Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xəzər dənizi gözlə görünəcək şəkildə kiçilir"
"Xəzər dənizi gözlə görünəcək şəkildə kiçilir"

Adilbek Kozybakov uşaqlığında hər zaman anasının soyuducuda qara kürünü saxladığını xatırlayır. Hər gün çörəyin üzərinə yağı və kürünü sürtüb uşaqlarına verərdi. Anası inanırdı ki, bu onları sağlam saxlayır. O vaxtlar dənizin ətri ilə duzlu kürünün dadı bir başqa idi. Lakin indi, 51 yaşlı Kozybakov üçün bu sadəcə nostaljidir. Aktau mağazalarında təbii kürüyə rast gəlmək artıq mümkün deyil. Nəsli kəsilməkdə olan nərə balıqları və Xəzər dənizi tədricən yox olma təhlükəsi ilə üz-üzədir.

Bizimyol.info xəbər verir ki, "Nature" jurnalında yayımlanan araşdırmaya görə, əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsi 18 metrə qədər enə bilər və səthinin 34 faizi yox ola bilər. Bu isə unikal canlı növləri, o cümlədən Xəzər suitisi və nərə balıqları üçün böyük təhlükə yaradır.

Kozybakov bu prosesin illərdir göz önündə olduğunu deyir: “Heç bir araşdırma aparmağa ehtiyac yoxdur. Dənizin çəkildiyi gözlə görünür”, - deyə o qeyd edir.

Xəzər dənizi Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Azərbaycan arasında yerləşir. Eyni zamanda Çindən Avropaya gedən “Orta dəhlizin” və iri enerji layihələrinin əsas hissəsidir. Lakin təkcə iqlim dəyişikliyi yox, həm də insan amili – xüsusilə Volqa çayının su idarəçiliyi bu prosesə təsir edir. Rusiyada suyun kənd təsərrüfatı və sənaye üçün istifadəsi nəticəsində Xəzərə axan suyun miqdarı kəskin azalıb.

Kozybakov: “Əvvəllər nərə balığı onillərlə yaşayırdı, heç kim ona toxunmazdı. İndi isə brakonyerlər onu məhv edib, neft şirkətləri isə yaşayış mühitini çirkləndirib”, - deyə qeyd edib.

Qazaxıstanın neft yataqları əsasən xarici şirkətlər tərəfindən işlənilir. Ekoloq-hüquqşünas Vadim Ni bu ilin fevralında “Xəzəri xilas et” kampaniyası çərçivəsində dövlətə qarşı məhkəmə iddiası qaldırıb. O, dövlətin xarici şirkətlərlə bağladığı gizli müqavilələrin ətraf mühitə olan təsirini öyrənməyin mümkünsüz olduğunu bildirib.

Ni vurğulayır ki, bu müqavilələrin beynəlxalq məhkəmələrə tabe edilməsi və ictimaiyyətin məlumatlara çıxışının məhdudlaşdırılması Aarhus Konvensiyasına ziddir. “Ətraf mühitin qorunması üçün məsuliyyət daşımayan neft şirkətləri, Avropaya "yaşıl enerji" göndərmək adı altında bizə tullantılar və su çirkliliyi buraxacaqlar,” – deyə Ni əlavə edir.

Qazaxıstan məhkəməsi işi qəbul etməyib. Lakin Ni beynəlxalq məhkəmələrə müraciət edəcəyini bildirir.

Aktau şəhərində isə Kozybakov yerli hakimiyyət və vətəndaş cəmiyyəti ilə birgə çalışaraq hökumətə və cəmiyyətə bu məsələnin nə qədər ciddi olduğunu anlatmağa çalışır. “Oyandıq. Artıq yalnız ekoloqlar deyil, sadə vətəndaşlar da narahatdırlar – burda doğulan, böyüyən insanlar və onların gələcəyi naminə hamılıqla mübarizəyə qoşulmalıyıq” – deyə Kozybakov bildirir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »