Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qlobal ticarət müharibəsi səbəbindən Almaniyada 25 min sənaye iş yeri risk altındadır
Qlobal ticarət müharibəsi səbəbindən Almaniyada 25 min sənaye iş yeri risk altındadır

"Vaşinqton ilə Pekin arasında davam edən ticarət müharibəsi Alman sənayesində əhəmiyyətli sayda iş yerlərinin itirilməsinə səbəb ola bilər".

Bizimyol.info "Trthaber"ə istinadən xəbər verir ki, "Allianz Trade" ABŞ və Çin arasındakı ticarət müharibəsinin Almaniya iqtisadiyyatına təsirinə dair analizini yayımlayıb.

Analizə əsasən, əgər ABŞ və Çin arasında ticarət müharibəsində razılıq əldə olunmasa, Çinli ixracatçılar, ilk növbədə Almaniya olmaqla, Avropa bazarlarına daha çox yönələcək.

"Allianz Trade"in baş iqtisadçısı Yasmin Grösxl məsələyə dair şərhində: “Xüsusilə Çin mallarının Almaniyaya yönəlməsi və artan rəqabət səbəbindən Almaniyada 17 min ilə 25 min arası sənaye iş yerinin itiriləcəyini proqnozlaşdırırıq”, - deyə bildirib.

Grösxl qeyd edib ki, xüsusilə maşın mühəndisliyi, tekstil sənayesi, qeyri-metallik mineral məhsullar, elektronika, kompüter və motorlu nəqliyyat vasitələri sahələri risk altındadır. Bu da Alman sənayesində 8 milyon nəfər işləyən insanın təxminən 0,2%-0,3%-nə bərabərdir.

Qlobal ticarət dinamikalarının tarif müharibəsinə görə tarazlığını itirdiyini bildirən Grösxl: “Alman şirkətləri iki cəbhədə təzyiq altındadır. Birincisi, artan rəqabət və Çinlə sıx əlaqəli təchizat zəncirləri, ikincisi isə xarici bazarlara getdikcə daha çox təsir edən güclü ixrac yönümlü Almaniya iş modeli. Bu vəziyyət həm böyüyən bazarlar, həm də digər Aİ ölkələri üçün keçərlidir. Xüsusilə yüksək keyfiyyətli və mürəkkəb sahələrdə Çin məhsulları Alman məhsulları ilə artan şəkildə rəqabət aparır”, - deyə əlavə edib.

Digər tərəfdən, "Allianz Trade"in analizinə görə, ikitərəfli razılaşmalar olmadan Çinin ABŞ-a ixrac itkisi 239 milyard ABŞ dollarına çata bilər. Çinli şirkətlər çox güman ki, digər beynəlxalq satış bazarlarına daxil olmağa çalışacaq və bu səbəbdən Avropa İttifaqına (Aİ) təxminən 80 milyard dollar dəyərində ixrac edə biləcəklər.

Araşdırmaya görə, tariflər mövzusunda razılıq əldə olunmasa, qarşıdakı üç il ərzində Almaniyaya təxminən 33 milyard dollar dəyərində mal daxil ola bilər. Bu isə Almaniyanın ümumi idxalını 2,5% artıra bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »