsində bitmiş 3-4 dənə uzun qamışlara tərəf əlini uzadıb, "orda qazdır quyunu dedi. Mütləq su çıxacaq". Ev yiyəsi təəccüblə “hardan bilirsiniz?” deyəndə, o da “bu qamışlar suyun xəbərçisidir, su olmasa burda qamış bitməzdi”,- dedi.

O zamanın insanları təbiəti kitablardan dedyil, elə təbiətin özündən öyrənirdilər.

Palçıq vulkanları da təbiətin xəbərçiləridirlər. Onlar qaynadıqları ərazidə neftin və qazın varlığından xəbər verirlər. Ötən əsrin 20-ci illərində görkəmli tədqiqatçı, professor D.V.Qolubyatnikov palçıq vulkanını olduqca dəqiqliklə pulsuz kəşfiyyat “quyusu” adlandırmışdı. Bu cür “quyuların” dərinliyi hərdən 10-12 km və daha çox olur. Bu o deməkdir ki, yer səthinə çıxarılmış müxtəlif dağ süxurları, qazlar və minerallaşdırılmış sular-özünə görə yerin “vizit kartıdır”.Yer kürəsində məlum olan 800-dən artıq palçıq vulkanlarından 344-ü Odlar Yurdu Azərbaycanda- 16 min kvadratmetr ərazidə cəmlənib.Ölkədə palçıq vulkanlarının ən çox yayıldığı ərazi Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləridir.

Bu gün mətbuatda maraqlı bir xəbər yer aldı. Azərbaycanın palçıq vulkanlarında ilk dəfə olaraq təbii əmələ gəlmiş qızıl, gümüş, dəmir, mis, titan, yeni minerallar və s. aşkar edilib.

Mütəxəssislər palçıq vulkanlarının "sakit" dövründə axaraq Yer səthinə çıxardığı palçığın tərkibində təbii əmələ gəlmiş qızıl, gümüş, mis, titan, mineral maddələr və s.-ə rast gəliblər.Əvvəllər bu sahə öyrənilməyib.

Son 2 il ərzində bu istiqamətdə ukraynalı mütəxəssislərlə birgə iş aparılır.Bu istiqamətdə tədiqatların aparılması üçün ölkənin müxtəlif tektonik zonalarından - Abşeron yarımadasında, Şamaxı-Qobustan bölgəsi, Xəzəryanı ərazilərdən, Cənub-şərqi Şirvandan 20 vulkan seçilib:

Bu vulkanların hamısında təbii əmələ gəlmiş komponentlər aşkarlanıb. Onların tərkibindəki bu elementlərin miqdarı müxtəlifdir. Birində qızıl, birində gümüş, başqa birində həm qızıl, həm gümüş tapılıb.

Hələlik miqdarı çox az olduğu üçün palçıq vulkanlarının palçığındakı qızıl, gümüşdən hər hansı məqsəd üçün ayrıca olaraq, istifadə etmək mümkün deyil.

Palçığın tərkibində qızılın, gümüşün necə əmələ gəldiyini, onların əmələ gəlmə səbəblərini öyrənmək elm üçün maraqlıdır. Bu vaxta qədər bu istiqamətdə məlumatlar olmadığından bu sahənin araşdırılması bütün dünya üçün yeni istiqamətdir. Yalnız Azərbaycanda deyil, ümumiyyətlə, heç dünya miqyasında belə tədqiqatlar aparılmayıb. Bu işlər ilk dəfə Ukraynada aparılıb, indi isə Azərbaycanda aparılır.Ümid edirik ki, aparılan elmi tədqiqatlar uğurlu nəticələr verəcək və bəlkədə azərbaycanlı geoloqların bu sahədə dünyaya təqdim edə biləcəkləri hansısa bir elmi nailiyyət olacaq.

Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev Bizim Yol qəzetinə bildirib ki, palçıq vulkanizmi –yer qabığının dərin qatlarında baş verən proseslərlə bağlı olan təbii təzahürdür.

“ Palçıq vulkanlarının fəaliyyət məhsullarını əsasən də onların püskürmə dövründə hissə -hissə öyrənərək biz dərinliklərdə, palçıq vulkanları zonasında baş verən geokimyəvi proseslər haqqında qiymətli məlumatlar əldə edirik, ən əsası isə yerin dərin qatlarındakı təbii sərvətlərin öyrənilməsinə və aşkar edilməsinə imkan yaranır. Palçıq vulkanları təkcə neft və qazın sputnikləri deyil, həmdə onların köməkliyi geoloqlar palçıq vulkanları nəticəsində mürəkkəbləşdirilmiş strukturlarda əminliklə axtarışlar aparırlar, və neftqaz yığıntılarını kəşf edirlər. Palçıq vulkan brekçiləri bor, marqanes, litiy, vanadiy, mis və s. qiymətli kimyəvi elementlərin işlənməsi üçün obyekt kimi işlənilə bilər; vulkanik sular da öz növbəsində bor, yod, brom ilə boldur.Vulkanik palçıq gözəl müalicə xüsusiyyətlərinə malikdir və ondan müxtəlif xəstəliklərin müalicəsi zamanı istifadə olunur. Vulkanik gildən inşaatda yüksək keyfiyyətli xammal kimi kərpic və metallurgiyada gil kürələri istehsalında istifadə oluna bilər.Və nəhayət, palçıq vulkanlarının fəaliyyəti Azərbaycan ərazisinin seysmikliyi ilə sıx bağlıdır»- deyə alim vurğulayıb.

Alimin sözlərinə görə, palçıq vulkanları təbiətin olduqca maraqlı və sirli bir hadisəsidir-yerin dərinliyi haqqında böyük dərk edici məlumatlar daşıyıcısıdır.

Maqmatik vulkanlar ilə tutuşdurulduqda palçıq vulkanlarının qlobal miqyasda yayılması məhduddur; Alp-Himalay, Sakit Okean və Mərkəzi Asiyanın mütəhərrik qurşaqlarında dünyanın 30 ölkəsində (İtaliya, Rumıniya, Ukrayna, Azərbaycan, Türkmənistan, İran, Pakistan, Myanma (Birma), Malayziya, İndoneziya, Kolumbiya, Trinidad, Tobaqo və s.) yerləşiblər.

Palçıq vulkanlarının inkşafı üçün Azərbaycanın ərazisi unikal və klassik regiondur. Cənubi Xəzər neftqaz hövzəsi hüdudlarında , Cənubi Azərbaycan və Xəzər ətrafı akvatoriyada 300-dən çox palçıq vulkanı var. Eyni zamanda burada palçıq vulkanlarının təzahürünün bütün formalarına rast gəlinir (fəaliyyətdə olan, sönmüş, gizlədilmiş, sualtı, bollu neftayıranlar). Vulkanların sayına onların fərqliliyinə və fəaliyyətlərinin aktivliyinə görə dünyada Azərbaycana bənzər ərazi yoxdur.Müasir palçıq vulkanlarının fəaliyyətində 2 mərhələ seçilir: fəal-paroksizmal və passiv-qrifonlu salzlı.Birinci mərhələ vulkanın dərinliklərdəki ocaqla boğaz və kanal vasitəsi ilə bağlı olan əsas eruntiv mərkəzdən qazların və brekçilərin (süxur qırıntıları ilə gil qarışığı) güclü tullantılarla xarakterizə olunur.

İkinci mərhələ, təkrar eruntiv mərkəzdən vulkan püskürməsindən sonra nisbətən çox da böyük həcmli olmayan qazların , palçığın və üzərində neftdən pərdə olan lilli suların sızması ilə xarakterizə olunur.Palçıq vulkanlarının püskürməsi, sözsüz, bilavasitə nəzarət edilməyi mümkün olan maraqlı geoloji təzahürlər sırasına aiddir.

Azərbaycandakı palçıq vulkanları haqqında daha erkən və natamam məlumatlar, ölkəmizə gələn ayrı-ayrı səyahətçilərin gündəliklərində və qeydlərində rast gələn şahidi olduqları vulkan püskürmələri, alovun yanması haqqında qeydlərdir. Bu barədə ilkin məlimata 9-cu əsrə dair əlyazmalarda rast gəlinir.

XIII əsrdə yaşmış ərəb səyyah Şəmsəddin Diməşqi yazırdı: Xəzər dənizində bir ada var ki, oradakı böyük vulkandan alov çıxır, o böyük hündür şama bənzəyir. Bu alov qurudan çoxlu fərsəq məsafəsində yerləşir.

Gil adası, Xarə-Zirə (Bulla) adası, Yanan-Tava , Bozdağ-Qobu, Lökbatan, Keyrəki Abşeron yarımadasında-dəniz və qurudakı vulkanlar haqqında birinci məlumatlar 1810-1830-cu illərdə nəşr olunmuşdur. Palçıq vulkanlarının elmi tədqiqatı Qafqazın böyük bilicisi, Sankt-Peterburq Elmlər Akademiyasının həqiqi üzvü Q.V.Abixin adı ilə bağlıdır.

palçıq vulkanlarının püskürməsi və bu zaman əmələ gələn məhsullar həmdə vulkanların qenezisi sualları axırıncı neftqaz yataqları ilə əlaqəsi öyrənilir.

Palçıq vulkanının hər püskürməsi yer dərinliklərində baş verən proseslər haqqında “xəbərdir”, yeni bir informasiyadır. Təəssüf ki palçıq vulkanlarının püskürmə prosesi çox qısa olduğundan, bu təzahürü başlanğıcdan sonuna qədər müşahidə etmək hər zaman mümkün olmur. Adətən geoloqlar bu haqda bir qədər gec xəbər tuturlar, çox vaxt vulkan olan yerə püskürmə sona çatandan sonra çatırlar. Bu prosesin necə baş verdiyini isə hadisəni gözü ilə görmüş insanlar nəql edirlər.

Qəflətən püskürən palçıq vulkanları yeraltı uğultu və ya ildırıma bənzər gurultu, daha sonra partlayış, brekçi tullantısı, karbohidrogen qazlarının 200-250 m hündürlükdə alov əmələ gətirərək yanması ilə müşayət olunur. Bu zaman yanma temperaturu 10000-120000 C-yə çatır. Ətrafda süxurların kiçik hissəcikləri şlaka çevrilir.

Dövri şəkildə, sanki müəyyən porsiyalarla, alov ilə birlikdə səmaya doğru hündürlüyə, vulkanın ocağını krater ilə birləşdirən ağızdan külli miqdarda brekçilər tullanılır. 80-120 m hündürlükdə apageyə çataraq bütün kütlə vulkanın kraterinə doğru tökülür və krater sahəsinin çökəkliyi təzə tullanmış brekçi ilə dolur, bəzən axın vulkanın enişləri ilə qəribə “dillər” şəklində axır. Əgər qaz və sular özlərinə yol tapa bilərlərsə (vulkanın kanalı brekçilərlə tutulmayıbsa), onda müəyyən zaman ərzində mikroforma əmələ gəlir-əsas etibarilə vulkanın ağzının anofizləri ilə bağlı olan fəaliyyətdə olan sopkalar, qrifonlar və salzlar.

Palçıq vulkanlarının ilk püskürməsi milyon illər öncə ba.ş verib. Adil Əliyevin sözlərinə görə, cənub-şərqi Qafqazda palçıq vulkanlarının fəaliyyəti ilk dəfə 30-35 mln il əvvəl baş vermişdir. Qobustanın bəzi sahələrində yuxarı maykop çöküntülərində (yəni aşağı miosen) lay brekçilərinin tapılması buna misaldır. Lay brekçilərinin miosen-pliosen kəsilişlərində və dördüncü dövr çöküntüləri, Qobustandan başqa və Azərbaycanın başqa neftqaz rayonları-Abşeron yarımadası, Aşağı Kür çökəkliyində və Bakı arxipelaqında, vulkanların püskürdüyü Azərbaycan sahəsinin neogen-postpliosen inkişaf dövründəki vulkan püskürmələri qeyd edilir.

Təbiətin möcüzəsi olan palçıq vulkanlarının hələ yəqin ki , açılmamış çox sirrləri var. Vulkan palçığının müalicəvi, kosmetik əhəmiyyəti, dünyada brend markaların ondan sevə -sevə istifadə edərək gəlir götürməsi barədə dəfələrlə yazmışıq. Üstəlik palçıq vulkanlarının turizm obyekti kimi də maraq doğurduğu məlumdur. Bakıda isə palçıq vulkanları insanlara təhlükə törətmir, əksinə insanlar palçıq vulkanlarının ərazisini zəbt etməklə onları təhlükəli hala gətirirlər. Palçıq vulkanları Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mühafizə olunaraq ətraflarına qoruma şəridləri çəkilsə də, şəhərətrafında məskunlaşan insanların bu əraziləri zəbt edərək ev tikməsi həm özlərini təhlükəyə salır, həm də vulkanlara nəzarət prosesini çətinləşdirir.

İlhamə LOĞMAN

Son xəbərlər
Bütün xəbərlər »