Ölkələr də insanlara bənzəyir; tarixi paralellər, tale oxşarlığı olur. Azərbaycanla Vyetnam kimi. Bəlkə çox adama qəribə, anlaşılmaz gələr: bu iki fərqli ölkəni nə birləşdirir? Ancaq Azərbaycanla Vyetnam arasındakı fərqlər onların yaxınlaşmasına mane olmur. Çünki oxşar, hətta ortaq nöqtələr, nəsnələr var.
Hələ Azərbaycan Sovet İttifaqının tərkibində olanda - Azərbaycanın müstəqil olmadığı dövrdə belə Vyetnamla əlaqələr var idi. O zaman Azərbaycanda 5000-dən çox Vyetnamlı tələbə təhsil almışdı. Bu, insani əlaqələrə dair çox mühüm faktdır.
Siyasi kontaktlara gəlincə, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər etmişdi. 1983-cü ildə isə o zaman SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Heydər Əliyevin Vyetnama səfəri olmuşdu.
Bunlar iki xalq arasında əlaqələrin qurulması və möhkəmlənməsi üçün möhkəm zəmin idi. Eyni zamanda Vyetnam Azadlıq Müharibəsinin qələbəsində, Vyetnamın birləşməsində Azərbaycanın mühüm dəstəyi olmuşdu. Özü müstəqil olmasa da, Azərbaycan böyük dövlət adamı olan Heydər Əliyevin o zamankı rəhbərliyi altında Vyetnama böyük dəstək göstərmişdi. Bu da Vyetnam xalqında Azərbaycana qarşı rəğbət oyatmışdı.
Yazının əvvəlində tarix və tale oxşarlıqlarına toxundum. Bunlar əsasən nə idi? Zamanında Azərbaycan da sosializm quruluşunda yaşayıb. Vyetnam da o quruluşu seçib. Azərbaycan da tarixən ikiyə bölünüb. Vyetnam da zamanında ikiyə bölünmüşdü. Vaxtilə Almaniyanın, Koreyanın bölündükləri kimi. Bölünmək bir çox ölkələrin, xalqların taleyində olub və bəzilərində hələ də var. Hətta ABŞ da şimal və cənub hissələrinə bölünərək uzun müddət bir-biri ilə vuruşub. Ancaq bölünmələrdən sonra bir də birləşmələr var. Məsələn, Koreya yarımadasının şimal və cənub hissələri birləşə bilmir. Amma ABŞ və Almaniya birləşdi. Vyetnam xalqı da buna nail oldu. Həm də öz mübarizəsi ilə. Bu baxımdan Azərbaycanla Vyetnamı yaxınlaşdıran məqamlar var.
Vyetnam da Azərbaycan kimi uzun illər müharibələrə meydan olub, hərbi müdaxilələrə məruz qalıb, müstəmləkəyə çevrilib. Fransa Vyetnamda çox ağır müstəmləkə rejimi qurmuşdu. 1858-1885-ci illərdə Fransanın Vyetnam xalqına qarşı apardığı müharibələr seriyası nəticəsində Paris burada işğal rejimi yaratmış, çox dəhşətli soyqırım həyata keçirmiş, Vyetnamı özünün vassalına çevirmişdi. Fransa ordusu, işğalçı rejimi burada qırğınlar, qarətlər törətmiş, Vyetnam xalqının mübariz oğul və qızlarına amansız işgəncələr vermişdi. Həmin dəhşətləri Vyetnam xalqı unutmayıb; bu ölkədə Fransa kolonializminin izlərini, dərin yaralarını əks etdirən muzey də bu üzdən yaradılıb. Həmin muzey Fransa imperializminin əsl simasını indiki və gələcək nəsillərə tanıdır.
Hazırda müstəqil Azərbaycanın Fransa neokolonializminə qarşı ardıcıl və təsirli mübarizəsi - Fransanın müstəmləkə rejimi altında əziyyət çəkən xalqlara Bakının dəstək verməsi Vyetnamda da çox müsbət qarşılanır.
Bəli, Fransanın müdaxiləsi Vyetnama qarşı yeganə hərbi təcavüz deyildi. 1955-1975-ci illərdə məşhur Vyetnam müharibəsi bu xalqa xüsusilə baha başa gəlmişdi, 3 milyon insan həlak oldu. Cənubi Vyetnamı dəstəkləyərək Şimali Vyetnama müdaxilə edən ABŞ 1969-cu ildə müharibəyə cəlb olundu və 58 min nəfər hərbçi itirdi. 1975-ci ildə Şimali Vyetnam qalib gəldi və ölkənin hər iki hissəsi birləşərək Vyetnam Sosialist Respublikasını yaratdı. Məhz həmin bu dövlətin rəhbəri - Vyetnam Sosialist Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam dünən - mayın 7-də Azərbaycana səfərə gəlib və bu gün də bu yüksək səfər davam edir.
Hər iki ölkə BMT çərçivəsində, eləcə də, Qoşulmama Hərəkatında, AQƏM platformasında effektiv diplomatik sinergetika içərisindədirlər. Eyni zamanda ASEAN və Azərbaycan arasındakı əlaqələrdə Vyetnamın mühüm rolu var.
Artıq əvvəlki yazılarımızda da vurğulamışdıq; dünyada sürətli və innovativ inkişaf mərkəzi Avropadan Asiyaya doğru yerini dəyişir. Uzaq Şərq, Hind-Çin yarımadası ölkələri artıq nəhəng təsiredici güc mərkəzi formalaşdırır. Çin bu mərkəzin nüvəsində durur və bu üzdən Azərbaycan prezidentinin Çinə bu yaxınlarda etdiyi dövlət səfəri və iki ölkə arasındakı strateji tərəfdaşlıq Asiya bölgəsində, bütövlükdə Avrasiyada yeni bir geopolitik reallıq yaradır və mühüm geostrateji imkanlar açır.
Məlumdur ki, Çin ağırlıqlı Orta dəhliz layihəsində Azərbaycan çox mühüm - vazkeçilməz strateji həlqədir. Çin 2013-cü ildə Kəmər və Yol Təşəbbüsü ilə çıxış etdi və bu, 150 ölkəyə Çin sərmayələrinin qapısını açmaq demək idi. Azərbaycan təşəbbüsü ilk dəstəkləyən ölkələrdən oldu. Bu da artıq özünü doğruldur; Azərbaycanın prezidenti yeni qlobal inkişaf tendensiyalarını vaxtında və düzgün oxudu və öz diplomatik resurslarını doğru vektora yönəltdi. Nəticə göz qabağındadır.
O da məlumdur ki, dünyanın Çinə rəqib olan əsas aktoru - ABŞ Hindistan ağırlıqlı başqa bir strateji nəqliyyat dəhlizini dəstəkləyir ki, bu çərçivədə Ermənistan "Sülh qovşağı" kimi avantürist planı ortaya atıb. İranın Zəngəzur dəhlizinə qarşı çıxması, Hindistanın Ermənistanı silahlandırması və təbii ki, Fransanın da bu prosesdə iştirakı heç şübhəsiz, nəhəng bir regionda strateji logistika savaşlarına yol açır. Əslində bu gün yenidən qızışdırılan Hindistan-Pakistan müharibəsi də Çinin Sakit okeana, Yaxın və Orta Şərqə, eləcə də, Avropa bazarlarına çıxışını çətinləşdirməyə yönəlib.
Azərbaycan bu çağırışları dəqiq dəyərləndirir və savaşın iştirakçısı deyil, tərəflər arasında uzlaşdırıcı kimi çıxış edir. İran prezidentinin Azərbaycana son səfəri də buna xidmət edirdi. Daha əvvəl Pakistan baş nazirinin səfəri baş tutmuşdu. Azərbaycan, dediyimiz kimi, bu nəhəng arealdakı ziddiyyətlərin aradan qaldırılması üçün, eləcə də, qarşıdurmadan tərəfdaşlığa doğru hərəkətlənməni təmin etmək məqsədilə titanik diplomatik çaba sərf edir. Bu prosesə Vyetnamın, ümumilikdə Hind-Çin yarımadasının potensialını cəlb etməyə çalışır. Vyetnam KP MK-nın baş katibi To Lamın səfəri də məhz bu kontekstdə gerçəkləşir.
Vyetnam həm şimal-cənub, həm də şərq-qərb nəqliyyat dəhlizlərinə maraq göstərir. Azərbaycan isə hər iki dəhlizin kəsişmə nöqtəsi, strateji hab olaraq, maraqlı və mühüm tərəfdaşdır.
Məlumdur ki, istər Yaxın Şərqdə, istərsə Avropanın şərqində gedən qanlı savaşlar, ABŞ-ın başlatdığı və Avropanı çətin duruma salan ticarət müharibələri, Rusiyaya və İrana qarşı sanksiyalar, qlobal inkişaf meyllərinin Qərbdən Şərqə doğru yerdəyişməsi Asiya və Sakit okean ölkələri üçün həm yeni fürsətlər, həm də yeni çağırışlar deməkdir. Kəşmir bölgəsində münaqişəli vəziyyətin qalması, bu regionun Hindistan, Pakistan və Çin arasında bölünmüş ərazi olması Asiyada nəhəng konflikt potensialıdır. Hazırda Hindistanla Pakistanı yenidən toqquşduran güclər hansısa mərhələdə Çinin də münaqişəyə qoşulmaq məcburiyyətində qalacağını hesablayır. Bu isə Asiyanın qlobal inkişaf mərkəzi rolunun azalmasına səbəb ola bilər. Belə bir qorxulu perspektiv reallaşarsa, Mərkəzi Asiyadan tutmuş Hind-Çin yarımadasına qədər, Qafqazdan Orta Şərqə, eləcə də, Yaxın Şərqə qədər nəhəng bölgədə əks-səda verə bilər. Hazırda iki nüvə dövləti arasında başlanmış silahlı münaqişəyə üçüncü nüvə dövləti də qoşulsa, bu, təbii ki, Vyetnam kimi ölkələrin də təhlükəsizliyinə əsaslı təhdiddir. Burada onu da vurğulayım ki, Azərbaycan Pakistanın yaxın müttəfiqi, Ermənistan isə Hindistanın silah müştərisidir. O səbəbdən, Hindistan-Pakistan savaşı Cənubi Qafqazdakı sülh perspektivinə də zərər verə bilər. Bu baxımdan - təhlükəsizlik mövzusu da Azərbaycan-Vyetnam dialoqunun mərkəzində dayanır. Beləliklə, göründüyü kimi, Vyetnam liderinin Bakıya səfəri çox həssas dövrə təsadüf edir və çox mühüm, müsbət nəticələr verəcəyi gözlənilir.

Bahəddin Həzi, Bizimyol.info