Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda dönər dəhşəti: yeyək, yoxsa yox
Ekspert: “15000 dönərxananın yalnız 100-ə qədəri təhlükəsiz dönər hazırlayır”

Qida Təhlükəsizliyi Agentliyi: “Bizim ünvanımıza “dönər əti” ilə əlaqədar şikayət faktı daxil olmayıb”.

Bakıda dönər ətləri ilə bağlı monitorinq keçirən “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov açıqlama verib ki, dönər ətləri ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırılacaq.

“Monitorinq zamanı sahibkarlar tərəfindən bizə müdaxilə oldu və çəkiliş aparan jurnalistin kamerası sındırıldı. Amma bununla bağlı böyük bir təbliğat aparacağıq. Dönərlərlə bağlı məsələnin mahiyyəti ondan ibarətdir ki, dönər ətləri şok dondurmadan keçirilməlidir. Yəni dönər əti çiy-çiy şişə taxılır və onun çöl tərəfi qızardılır. Ətin içi isə çiy olaraq qalır və ətdə olan qan qızardılmış ətə qarışır. Bunu da bu şəkildə insanlara satırlar. Belə halda heyvan ətində olan xəstəliklər insanlara da yoluxur. Ona görə də dönər əti hazırlanandan sonra minus 40 dərəcədə şok dondurmadan keçirilməlidir ki, bu xəstəliklər məhv edilsin”.

E.Hüseynov bildirib ki, bununla bağlı bölgələrdə treninq keçirəcəklər: “Bizdə olan məlumata görə Bakıda 15 minə qədər dönərxana var. Bunların cəmi 100-ə qədəri təhlükəsiz dönərlər hazırlayır. Qalanları isə özləri bu dönər ətlərini hazırlayıb təhlükəli şəkildə insanlara satırlar. Bununla bağlı biz dövlət orqanları qarşısında məsələ qaldıraraq insanları maarifləndirəcəyik. Biz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından qrant almışıq və aprelin 15-dən sonra qida təhlükəsizliyinin təmin olunmasına dair “İctimai tədbirlər” adlanan layihəmiz çərçivəsində rayonlarda treninqlər keçirəcəyik. İnsanlarımıza bildirişlər paylayacağıq ki, əhali təhlükəli qidalardan uzaq olsun. Biz bu işlərimizlə Qida Təhlükəsizliyi Agentliyinə kömək etmək istəyirik”.

“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynovun dönər üçün ət hazırlanarkən təhlükəsizlik normalarına riayət edilməməsi iddiası ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə informasiya sorğusu göndərdik.

Bu qurumun sorğumuza cavabında bildirilib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yalnız aparılmış laborator müayinələrin nəticələri əsasında hər hansı bir məhsulun insan qidası üçün yararlı olub-olmaması haqqında rəy verə bilər: “Agentlik qida məhsullarının təhlükəsizliyinə nəzarəti həyata keçirən dövlət orqanı kimi hər hansı məhsul haqqında yalnız rəsmi faktlara əsaslanaraq rəy verir. Belə rəylər laborator müayinələrin nəticələrinə əsaslanır.

Hazırda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı olaraq, struktur bölmələrinə ixtisaslaşmış kadr potensialının cəlb edilməsini, qida məhsullarının təhlükəsizliyinə dair normativ hüquqi bazanın hazırlanmasını həyata keçirir.

Agentlik fəaliyyətə başladıqdan sonra risk dərəcəsinə uyğun olaraq, bütün qrup qida məhsullarının təhlükəsizliyinə nəzarət edəcək, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada qarşısına qoyulmuş vəzifələrin icrasını həyata keçirəcəkdir.

Yarandığı gündən etibarən Agentliyə həvalə olunan nəzarət funksiyasını qida məhsulunun emalı, istehsalı, daşınması, dövriyyəsi, satışı, bir sözlə “tarladan süfrəyə” prosesində iştirak edən sahibkarlıq subyektlərinə əngəl törətməyəcək şəkildə, onlara dəstək xarakterli yol izləməyi düşünən qurum bu işləri mərhələli şəkildə həyata keçirməyi, bu sahədə vətəndaş məsuliyyətini artıracaq yöndə geniş maarifləndirmə işləri görməyi planlaşdırır.

Qeyd edək ki, Agentliyin ünvanına “dönər əti” ilə əlaqədar şikayət faktı daxil olmayıb”.

Ramid İBRAHİMOV

Son xəbərlər
Bütün xəbərlər »