Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibələr və ekoterror nəticəsində itirdiklərimiz
Hələ 2300 il öncə filosof Epikur insanlara üz tutaraq deyirdi: “İnsanlar! Siz təbiətin naz-nemətindən qənaətlə istifadə etməklə, ona qarşı qəddarlığınızı ram etmək borcunuzu bir an belə unutmayın».

Yaşadığımız XX və XXI yüzilliklər tarixdə güman ki, texniki tərəqqi əsri kimi qeyd ediləcək. Nüvə enerjisinin kəşfi, kosmosun fəthi, lazer şüasının cilalanması və başqa nəaliyyətlərlə səciyyələnən XX yüzillik həm də dəhşətli müharibələrlə yadda qalacaq. Dünya müharibələri, ictimai-siyasi və iqttisadi inqilablar, çəkişmələr araşdırdığımız dövrün ən böyük bəlası, ümumbəşəri miqyaslı təhlükə kimi qəbul olunan təzadlar və ekoloji böhrandır. İnsan cəmiyyəti mövcud olduğu dövrdən təbiətə qarşı qəddarlıq edir, bütün canlılardan fərqli olaraq insan öz mühitini korlayır, zibilləyir, zəhərləyir və bununla da özünə və təbiətə qəst etmiş olur. Yeni texnoloji avadanlıqlarla təbiəti istismar edən müasir insan geoloji amil sayılır. Biz təbiətin iki milyon il ərzində yaratdığı faydalı qazıntı məhsullarını son yüzillikdə amansızca mənimsəmişik.İnsan təbiətə vurduğu zərbə ilə kifayətlənməyib, təbii sərvətlər uğrunda mübarizə və müharibələrlə elə özünə də zərbə vurub.

Hazırda dünyanın müxtəlif regionlarında ekoloji baxımdan ziyansız, təmiz ərzaq əldə edilməsi imkanları getdikcə məhdudlaşır. Çernobl qəzasının «Radioaktiv» əks-sədasının hətta uzaq Avstraliya ərazisində qeyd olunması bu baxımdan çox söz deyir.

Azərbaycanın müstəqilliyini əldə etməsi böyük qurbanlar bahasına başa gəldi. Torpaq uğrunda savaşda şəhidlər verdik,1 milyon soydaşımız yurd yuvasını tərk edib didərgin düşdü.Azərbaycan dirçəlib ayaq üstə durmağı bacarsa da siyasi oyunlar, beynəlxalq güclərin əlində alətə çevrilmiş Qarabağ problemimiz yaralı yerimiz olaraq qaldı. Sözün həqiqi mənasında yaralı yerimiz. Çünki ölkə torpaqlarının 20 faizi işğal altında qaldığı 25 il ərzində atəşkəs elan olunsa da qədim dədə - baba torpaqlarımızda ekoterror davam edir.

Bu gün əkinə yararlı torpaqlarımızın 1milyon 700 min hektarı, yerüstü su ehtiyatlarımızın 70 faizi, keçilməz meşələrimizin yarıdan çoxu işğal zonasındadır.Ermənistan ilk növbədə bizə qarşı ortaq sularımız vasitəsi ilə mübarizə aparır.

Azərbaycanın Ağdərə rayonu ərazisində, Tərtərçayın üzərində tikilib 1976-cı ildə istifadəyə verilən Sərsəng su anbarı Ermənistanın işğalı altındadır. Dəniz səviyyəsindən 726 metrdən çox yüksəklikdə olan bu su anbarının ümumi həcmi 560 milyon kubmetr, suyunun dərinliyi 103 metr, bəndinin hündürlüyü 125 metr, uzunluğu 555 metrdir. Bəndin gövdəsində su elektrik stansiyası tikilmiş, hər birinin gücü 50 meqabayt olan 2 turbin quraşdırılıb. Bu nəhəng anbar Azərbaycanın bir neçə rayonunun əkin sahələrini bol su ilə təmin etmək məqsədilə yaradılmışdı.

Beynəlxalq araşdırmaçıların bildirdiyinə görə, Sərsəng dəryaçası 1992-ci ildə ermənilərin nəzarəti altına keçdikdən sonra texniki qurğuların baxımsızlığı nəticəsində hazırda qəzalı vəziyyətdədir.

Ermənilər torpaqlarımıza və cəbhəyanı rayonların əhalisinə daha artıq zərər vurmaq üçün anbarın suyunu payızın sonu və qış aylarında buraxır, nəticədə torpaqlar su altında qalır, yollar dağılır, kənd təsərrüfatına böyük ziyan dəyir. Suya ehtiyac olan yaz-yay aylarında isə bəndin qarşısı kəsilir. Nəticədə əkin sahələri quruyur, yaşıllıqlar məhv olur, torpağın bioloji strukturu mənfiyə doğru dəyişir. Tarixən münbit və məhsuldar olan torpaqlar yararsızlaşır. Həmçinin əhalinin və torpağın daha artıq zərər çəkməsi üçün su ilə partlayıcı sursatlar, məişət tullantıları, zəhərli maddələr də axıdılır. Sənaye müəssisələrinin çirkab sularının təmizlənmədən Tərtər çayına axıdılması nəticəsində Sərsəng su anbarından gələn suyun tərkibində biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır.

İşğal olunmuş ərazilərin hazırki ekoloji durumu haqqında dəqiq informasiyanın olmaması çox böyük çətinlik yaradır. Bu ərazilərə nəzarət edən Ermənistan oradakı real ekoloji vəziyyəti qəsdən gizlədir. Ermənistan ərazisindən başlayan çayların demək olar ki, hamısı Azərbaycanın Kür-Araz çaylarına və oradan da Xəzərə tökülür. İllər boyu bu ölkənin ərazisindən axan Oxçu, Zəngi, Araz, Ağstafa, və b. çaylar öz suları ilə Azərbaycanın çaylarını çirkləndirir. Qafan mis-molibden yataqlarından Boxçuçaya axıdılan zərərli çaylar, Ermənistan AES və s. Azərbaycanın ekologiyası üçün daimi təhlükə mənbəyini yaradırlar. Ermənistan AES-də istifadə olunan sular sonralar çaylar vasitəsi ilə Azərbaycana ötürülür. Bu stansiyanın işlənmiş radioaktiv tullantılarını Azərbaycanın işğal olunmuş rayonlarının ərazilərində basdırılması haqqında məlumatlar mövcüddur. Bu ərazilərdə müvəqqəti olduğunu başa düşən ermənilər oradakı təbii ehtiyatlardan, faydalı qazıntı yataqlarından vəhşicəsinə istifadə edir. Asan istifadə edilə bilən mineral sular, müxtəlif texniki materiallar, ehtiyatlar, daha çox mənimsənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunub. Ermənistanın həyata keçirdiyi işğalçı siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurur, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarır.

İşğal olunmuş ərazilərdə qalmış ümumilikdə 261 min hektar meşə, o cümlədən 13 min 197 hektar qiymətli meşə sahələri, 215 ədəd təbiət abidəsi, 5 ədəd geoloji-paleontoloji obyekt, hündürlüyü 45 metr, diametri 6-8 metrədək, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı və digər təbiət abidələri talan olunaraq əksəriyyəti məhv edilib.

Böyük əhəmiyyətə malik xüsusi mühafizə olunan təbiət ərazilərinin 70 min 388,6 hektarı- Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri bu gün də işğalçı ordunun tapdağına məruz qalaraq məhv edilir.Ermənilər yaratdıqları ekoloji fəsadları özləri də etiraf edirlər.

Ermənistanda nəşr olunan “Lragir” qəzeti qarabağlı jurnalist Sərsəng su anbarında balıqların kütləvi ölməsi barədə xəbər yayıldığını yazıb.Buna səbəb anbarın suyunun həddən artıq çirkləndirilməsidir.

Balıqların məhv olmasına isə Qarabağda faydalı qazıntıları istismar edən “Beytz Metal” (Base Metals) şirkətinin (“Valleks” şirkətləri qrupu) Drmbon yatağında qızıl-mis emalı zamanı sianidləri çaya buraxması səbəb göstərilir. İş orasındadır ki, ətraf kəndlərdə yaşayan yerli əhali də faktı təsdiq edib. O da vurğulanır ki, “Beytz Metal” şirkətinin direktoru artıq Drmbon yatağında ehtiyatların tükənmək üzrə olduğunu bildirib. Şirkət 2015-ci ildə Ağdərədəki Caxkaşen adlı başqa bir yatağın istismarına başlayıb.Bu məslədə Azərbaycanın haqq səsini dünyaya tanıdan türk əsilli politoloq, Almaniya Bundestaqının sabiq deputatı Haqqı Kəskin hələ 2011-ci ildə bildirmişdi: “İndi Sərsəng su anbarının hər hansı bir formada qəzaya uğraması və ya hər hansı bir təxribat nəticəsində Azərbaycan xalqının və Azərbaycan torpaqlarının önəmli bir hissəsinin böyük zərərlə üzləşəcəyi qaçılmazdır. Beynəlxalq bir komissiya qurulmalıdır. Bu komissiya Sərsəng su anbarının mövcud vəziyyətini araşdırıb, təhqiq edib dünya ictimaiyyətinə çatdırmalıdır. Bundan sonra bütün zəruri addımlar atılmalıdır”.

Almaniyalı mütəxəssisin sözlərinə görə, hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza ekoloji böhranla yanaşı, mülki əhalinin kütləvi şəkildə məhv edilməsi və yenidən bölgədə humanitar böhran vəziyyətinin yaranması ehtimalını artırır: “Azərbaycanın təxminən 400 mindən artıq mülki əhalisinin həyatı hazırda Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı təhlükə altındadır”.

İllərdir ermənilərin Azərbaycana qarşı tətbiq etdiyi bu ekoterror davam edir və hələ ki, Azərbaycan dövlətinin beynəlxalq aləmə etdiyi çağırışlar nəticə verməyib.

Hazırki dövrdə bütün qlobal problemlər içərisində ən əsası sülh və tərksilah problemləridir.Çünki nəhayət başa düşülüb ki, düşmənə atılan hər bomba birbaşa olmasa da dolayı yolla atan tərəfə də təsir edir. İnsan yer üzərində peyda olduqdan sonra min illərlə müxtəlif silah növlərilə saysız-hesabsız müharibələr etmişlər. Bu müharibələr əsas etibarilə torpaq tutmaq, təbii sərvətlərə yeyələnmək, ərazi genişləndirmək, din və ərazi ayrı-seçgilikləri əldə etmək və s. səbəblərdən baş vermişdir. Təkcə XX əsri götürsək bu əsrin I yarısında iki dünya müharibəsi tarixdə misli görünməmiş təbii, ekoloji, siyasi və iqtisadi nəticələrilə tarixə düşmüşdür

II Dünya müharibəsində bəşəriyyətin bu vaxta kimi görmədiyi silah və sursatdan istifadə edilmişdir.Hələ də bu müharibədən qalan partlamamış mərmilər tapılır, hələ də bu müharibənin dünyaya vurduğu yaraların izi qalmaqdadır.Bu gün isə bəşər oğlu III dünya müharibəsinin siqnallarını verməkdədir. Bu dəfə daha tanklar, təyyarələrlə deyil nüvə silahları ilə təhdid edir insan özü-özünü.

Beynəlxalq ozon qatının mühafizəsinin devizi belədir: «Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru». Yer üzərində həyat, min illərlə, atmosferdəki mühafizə qatı sayəsində qorunur. Ozondan ibarət olan bu qat Yeri Günəşin zərərli ultrabənövşəyi şüalarından mühafizə edir. Bu planetimizin nadir xüsusiyyətidir. Bu mühafizə qatının dağıldığı hallarda Günəşin ultrabənövşəyi şüalanması Yerin səthindəki həyatın böyük hissəsini məhv edir. Bir nüvə sınağı ilə okanların dərin qatlarındakı milyardlarla canlını məhv edir insan. Bir dəfə atılan kimyəvi silah insanla yanaşı milyonlarla canlının həyatına son qoyur.Həm canlıları məhv edir, həm ozon qatını. Havada yaranan radiasiya bu günümüzlə yanşı gələcəyimizi də təhdid edir. Böyük güclərin torpaq uğrunda gedən savaşları o torpaqlarda heç bir canlının yaşamasına imkan vermyəcək qədər amansızdır.Yanmış, külə dönmüş ölü torpaq kimə və nə üçün lazımdır?Dəyərmi?

Ilhamə LOĞMAN

Son xəbərlər
Bütün xəbərlər »