Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xammal çöllərə tökülüb Tullantıların utilizasiyasından böyük fayda götürmək olar
Dünyada insanların sayının artması, eyni zamanda şəhərlərə axının güclənməsi tullantıların idarə olunmasını, onların həcminin azaldılmasını sanitar-ekoloji və sosial-iqtisadi baxımdan ən prioritet məsələyə çevirib.

Bütün böyük şəhərlər kimi Bakıda da məişət tullantıları probleminin həllinə, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşmasına, zərərli tullantılar səbəbindən içməli suya, ətraf mühitə və vətəndaşların sağlamlığına təhlükə törədən amillərin aradan qaldırılmasına yönəlmiş tədbirlər həyata keçirilir.

Hələ 2009-cu ildə Dünya Bankı ilə Azərbaycan Hökuməti “Abşeronun Ekoloji Bərpası Proqramı” çərçivəsində “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsini reallaşdırmağa başlayıb. Məqsəd bərk məişət tullantılarının yığılması və utilizasiyasının davamlı və sistemli təşkili üçün aparılan islahata yardım etməkdir. Azərbaycan tullantıların təkrar emalı üçün Türkiyə təcrübəsinə üz tutub. 2011-ci ildə Bakıda İqtisadi İnkişaf Nazirliyinin və Türkiyənin “Ekodenge” şirkətinin təşkilatçılığı ilə “Bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf Strategiyası” hazırlanıb.

Dünyada zibil və tullantıların utilizasiyası üçün iki başlıca üsul mövcuddur. Sənaye tullantılarının utilizasiyası ilə məişət tullantılarının utilizasiyası texnologiya və xərc baxımından fərqlənir.

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətindən "BizimYol" qəzetinə bildirilib ki, basdırma tullantılardan azad olmaq üçün ən ucuz üsul hesab edilir. Çünki bu prosedura tullantıları xüsusi zibilxana və poliqonlara atmaqla yekunlaşır. Təbii ki, sanitariya və gigiyena qaydalarına əməl olunmaq şərti ilə:

Utilizasiyanın digər növü tullantıların yandırılmasıdır. Lakin bu üsulla bağlı da bəzi mübahisələr mövcuddur. Belə ki, yandırma nəticəsində əmələ gələn maddələr ətraf mühitin çirklənməsinə səbəb olur.

Tullantıların emalı və utilizasiyası mühüm ekoloji və iqtisadi vəzifədir.

2017-ci ildə ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 2775,5 min ton və ya əvvəlki illə müqayisədə 8,1% az tullantı əmələ gəlib və onların 56,8%-ni bərk məişət tullantıları, 43,2%-ni isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il ötən il Azərbaycanda 57 min ton təhlükəli tullantı zərərsizləşdirilib.

2017-ci ildə ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 2775,5 min ton və ya əvvəlki illə müqayisədə 8,1% az tullantı əmələ gəlib və onların 56,8%-ni bərk məişət tullantıları, 43,2%-ni isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib

Yaranmış 1576,5 min ton və əvvəlki illərdən qalmış 1,5 min ton bərk məişət tullantılarının 33,4%-i enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5%-i ölkə daxilində satılıb, 66,1%-i isə zibilxanalara daşınıb. Məişət tullantılarından istifadə hesabına 170,3 mln. kVt saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ildə alternativ enerji mənbələri üzrə istehsal olunmuş elektrik enerjisinin 65,8%-ni təşkil edir.

Sənayedə və digər sahələrdə təkrar xammal və istehsal tullantıları ehtiyatlarının 25,7%-i, o cümlədən 24,1%-i yeni məhsul alınması, 1,6%-i isə digər məqsədlər üçün müəssisə daxilində istifadə edilib, 11,2%-i ölkə daxilində satılıb, 0,5%-i ixrac olunub, 10,9%-i zibilxanalara atılıb, 51,7%-i isə müəssisələrdə qalıb.

Təqdirəlayiq haldır ki, ölkədə tullantıların emalı ilə məşğul olan özəl müəssisələr yaranmaqdadır. Bunlardan biri də “Karvan-l” MMC-dir. Müəssisədə məişətdə və istehsalatda istifadə olunan təkrar xammal atmosferə hər hansı bir zərər vurulmadan emal edilir. Şirkətin əməkdaşı Rza Həsənov “Bizim Yol” qəzetinə bildirib ki, müəssisədə tullantılar təkrar emal olunur. Bununla da həm ekoloji mühitə, həm də iqtisadiyyata fayda verilir. "Tullantıların utilizasiyasında çeşidləmə çox önəmılidir. Hər birinin öz spesifikası var. Metal tullantılar qara və əlvan metallardan ibarət olur, onlar partlayış təhlükəli, kimyəvi, radioaktiv və yanğın təhlükəli olurlar. İstənilən digər tullantılar kimi metal tullantılar da ekologiya üçün zərərlidir. Ona görə də metal tullantılar vaxtında, tam və keyfiyyətli şəkildə toplanıb utilizasiya olunmalıdır. Kabel istehsalında əlvan metalların qiymətli növləri – alüminium, qurğuşun, mis tətbiq edilir. Şirkətdə kabellərdən çıxarılmış metal qırıntılarını təkrar emal etmək üçün xətlər yaradılmışdır və aktiv şəkildə istifadə edilir, hazırlıq keçmiş mütəxəssislərimiz var. Metallarla yanaşı dolaqlar da təkrar emaldan keçir. Ağac mexaniki işlənməyə məruz qalır, burada avadanlığın seçilməsi ağac tullantısının növündən asılıdır. Ağac emal prosesindən keçir və ağac məmulatları və qablaşdırma istehsalında və ya taxta kəpəyi tətbiq etməklə inşaatın başqa sahələrində istifadə olunan tikinti materialları alınır. Lak-boya tullantılarının emalı və utilizasiyası bir neçə metodla həyata keçirilir. Bəzi məmulatları alternativ yanacaq olaraq istifadə etmək olar. Bu üsul iqtisadi baxımdan sərfəlidir və sənaye, nəqliyyat müəssisələri üçün rahatdır. Plastik materialların və tullantıların emalına plastik tullantılarını sonradan plastik boru və müxtəlif plastik məmulat istehsal olunması üçün istifadə edilən plastik dənələrini emal edən xətt daxildir", - deyə Rza Həsənov bildirib.

Müasir dünyanın rastlaşdığı yeni tullantı növlərindən biri də elektron avadanlıqlardır. Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumlarının və ayrı-ayrı təşkilatların təqdim etdikləri statistikaya əsasən, 2013-cü ildə satışa çıxarılan elektron məhsullarının həcminə görə ilk yeri Çin bazarı tutur. Keçid iqtisadiyyatı dövrünü yaşayan və inkişaf etməkdə olan ölkələr birlikdə inkişaf etmiş ölkələr qədər elektron tullantı istehsal edirlər. Elektron tullantıların ətraf mühit və insanlar üçün yaratdığı fəsadları əsas tutan hesabatın müəllifləri ölkələri elektron tullantılar üzərində nəzarət sisteminin təkmilləşdirilməsinə çağırırlar. Onların fikrinə görə, məhz tullantıların düzgün idarə edilməməsi, bəzi ölkələrin bu istiqamətdə strategiyaya malik olmaması dünyanı bu gün elektron tullantı təhdidləri ilə üz-üzə qoyur. Birləşmiş Millətlər Təşkilatının qiymətləndirmələrinə görə, 2017-ci ilə kimi dünyada elektron tullantıların həcm i33 faiz yüksəlib.

Elektron tullantıların idarə edilməsiilə bağlı İsveçrə maraqlı üsula əl atıb. 1998-ciildə ölkədə istismar müddətini başa vurmuşelektrikvə elektron qurğuların adi zibil yeşiyinəatılmasınıqadağan edən qanun qəbul edilib. Həmin tarixdən mağazalarda satılan bütün cihazlara tullantıların utilizasiyası məqsədilə sosial vergi tətbiq edilir. Beləliklə, qoyulan vergi cihazın dəyərində özünü əks etdirir. Eyni zamanda mağazalarda utilizasiya obyektinə çevriliblər. Belə ki, istehlakçılar köhnə kompüter, TV, soyuducu, tozsoran və digər cihazları mağazaya geri qaytara və ya köhnə cihazların ayrıca toplama məntəqəsinə təhvil verə bilərlər. Anbarlara yığılan bu cihazların hissələri təkrar emal prosesindən keçirilərək, istifadəyə yararlı hala gətirilir.

Çinin 2,000 kv.km-dən çox ərazini əhatə edən tullantıların basdırılması poliqonlarında 7 milyard tondan artıq üst-üstə yığılıb qalmış tullantı qalağı var. Çində tullantıların yandırılması bu çətin problemi həll etməyin ən səmərəli üsulu hesab olunur. Şünki yandırmadan əmələ gələn kalori dəyəri istilik təchizatı və enerji istehsalı üçün istifadə olunur.

Azərbaycan təcrübəsinə gəlincə onu demək olar ki, Balaxanı Sənaye Parkında məişət tullantılarının tərkibində mövcud olan təkrar emala yararlı materialların ümumi kütlədən ayrılaraq təkrar emalı ilə yanaşı, qeyri-məişət tullantıları hesab edilən avtomobil şinləri, elektrik və elektron cihazlar, məişətdə əmələ gələn təhlükəli tullantılar və digər tullantı növlərinin emalının təşkili planlaşdırılır. Bu istiqamətdə “Təmiz şəhər” ASC qeyri-məişət tullantısı hesab edilən elektrik və elektron tullantıların sənaye parkında təkrar emalı məqsədilə Türkiyədə tullantıların emalı sahəsində böyük təcrübəyə malik "Exitcom Recycling" şirkəti ilə anlaşma memorandumu imzalayıb. İlkin mərhələdə, adı çəkilən tullantıların böyük müəssisələrdən toplanması və emalı nəzərdə tutulur. Bununla əlaqədar elektrik və elektron tullantıların toplanması ilə bağlı artıq "Azercell Telekom" MMC, "PAŞA Holding" MMC kimi böyük şirkətlərlə danışıqlar aparılıb. Növbəti mərhələdə isə bu cür tullantıların əhalidən kütləvi şəkildə toplanması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyi ilə dövlət işçi komissiyası yaradılıb. Bu prinsip istehsalçıların istehsal etdikləri məhsulun ən son mərhələyə, yəni onların utilizasiyası və təkrar emalınadək məsuliyyət daşımasını təmin edir. müasir dövrdə elektrik və elektron tullantıların Balaxanı Sənaye Parkında düzgün şəkildə emal olunması resurslara və enerjiyə qənaət, xammal idxalı asılılığını azaltmaqla ölkədə "yaşıl iqtisadiyyat"ın inkişafına təkan verəcək, ətraf mühit və insan səhhətinə mənfi təsirləri və riskləri azaltmış olacaq.

Məişət tullantıları quru halda yananda onlardan əsasən azot oksidi(IV) və karbon qazı (CO2) ayrılır. Təbii ki yandırılan bütün əşyaların hisi, tüstüsü olur. Üzvü sintezdən alınan maddələr isə toksik xassələrə malikdir. Bakı şəhərində məişət tullantılarının özbaşına yandırılması qadağan olunub. Yerlərdə kommunal xidmət işçilərinin özbaşına şəkildə tullantıları yandırması qadağandır və bu kimi hallara qarşı Ətpaf Mühitin Mühafizəsi Departamenti mübarizə aparır. Nəzərə almaq lazımdır ki, tullantıları özbaşına halda yandırmaq böyük təhlükələr törədə bilər.Tullantılar arasında partlaya biləcək maddələrin olması ehtimalı hər zaman var. Belə hadisələrə dəflərlə rast gəlinib və bu kimi hallar insan sağlamlığı üçün təhlükəlidir. Mərkəzi küçələrdə tullantıların təmizlənməsi proseduru ideal şəkildə aparılsa da ətraf küçə və rayonlarda bu məsələlərə diqqət artırılmalıdır və daimi nəzarət tələb edir.

Bu gün dünyaya güc göstərişinə çıxmış Çin dünyada tullantıların həcminə və təkrar emalına görə birinci yerə çıxmış ölkələrdəndir.Ölkə ərazisində tullantıların utilizasiyası ilə müasir standartlara cavab verəcək şəkildə məşğul olan özəl şirkətlərə ehtiyac və yer var. Yuxarıda qeyd etdiyimiz kimi təkrar emal sayəsində böyük iqtisadi fayda götürmək mümkündür. Məhz bu sahəyə texnoloji avadanlıqlar üçün investisiya ayrılsa fayda götürmək olar. Çünki xammalı havayıdır.

İlhamə LOĞMAN

Son xəbərlər
Bütün xəbərlər »