Səngəçal karvansarayı, adından da göründüyü kimi Bakıdan 40 km uzaqlıqda Qaradağ rayonunun Səngəçal qəsəbəsində, ümumi magistral yoldan 300-400 metr aralıda yerləşir. Tarixi mənbələrə görə, karvansaray 1439-40-cı illərdə Şirvanşah I Xəlilullahın tapşırığı ilə inşa edilib. İki mərtəbəli, dördkünc şəkildə tikilmiş karvansaray XIX əsrdən etibarən fəaliyyətini dayandırıb. Karvansaray baxımsız qaldığı üçün zamanla aşınıb, hazırda sıradan çıxmaq üzrədir. Ətrafını ot-alaq basıb, divarları dağılır.
Karvansarayın içərisini gəzərkən antik bir ab-hava hiss edilir. Tağlı otaqlar, bir-birinə keçidi olan dəhlizlər, aradan yüzillər keçsə belə hələ də əzəmətini itirməyən divarlar insanı əsrlər öncəyə aparır. Həyətində olan keçibuynuzu ağacının kölgəsi karvansarayın həyətinə xüsusi bir bəzək verir.
Təəssüf olsun ki, bu tarixi abidə məhv olmaq üzrədir. Baxımsızdır, ərazidə mal-qara saxlayanlar heyvanlarını otlamaq üçün bu əraziyə gətirir. Ətrafda olan ağaclar - iydə, əncir ərazidə gəzən heyvanlar tərəfindən məhv edilir. Yeri gəlmişkən qeyd edim ki, karvansarayın həyətində “Qırmızı kitab”a düşmüş yulğun kolları da var.
Əslində sual yaranar ki, "karvansaray təmir edilsə nə olcaq ki? Nə kimi fəaliyyət göstərə bilər?"
Birinci karvansaray gözəl tarixi üslubda tikildiyi üçün turistlərin diqqətini çəkə bilər. Təmir edilərsə, həyətində kiçik kafe fəaliyyət göstərə bilər ki, bu təcrübə Türkiyədə var. Türkiyədə tarixi abidələrdə kiçik kafelər fəaliyyət göstərir. Gələn tursitlər əvvəlcə abidəni gəzir, şəkillər çəkdirir, sonra həmin ərazidə istirahət edir, çay və ya kofe içib yola davam edirlər. Bunu etməyə Mədəniyyət Nazirliyinin maddi gücü çatmırsa, karvansarayın təmiri və kafe kimi fəaliyyət göstərməsi ilə bağlı tender keçirə bilər, həmçinin sahibkarlara güzəşt edərək, tarixi abidənin qorunması üçünbir addım ata bilər.
Səngəçal karvansarayı kimi yüzlərlə baxımsız və diqqətdən kənar qalan abidələrimiz var ki, onlara yeni ruh verib, turistlər üçün məkana çevirmək olar.
Azərbaycanda bəzi tarixi abidələri baxımsız bir vəziyyətdə sanki kənara atıblar. Bəzilərinin qapısını da qıfıllayıblar. Soruşsan, deyəcəklər ki, "qorunması üçündür".
İradə Cəlil, Bizimyol.info






