Kreml bəyan edib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş gələcəkdə mümkündür, ancaq müəyyən şərtlər yerinə yetirilərsə.
Bizimyol.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov İstanbulda keçirilən danışıqları şərh edərkən deyib.
“Hər iki tərəfin nümayəndə heyətlərinin işi nəticəsində müəyyən razılaşmalar əldə edildikdən sonra biz bunu mümkün hesab edirik”, - deyib.
O, əlavə edib ki, Rusiya üçün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sənədlər imzalanarkən “əsas və vacib məsələ Ukrayna tərəfinin bu sənədləri məhz kimin imzalayacağıdır”.
O, həmçinin bildirib ki, Rusiya və Ukrayna atəşkəs üçün şərtlərin siyahılarını mübadilə etmək barədə razılığa gəliblər və iş gedir. Danışıqların növbəti raundu ilə bağlı suala cavab olaraq o, “ilk işin İstanbulda əldə olunan razılaşmaları həyata keçirmək, o cümlədən 1000 məhbusun 1000-ə dəyişdirilməsi” olduğunu bildirib.
O, həmçinin əlavə edib ki, İstanbuldakı danışıqlardan sonra Rusiya və ABŞ liderləri arasında heç bir əlaqə olmayıb. “Putin və Tramp telefon danışığının aparılmasını məqsədəuyğun hesab edərsə, Kreml məlumat verəcək”, - deyə bildirib.
Xatırladaq ki, mayın 16-da İstanbulda Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqlar baş tutub. Münaqişə tərəfləri 2022-ci ildən bəri ilk dəfə görüşə toplaşıblar.
Danışıqlardan sonra media Rusiyanın İstanbul danışıqları ilə bağlı tələblərini açıqlayıb. Xüsusilə ruslar bütün Ukrayna qoşunlarının “öz ərazilərindən” çıxarılmasını tələb edib və atəşkəs üçün onların şərtinin bu olduğunu qeyd ediblər.
Eyni zamanda, Ukraynanın müdafiə naziri Rustem Umerov danışıqlar nəticəsində 1000 ukraynalı məhbusun geri qaytarıldığını açıqlayıb.
Qadir, Bizimyol.info