“Soyqırım Vyetnam və Azərbaycanın ortaq tarixi acısıdır. Fransanın soyqırımı siyasəti onun müstəmləkə xalqlarına qarşı tətbiq etdiyi total müharibənin təkamülünün son pilləsidir. Fransa tarix boyu gücünün həm iqtisadi infrastrukturunu, həm siyasi məqsədlərini, həm də şəraitin ideoloji ziddiyyətlərini soyqırımı ilə ifadə etmişdir. İstənilən halda soyqırımı tarixin məhsuludur və hansı cəmiyyətdən digərinə gətirilirsə, məhz onun damğasını daşıyır. Fransanın alnında "soyqırım" damğası var. Fransa soyqırımdan siyasi vasitə kimi istifadə etsə də, faktları gizlədə bilmədi. Fransa hakimiyyəti Vyetnamda dəhşətli qırğınlar və digər vəhşiliklər həyata keçirərkən Vyetnam Xalq Ordusu böyük itkilərə məruz qaldı, xalq artilleriya bombardmanlarından qaçmaq üçün sərhədlər boyu kəndlərini və evlərini tərk etməli oldu, hektarlarla kənd təsərrüfatı sahələri tərk edildi”.
Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov danışıb. Deputat qeyd edib ki, Fransa daxil olduğu cəmiyyətin strukturunu soyqırım strukturları kimi dağıdıcı amillərlə dəyişirdi: “Fransa hətta sənayenin inkişafı zamanı daha kütləvi miqyasda öldürən qurğular istehsal edərək xüsusi amansızlıq göstərirdi. Fransa hökuməti zaman-zaman müxtəlif hüquqşünaslar və hökumətlər vasitəsilə bəşəriyyətin indiyə qədər tanıdığı ən dəhşətli qırğınları “humanistləşdirmək” kimi riyakar cəhdlərə də baş vururdu. Lakin Vyetnam bunu unutmadı və xalqın tarixində və yaddaşında qalması məqsədilə Fransa kolonializminin eybəcər simasını əks etdirən muzey yaratmaqla, fransız işğalçılarının xüsusi amansızlıqla icra edilən işgəncə tədbirlərini nümayiş etdirdi. Cəmiyyəti bu yaralardan islah etmək əvəzinə Fransa xalqların milli kimliklərinin məhvinə yönəlmiş dağıdıcı siyasəti yanlış təbliğatla tez-tez təhrif etməyə çalışır, bununla da bütün cəmiyyətin mənəvi səylərinə zərbə vururdu”.

“Azərbaycanla Vyetnam arasında ideoloji baxımdan münasibətlərin dayanıqlı əsaslarla inkişaf etdirilməsi üzrə qətiyyətin və xüsusi həssaslığın göstərilməsinin səbəbi odur ki, həm Vyetnamın, həm də Azərbaycanın yaddaşında soyqırım izi var. Bu mənəvi yara xalqlarımızın ortaq problemidir. Necə ki, azərbaycanlılar məhz azərbaycanlı olduqlarına görə soyqırımına məruz qalırdı, eləcə də Vyetnam xalqı sırf eyni prinsiplə amansızcasına və kütləvi şəkildə qırğınlara məruz qalırdı. Azərbaycan soyqırımdan, separatçı qüvvələrin ölkəmizi bölməsindən, tarixi torpaqlarımızda göz görə-görə kriminal xunta yaradılmasından əziyyət çəkib”-deyən Azər Badamov qeyd edib ki, ortaq problemimiz olan soyqırımı məsələsi üzərində dayanılmalı və bu məsələ arxivlərin öyrənilməsinə həsr olunmuş iş ilə müşayiət olunmalıdır.
Azər Badamov vurğulayıb ki, Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi mətbuata bəyanatla çıxış edərkən "Dostluq cəmiyyəti"nin yaradılması ideyası ilə çıxış etdi və həmin cəmiyyət daxilində ölkənin ictimai xadimləri birləşərək bu məsələdə ortaq layihələr icra edə bilərlər.
“Mətbuata bəyanatla çıxış edərəkən həm cənab Prezident İlham Əliyev, həm də Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi sülhsevər yanaşma sərgiləyərək beynəlxalq hüququn aliliyi, mübahisələrin dinc yolla həlli, gücdən istifadə etməmək və onun istifadəsi ilə hədələməmək kimi prinsiplərin vacibliyini, ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı məsələlərini xüsusilə qeyd etdilər”-deyən deputat hesab edir ki, ortaq tarixi keçmiş ölkələrimizi eyni amal uğrunda birləşdirərək cəmiyyətlərimizi daha güclü və dayanıqlı edəcək.
İradə Cəlil, Bizimyol.info