Ukrayna sülh danışıqları üçün Rusiya rəsmiləri Alyaska ştatına gəlib. Xarici mediada yayılan iddialara əsasən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun üzərində “SSRİ” yazılmış köynək geyindiyi görüntülənib. Görüntülər iddialara zəmin yaradıb. Ən azından "CC" hərflərini görmək mümkündür. Geyimin üzərində yazılan ifadənin mütləq "SSRİ" olduğuna əmin olmaq üçün köynəyin tam görüntüsünü görməyə ehtiyac var...
Sergey Lavrov o köynəyi təsadüfi, yoxsa bilərəkdən geyinib? Bu da ayrı bir sual. Bəs əsas sual budurmu? Cavablanmalı olan sual Lavrovun köynəyindəki yazıdırmı? Alyaskanın "zirvə"sində, beynəlxalq ictimaiyyətin diqqət mərkəzində Lavrovun köynəyi olmalıdırmı? "İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar" deyimi tam da yerinə düşdü. Geyimi gördük. Bəs ağıl? Bu geyimi geyinmək nə dərəcədə "ağıllı" seçimdir? Keçmiş, bitmiş, batmış, dağılmış, yox olmuş imperiyanın "qanlı" köynəyini özü ilə daşımaq... Xatirələri yaşatmaqdır, yoxsa onu yenidən diriltmək arzusu? Və bu arzu nə dərəcədə mümkündür? Bu da ayrı bir sual.
"Bir köynək üstün"... Belə bir deyim var. Lavrovdan "bir köynək üstün" təfəkkür, yanaşmaya ehtiyac duyur Dünya. Ukraynada qətliama, soyqırıma məruz qalan xalq Lavrovun köynəyindəki yazı ilə maraqlanmır. Heç Rusiyanın özündə övladları "könüllü" və ya məcburi cəbhəyə göndərilən valideynlər də Lavrovun köynəyində yazılan 4 hərfli sözlə maraqlanmır. Onlar "Beyrəyin qanlı köynəyi"ni görmək istəmirlər. Övladı ölüb, ya sağdır? Budur onları maraqlandıran. Həm Ukraynada, həm də Rusiyada. Haqsız, ədalətsiz, qanlı, itkili müharibədən əziyyət çəkən hər iki xalq Lavrovun köynəyindəki yazıya əhəmiyyət vermir. Onlar ölkənin və cəbhədəki övladın alnındakı yazıya baxır. Onlar gələcəyə baxır, gələcək isə Lavrovun köynəyi kimi ağ görünmür...
Söz vardır, kəsər savaşı"...
Orxan Musabəyli






