Kiyev və Moskva arasında İstanbulda keçirilmiş birbaşa danışıqlar konkret nəticə vermədi.
Bizimyol.info xəbər verir ki, "Bloomberg" agentliyinin qeyd etdiyi kimi, bu vəziyyət Avropa liderlərini çaşqınlıq içində qoyub.
Donald Tramp hələ də qeyri-müəyyən siqnallar göndərməkdə davam edir və Avropa İttifaqında onun Vladimir Putinlə bağlı əsl niyyətlərinin nə olduğuna dair fikir aydın bilinmir.
Cümə günü Türkiyədə Ukrayna və Rusiya nümayəndələrinin son üç ildə ilk dəfə baş tutmuş şəxsi görüşü keçirildi. "Bloomberg" yazır ki, "danışıqlar atəşkəs razılaşması olmadan başa çatıb" və mənbələrin sözlərinə görə, Moskva öz sərt, "maksimalist" tələblərini təkrarlayıb. Agentliyin sorğuladığı bəzi Avropa rəsmiləri Rusiya nümayəndələrinin "aşağı səviyyəli" şəxslərdən ibarət olmasını Kremlin ciddi dialoqa hazır olmadığının göstəricisi kimi qiymətləndirib.
Bu hadisələrin fonunda Zelenski və Fransa, Almaniya, Polşa və Böyük Britaniya liderləri ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı apararaq növbəti addımları müzakirə ediblər. Lakin, agentliyin məlumatına görə, Amerika prezidentinin mövqeyi qeyri-müəyyən olaraq qalır.
"Avropa rəsmilərinin Trampın növbəti dəfə nə deyəcəyinə və ya bunun nəyə gətirib çıxaracağına dair heç bir anlayışı yoxdur", — deyə agetlik yazır.
Danışıqlardan öncə ABŞ-ın müttəfiqlərinin planı var idi: əgər Putin qeyd-şərtsiz atəşkəsə razı olmasa, genişmiqyaslı sanksiyalar tətbiq olunacaqdı. Lakin Tramp gözlənilmədən kursu dəyişdi və Zelenskini "dərhal" Rusiya ilə danışıqlara oturmağa açıq şəkildə çağırdı. Bu isə Avropada çaşqınlıq doğurdu.
"Yaxın Şərqdə səfərdə olan Tramp bildirdi ki, o, Putinə özü ilə şəxsən görüşmədən hər hansı razılaşmanın mümkün olmadığını düşünür. O, hətta əgər irəliləyiş hiss etsəydi, İstanbula baş çəkə biləcəyini də istisna etmədi. Bu baş vermədi", — deyə agentlik yazır.
Agentliyin mənbələrinin sözlərinə görə, Türkiyədəki görüş Avropa liderlərində belə bir təəssürat yaradıb ki, Rusiya prosesi sabotaj edir, Tramp isə qəti tədbirlər görməyə hazır deyil. Albaniyada toplaşan Avropa liderləri "Moskvanın danışıqlara etinasız yanaşmasına görə narazılıqlarını ifadə etmək məcburiyyətində qalıblar".
Agentlik anonim mənbələrə istinadən, İstanbulda Rusiya tərəfindən irəli sürülən tələbləri dərc edib:
Ukrayna neytral statusu qəbul etməli, ərazisində xarici qoşunlar və kütləvi qırğın silahları yerləşdirilməməlidir;
Kiyev Moskvadan təzminat tələbindən imtina etməlidir;
Ukrayna Krım və daha dörd regionun itirilməsi ilə barışmalıdır;
Putin yalnız bu regionlardan Ukrayna ordusunun çıxarılmasından sonra atəşkəsə razı olacaq;
Kreml beş regionun da beynəlxalq səviyyədə Rusiya ərazisi kimi tanınmasını istəyir.
Avropa liderləri ictimaiyyət qarşısında Moskvaya təzyiq strategiyasını dəstəkləməyə davam edirlər.
"ABŞ və 30-dan çox digər tərəfdaşla birlikdə biz açıq şəkildə bildirdik ki, Rusiyanın atəşkəsi ləngitməsinə dözməyəcəyik. Tam və qeyd-şərtsiz atəşkəs barədə razılıq əldə olunmalıdır və əgər Rusiya danışıqlar masasına oturmaq istəmirsə, Putin buna görə cavab verməlidir", - deyə Böyük Britaniyanın baş naziri Keir Starmer Albaniyada bəyan edib.
Avropa İttifaqı nümayəndələri özəl söhbətlərdə ABŞ prezidentinin tərəddüdlü davranışından narazılıq bildirirlər. Avropa rəsmilərindən biri ümid etdiyini bildirib ki, "bu həftəki hadisələr Trampa rusların real danışıqlara hazır olmadığını göstərəcək" və ABŞ nəticəyə "qətiyyətlə reaksiya verməlidir".
Eyni zamanda Vaşinqtonda senator-republikaçı Lindsi Qrahamın irəli sürdüyü, Rusiya enerji resurslarını alan ölkələrə qarşı cərimələri də nəzərdə tutan "sarsıdıcı" sanksiyalar layihəsi müzakirə olunur. Trampın bu layihəni dəstəkləyib-dəstəkləməyəcəyi hələlik bəlli deyil. Bəzi mənbələrin fikrincə, o, bu qədər sərt tədbirlərə getmək istəməyə bilər.
Agentlik vurğulayır ki, Trampın hərəkətlərindəki qeyri-müəyyənlik Kremlin vaxt udmasına və ya təzyiq üçün manevr sahəsi əldə etməsinə imkan yaradır.
Qadir, Bizimyol.info