ABŞ prezidenti Donald Tramp bazar ertəsi, mayın 19-da telefon danışığı vasitəsi ilə Rusiya lideri Vladimir Putinlə Ukraynada sülh və ticarət məsələlərini müzakirə etməyi planlaşdırdığını bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.
"Bazar ertəsi saat 10:00-da (17:00) mən Rusiya prezidenti Vladimir Putinlə telefonla danışacağam", - deyə Tramp qeyd edib. O əlavə edib ki, rusiyalı həmkarı ilə Ukrayna münaqişəsinin nizamlanması və ticarət məsələlərini müzakirə etmək istəyir.
Bundan əlavə ABŞ prezidenti Rusiya lideri ilə telefon danışığı zamanı Ukraynada atəşkəsə vasitəçilik etməyə çalışacağını bildirib.
"Ümid edirəm ki, bu məhsuldar gün olacaq və atəşkəs əldə olunacaq", - deyə Tramp qeyd edib. ABŞ prezidenti Rusiya prezidenti ilə müzakirədən sonra münaqişənin həll olunacağına ümid edir.
Qadir, Bizimyol.info