Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sağlam can sağlam qidadan başalyır – Ekoloji təmiz kənd təsərrüfatına keçid günümüzün tələbidir
Tez-tez yaşlı nəslin dilindən bir ifadə eşidirik. “Bu meyvələr əvvəlki meyvələr kimi dadmır, əvvəllər çörək bişirəndə qoxusu bütün kəndi bürüyərdi, qarpız yeyən xəstə yenidən cana gələrdi, indi yeyib zəhərlənməmək möcüzə kimi bir işdir”. Bəs nemətlərimiz nədən bu hala gəldi? Sadəcə insanın öz işi öz başına bəla oldu.

Ətraf mühitin çirklənməsi və pozulması bir sıra ekoloji, iqtisadi və sosial problemlərin yaranmasının əsasını təşkil edir .Bu amil hazırda bəşəriyyət üçün bir sıra iqtisadi və sosial problemlər yaratmaqla yanaşı, eyni zamanda gələcəkdə yeni irimiqyaslı ekoloji fəsadların əmələ gəlməsinə də təkan verir. Ətraf mühitin pozulması və çirklənməsindən irəli gələn yeni t problemlərin arasında iqlim dəyişmələri xüsusi yer tutur. İqlim dəyişmələri təbii fəlakətlər, səhralaşan torpaqlar, su çatpışmazlığı, ərzaq qıtlığı, xəstəliklər kimi müxtəlif bəlaları da öz ardınca sürükləyib gətirir. Odur ki, bu gün bütün dünyanın bir nömrəli məsələlərindən biri də ərzaq çtışmazlığına qarşı mübariəz üsullarının tapılması, ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Böyük eyforiya ilə başlamış bu yarış uzun illər genetikası modifikasiya olunmuş (GMO) məhsulların bazarlara çıxarılması ilə nəticələndi. Bu gün isə alimlər GMO-lu bitkilərin gələcəyimizə atılan zərbə olduğunu dilə gətirirlər. Başqa sözlə desək, ekoloji təmiz kənd təsərrüfatı amili inkişaf etmiş və inkişafda olan dövlətlərin strateji məsələsinə çevrilir.

XIX əsrin əvvəlində isveçrəli alim Hans Müller ekoloji kənd təsərrüfatı konsepsiyasının əsasını qoydu. Müller 1921-ci ildə İsveçrədə məqsədi təfəkkürün yüksəlməsi olan kəndlilərin vətəndaş hərəkatını yaratdı. Onun fikrincə, bu hərəkat onlara cəmiyyətdə öz davamlı yerlərini tapmaqda yardım etməli idi.XX əsrin 40-cı illərində İngiltərədə İv Balfur və Albert Hauerdin səyləri nəticəsində almandilli ölkələrdə geniş inkişaf tapmış ekoloji kənd təsərrüfatı sisteminə uyğun olan formada təsərrüfat yaradıldı. Bu gün İngiltərədə ekoloji fermer təsərrüfatlarının əksər hissəsi bu sistem əsasında fəaliyyət göstərir.Müxtəlif ölkələrdə ekoloji kənd təsərrüfatı müxtəlif adlara malikdir. Avropada «üzvi», «ekoloji», «bioloji» adları sinonim kimi qəbul edilir və bunların hamısı qanuni hesab olunur.

1972-ci ildə ekoloji kənd təsərüfatını vahid bir ideya ətrafında birləşdirən və onu ümumdünya miqyasında təmsil edən Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası (İFOAM) yaradıldı. IFOAM-ın yaranması ilə bu hərəkat daha böyük sürətlə inkişaf etməyə başladı.

Bu beynəlxalq təşkilat üç qitədən olan 5 üzvü ilə öz işinə başlamış, 15 ildən sonra isə onun 25 ölkədən 100-ə yaxın üzvü var idi. Son illərdə isə təşkilat 100 ölkədən 760-a qədər ittifaqı öz sıralarında birləşdirir. Ekoloji kənd təsərrüfatının əsas prinsipləri IFOAM-ın standartlarında ifadə olunur: lazımi miqdarda, yüksək keyfiyyətli ərzaq məhsulları istehsal etmək;təbii sistemlərlə faydalı, üzvi və qarşılıqlı əlaqədə olmaq, kənd təsərrüfatı praktikasında mikroorqanizmlər, torpaq, flora və faunanın, bitki və heyvanların qarşılıqlı əlaqələndirilməsi yolu ilə bioloji dövranı canlan¬dırmaq və onu gücləndirmək;

Qloballaşan dünyada hər bir dövlətin qarşısında duran ən ümdə vəzifələrdən biri ölkə əhalisini sağlam ərzaqla təmin etməkdir. Bu məqsədlə 1993-cü ildə BMT-nin beynəlxalq konfransında qəbul edilən davamlı inkişaf konsepsiyasına uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasında ekoloji cəhətdən iqtisadi inkişafa dair milli proqram təsdiq edilib. Bu proqramda ölkəmizin kənd təsərrüfatında davamlı inkişafa nail olmaq üçün ən əlverişli model kimi ekoloji kənd təsərrüfatı sistemi nəzərdə tutulur.

Ekoloji kənd təsərrüfatı haqqında qanun layihəsi ölkəmizdə kimyəvi-sintetik maddələr tətbiq edilmədən əhalinin istehlakı üçün nəzərdə tutulan ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləmək məqsədi ilə hazırlanıb.

Bu qanunun əhəmiyyət kəsb edən cəhətlərindən birincisi insan sağlamlığı amilidir. Məhz ekoloji kənd təsərrüfatı sistemi sağlam torpaq, sağlam bitki, sağlam heyvan, sağlam ərzaq və sağlam ətraf mühitin mövcudluğu üçün şərait yaradan bir model olmaqla, insan sağlamlığının qorunmasında əvəzedilməz meyardır. Çünki insan sağlam ərzaqla qidalanmadan qeyri-sağlam ətraf mühitdə yaşadıqda ən yüksək səviyyədə həyata keçirilən səhiyyə tədbirləri lazımi effekti vermir və belə insanlar ömür boyu müxtəlif xəstəliklərdən əziyyət çəkir, həyatdan tez gedirlər.

Beynəlxalq normativlərə əsasən bir hektar torpaq sahəsində 3 kiloqram zəhərli maddə olduqda həmin torpaq əkin dövriyyəsindən çıxarılır.

Sovet İttifaqı dövründə Azərbaycanın pambıqçılıq rayonlarında hər bir hektarda bu maddələrin miqdarı 120−150 kiloqram təşkil edib. Bunun nəticəsidir ki, həmin vaxtlar intensiv çirklənmənin baş verdiyi rayonlarda hazırda əhalinin orta yaş həddi 57 ildir, bu isə respublikanın orta göstəricisindən 13−14 il azdır. Respublikamızda son illər şiş xəstəlikləri, atipik pnevmoniya, hemofiliya, anomaliyalar, ümumi çatışmazlıqlar və digər genetik xəstəliklər çox yayılıb.

Zəhərli maddələrdən istifadənin törətdiyi fəsadları nəzərə alaraq, 1990-cı illərin sonunda Avropa Birliyi ölkələrində mineral gübrələrdən və pestisidlərdən istifadəyə görə yüksək vergilər nəzərdə tutulub. Hazırda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin bir çoxunda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının satışı getdikcə genişlənir və bu ərzaq mallarına olan tələbat ilbəil artır. Kimyəvi-sintetik maddələrin tətbiqinin acı nəticələrini və respublikamızda son illər əhalinin rifah halının durmadan yaxşılaşmasını və bunu gələcəkdə daha böyük sürətlə davam edəcəyini nəzərə alaraq, ölkə əhalisinin yüksək keyfiyyətli və insan üçün zərərli olmayan ərzağa olan tələbatını ödəməyə tələbat yaranıb.

Ekoloji təsərrüfat subyektlərində əkinçilik üsulları, torpağın strukturunun və münbitliyinin saxlanmasına, torpağın münbitliyinin artırılmasında mineral gübrələrin və sintetik əlavələrin istifadəsinin qadağan edilməsinə, xəstəlik, zərərverici və alaq otlarına qarşı kimyəvi-sintetik maddələrdən məcburən istifadə olunduğu hallarda həmin sahələrin əkin dövriyyəsindən müvəqqəti çıxarılmasına əsaslanır. Heyvandarlıq ekoloji üsulla idarə olunan hallarda ekoloji heyvandarlıq məhsulları istehsalı, ilkin emalında ekoloji zərərsiz texnologiyalardan istifadə olunması, xəstəliklərin qarşısının alınmasında kimyəvi baytarlıq preparatlarının tətbiqinin minimuma endirilməsi, genetik modifikasiya olunması, heyvanların və onların törəmələrinin istifadəsinin qadağan edilməsi, heyvanların yemləndirilməsində ekoloji təmiz yemlərdən istifadə olunması və bu kimi digər şərtlər təmin edilməlidir.

Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunda nəzərdə tutulur ki, adi kənd təsərrüfatı subyektinin ekoloji kənd təsərrüfatına çevrilməsi üçün təsərrüfat, istehsal edilən məhsulun növündən asılı olaraq mütləq istehsal konversiyası müddətini, yəni keçid dövrünü keçməlidir. Məsələn, ekoloji standartlara uyğun olaraq keçid dövrü müddəti çoxillik bitkilər və çoxillik əkmələr üçün 3 il, birillik bitkilər, yem bitkiləri və otlaqlar üçün 2 il, ətlik məqsədi ilə yetişdirilən mal-qara üçün 12 ay müəyyən edilir.

Azərbaycanda ekoloji kənd təsərrüfatı ideyasının ilk daşıyıcısı və bu hərəkatın banisi Gəncə Aqrobiznes Assosiasiyası (GABA) oldu və 1998-ci ölkəmizdə bu hərəkatın əsası qoyuldu.Ekoloji Təmiz Kənd Təsərrüaftı Hərəkatının ölkədə yayılması zərurətini yaradan çox ciddi səbəblər var idi:

• Ölkədə aztorpaqlı ailə təsərrüfatlarının say üstünlüyü (873 min ailə təsərrüfatı) və kiçik torpaq sahələrində istehsal həcminin az olması səbəbindən gəlirlərinin də azlığı;

• Yeni torpaq sahiblərinin maliyyə və madd-texniki imkanlarının məhdudluğu ucbatından onların gübrə, zəhərli maddələr və kənd təsərrüfatı vasitələri əldə etmək imkanlarının olmaması;

• Ölkənin əlverişli torpaq-iqlim şəraitində zəhərsiz, gübrəsiz və digər kimyəvi vasitələrdən istifadə etmədən istehsalı təşkil edəcək və bazara keyfiyyətli və “sağlam” ərzaq məhsulları çıxartmaqla qiymət üstünlüyü qazanmaq və gəlirləri artırmaq;

• Bioloji və ekoloji üsullara yiyələnərək və yeni vərdiş və bacarıqlarla pay torpaqlarının münbitliyini artırmaq və xarici mühitdən asılılığı (gübrə, pestisid, yem qarışıqları və s.) ləğv etmək.

Yeni torpaq istifadəçilərinin mövcud şərtlər daxilində fəaliyyətlərini təmin etmək üçün ilk növbədə onların zəruri biliklərlə maarifləndirilməsi başlıca vəzifə idi. Ona görə də GABA-nın işçi heyəti və könüllülər ilk növbədə özlərinin müasir tələbata cavab verə bilən və Avropa ölkələrinin ekoloji təsərrüfatçılıq sahəsindən təcrübəsunə əsaslanan vahid informasiya bazasını yaratdılar. Sonrakı mərhələdə müxtəlif səviyyəli təlim-iştirakçı qrupları üzrə təlim proqramları işlənib hazırlandı.

Maarifləndirmə və təhsil ekoloji kənd təsərrüfatı sistemində olduqca mühüm yer tutur. Fermerlərdə yeni vərdiş və bacarıqların formalaşması və ekoloji kənd təsərrüfatının praktiki tətbiqi üzrə onlarda xüsusi idarəetmə qabiliyyətlərinin inkişaf etdirilməsi, ilk növbədə, təhsil ilə bağlıdır.

Bu gün məhsuladar torpaqları, əlverişli iqlim şəraiti olan Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatına nail olmaq üçün sadəcə istək, buna tələbatın olmasını dərk etmək, kəmiyyətə deyil, keyfiyyətə əsaslanmaq və insan zəhməti lazımdır. Buna nail olsaq isti təndir çörəyimizin ətri yenə uzaqlara yayılacaq, Bağımızdan, bostanımızdan dərdiyimiz hər məhsul min dərdə dərman olacaq.

İlhamə LOĞMAN

Son xəbərlər
Bütün xəbərlər »