Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Həmin vaxt alınmadı, sonra da bu məsələni bağladıq”

Topaz Premyer Liqasında XXIII turun “Kəpəz” – “Qarabağ” (0:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

“Qafqazinfo” xəbər verir ki, 46 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib.

- Vacib qələbə qazandıq. Burda oynamaq həmişə ağır olub. Son oyunlarda “Kəpəz” çox yaxşı çıxış edirdi. Buna hazır idik. Rəqibə uğurlar arzulayıram. Yunis Hüseynov yaxşı komanda yığıb.

- Mahir Mədətovun heyətdə olmaması nə ilə bağlı idi?

- Belə bir qərar verdik. Formada deyil. Performansı istənilən kimi deyil.

- Ramil Şeydayev "Qarabağ"da ilk qolunu vurdu...

- Bu, sevindirici haldı. Son vaxtlar əvəzedicilərin heyətində qollar vurmuşdu. Daha da istəkli olmalıdı. Qol vurması hər şeyin qaydasında olması demək deyil. Bunun üçün daha da alışıb yanmalıdı. Bir qol kifayət deyil. Bundan sonra daha çox əziyyət çəkməli və özünü yaxşı tərəfdən göstərməlidi. Onu təbrik edirəm. Qol vurduğuna görə sevinirəm. Bəzi epizodlarda daha aqressiv, istəkli olmasını istərdim.

- Ağabala Ramazanov zədədən sonra sıraya dönüb. Onun oyunundan razısız?

- Normal oynadı. O da əvəzedicilərin yarışında fərqlənmişdi. İmkan olduqca hamıya şans verməyə çalışırıq.

- Komanda o qədər də güc sərf etmədi. Bundan sonrakı oyunların daha asan olacağı gözlənilir. Komandanı motivasiya etmək çətin olmayacaq ki?

- Nə qədər çalışsaq da ki, oyunlara tam köklənsinlər, bu alınmır. Təkcə iş başında olanda yox, həmişə motivasiyalı olmalıdılar. Bu, ələlxüsus da gənc futbolçulara aiddi. Yalnız bir oyunda qələbə qazanmaq, qol vurmaqla iş bitmir. Futbol il boyu davam edir. Təkcə mənim verdiyim motivasiya onlar üçün çox azdı. Hər oyun maksimum istəklə meydana çıxmalıdılar.

- Xama Billiatın transferi yenidən gündəmə gəlib...

- Təklifimiz olmuşdu. Qışdan sonra heç bir danışıq olmayıb. Həmin vaxt alınmadı, sonra da bağladıq bu məsələni.

- Komandada məhsuldarlıq aşağıdı. Demək olarmı ki, Dino Ndlovunun yoxluğu hələ də hiss olunur?

- Bu gün komandada hansı futbolçular varsa, onların yerini düşünürük. Transferlərlə bağlı ilboyu iş gedir. Bəzi mövqelərdə yeni futbolçuların olmasını istəyirik. Kiminsə yerinin göründüyünü deyə bilmərəm. Komandama güvənirəm. Bu hesablar futbolçuları özlərini daha da yaxşı tərəfdən göstərməyə həvəsləndirməlidi. Həm çempionat, həm avrokubokda bu, çox önəmlidi.

- Hansı mövqeyə oyunçu almaq istəyirsiz?

- Bütün mövqelərə axtarış gedir.

Son xəbərlər
Bütün xəbərlər »