Yeni bir araşdırmaya görə, isti bölgələrdə yayılmış ölümcül göbələk xəstəliyi qlobal istiləşmə səbəbindən sürətlə yayıla bilər.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Mançester Universitetinin alimlərinin yeni araşdırmasına görə, Aspergillus fumigatus cinsindən olan ölümcül göbələk infeksiyaları insanlarda ağır tənəffüs xəstəliklərinə səbəb ola bilər.
Mütəxəssislər bu növün Afrika və Cənubi Amerikadan şimala Avropa və Asiyaya yayılacağını proqnozlaşdırırlar. Tədqiqatçılar həmçinin qeyd edir ki, yayılma dərəcəsi qalıq yanacaq istifadəsi və istixana qazı emissiyalarından asılıdır.
Tədqiqatın aparıcı müəllifi, Mançester Universitetindən Norman van Rhijn, göbələklərin müalicəsinin "son dərəcə çətin" olduğunu vurğulayıb və lazımi ehtiyat tədbirlərinin görülməsinə çağırıb.
Hesablamalara görə, qlobal istiləşmə səbəbindən bu cür göbələklərin yayılma sahəsi 2100-cü ilə qədər 77 faiz arta bilər.
Bunun təkcə Avropa qitəsində 9 milyona yaxın insanın sağlamlığını təhlükə altına atacağı bildirilir, xroniki ağciyər xəstəlikləri və immun sistemi zəif olan insanlar diqqətli olmağa çağırırlar.
Qadir, Bizimyol.info