Bir müddət öncə İran prezidenti Məsud Pezeşkian Azərbaycana gəldi. Ölkə rəhbərləri arasında müəyyən müzakirələr aparıldı. Səfərdən öncə İranın Azərbaycana səfir təyin edəcəyi ilə bağlı fikirlər söylənilirdi, səfərdən sonra bu fikirlər daha da ciddiləşdi. Azərbaycan hər zaman qonşu ölkələrə, dostluq çərçivəsində münasibət göstərməyə alışşsa da, təəssüf ki, çox zaman bu qarşılıqlı olmayıb. Elə İran da uzun illər Azərbaycana qarşı münasibətində birmənalı olmayıb. İndi deyəsən, qonşu daha yaxın olmaq niyyətindədir...
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran tərəfdən səfirin seçilməsi ilə bağlı verilən açıqlamalar, əslində diplomatik münasibəti və adətən səfirlərin seçilməsi müəyyən bir prosedurlara dayanır.

“Səfir elə keyfiyyətdə diplomat seçilməlidir ki, getdiyi ölkənin qaydalarını və ənənələrini bilsin, eyni zamanda iki ölkə arasında münasibətlərə müsbət təkan verəcək addımlar ata bilsin”-deyən Oqtay Qasımov bu baxımdan hesab edir ki, İranın Azərbaycana səfir göndərməklə bağlı qərarı çox uzun çəkməz və qısa müddət sonra İranın Azərbaycandakı yeni səfiri fəaliyyətə başlayar.
Politoloqun fikrincə iki ölkə arasında münasibətlərin son bir ildəki inkişaf tempi və xüsusilə də, İran prezidentinin Azərbaycana səfəri bu münasibətləri keyfiyyətcə yeni mərhələyə keçirib: “Hər halda, bundan sonra da biz ümid edirik ki, məhz İran tərəfi də bu münasibətlərin yüksək səviyyədə qalmasında maraqlı olacaq”.
İradə Cəlil, Bizimyol.info