Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqlim dəyişmələrinə necə uyğunlaşmaq və hansı faydaları götürmək olar?
İqlim dəyişmələrinin yaratdığı ekoloji fəsadlar

Mətbuatdan tez- tez dünya okeanlarında balina və delfinlər kimi böyük canlıların sahilə çıxaraq intihar etməsi falktları barədə oxuyuruq. Elə keçən il Yeni Zelandiyada 400-dən çox balina özünü sahilə atmışdı.Mütəxəssislər bunu qlobal istiləşmə, bunun nəticəsində okean sularında yaranan temperatur dəyişimi, eləcə də okean sularının dibində aparılan nüvə sınaqları ilə əlaqələndirirlər. Təbii mühitlərinə müdaxilə olunan bu həssas canlılar insana üsyanını bəlkə bu yolla bildirir?

İqlim dəyişmələri Yer səthində enerji balansının pozulmasına səbəb olur. Günəşdən Yerə nə qədər enerji daxil olursa, bir o qədər enerji də Yerdən qayıtmalıdır. Əgər qayıtmırsa, deməli, balans pozulur, həmin enerjinin bir hissəsi Yerdə qalır

İqlim dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun 4-cü Hesabatında göstərildiyi kimi son 100 ildə Yer kürəsində orta illik temperatur 0,80C artmış, Okeanın səviyyəsi 15-25 sm qalxmış və okeanların qızma dərinliyi 3000 metrə çatmışdır.

Hesabatda qeyd olunur ki, Yer kürəsində 1,6Vt/m2 artıq enerji qalır ki, bu da okeanların və yer səthinin qızmasına sərf olunur. Bu enerjinin yalnız 1/5 hissəsi təbii amillər hesabına baş verir. Yerdə qalanı isə antropogen mənşəlidir. Keçən əsrin 50-ci illərindən başlayaraq hidroxlorfülorkarbonların atmosferdə konsentrasiyası sürətlə artmağa başlayıb. Alimlərin iddiasına görə, bundan əvvəlki dövrlərdə atmosferdə bu qazlar müşahidə olunmayıb. Yer səthində qalan artıq enerjinin qeyri-bərabər paylanması nəticəsində son 10 illiklərdə Təhlükəli Hidrometeoroloji Hadisələrin tezliyi və amplitudası artmışdır. Belə ki, Yer kürəsinin müxtəlif ərazilərində sellər, daşqınlar, su basmalar, güclü küləklər, çovğunlar, tufanlar, okeanlarda qasırğalar, torpaq sürüşmələri və sairə daha tez-tez baş verir ki, bu da insan tələfatına və dağıntılara səbəb olur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gulmalı Süleymanovun fikrinə görə, Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmır. “Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artmışdır. Azərbaycan ərazisi üçün İqlim dəyişmələrinə uyğunlaşma tədbirlərinin görülməsi ən prioritet məsələlərdən biridir. Bu məqsədlə qarşıdakı illərdə Azərbaycan Respublikasının İqlim dəyişmələri üzrə 3-cü milli məlumatları çərçivəsində uyğunlaşma üzrə Milli Fəaliyyət Proqramının hazırlanması nəzərdə tutulur. Ən vacib məsələlərdən biri də Təhlükəli Hidrometeoroloji Hadisələrə qabaqcadan xəbərdarlıq üzrə avtomatlaşdırılmış sistemin qurulmasıdır”.

İqlim dəyişmələri süni surətdə törədilir?

İqlim dəyişmələri mövzusunu araşdıran elmi cəmiyyət özü iki cəbhəyə bölünmüşdür. Birinci cəbhə iqlim dəyişmələrinin bir qrup maraqlı tərəf, xüsusən də inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrdəki tərəqqinin sürətinin qarşısının alınması üçün ortaya atıldığını iddia edir.

Dünyanın ətraf mühit sahəsində tanınmış alimlərini özündə birləşdirən ikinci cəbhə isə iqlim dəyişmələrinin bəşəriyyət qarşısında duran ən ciddi problem olduğunu öz elmi mülahizələri və tədqiqatları ilə izah etməyə çalışır. İqlim dəyişmələrinin həqiqətən də baş verdiyini iddia edən alimlərin fikrinə əsasən problemin kökündə Yer Kürəsinin karbon-dioksid (CO2 ) və digər istilik effekti yaradan (parnik) qazların udulması potensialı durur.

İqlim dəyişmələrinin kənd təsərrüfatına təsiri

Gündəlik gəliri 1 ABŞ dollarından aşağı olan dünya əhalisinin ¾-nün (təxminən 900,000,000 nəfər) əsas birbaşa gəlir mənbəyi kənd təsərrüfatıdır. Alimlərin hesablamalarına görə əgər lazımi qabaqlayıcı tədbirlər görülməsə iqlim dəyişmələri tərəfindən kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə təzyiqin nəticəsi olaraq 2080-ci illərədək əlavə 600 milyon insan kəskin qida çatışmazlığından əziyyət çəkəcək.

İqlim dəyişmələri su qıtlığı təhlükəsinin artması, eko-sistemlərin məhv edilməsi kimi fəlakətləə yol aça bilər.

Qlobal orta temperaturun 2°C artması fauna və floranın növlərinin məhv olma təhlükəsini sürətləndirir. Alimlərin hesablamalarına əsasən qlobal orta temperaturun artım həddi 3°C-ni keçdikdə bilinən canlıların təqribən 20-30%- nin nəslinin kəsilməsi təhlükəsi yaranacaqdır. Hazırda iqlim dəyişmələri öz mənfi təsirini daha çox dəniz və okean eko-sistemlərinə göstərir. Bu da sahilyanı ərazilərdə bio-müxtəliflik və eko-sistemlərin tələfatı ilə nəticələnir. Nəticədə əsas gəlir mənbəyi balıqçılıq olan 100 milyonlarla insan qida çatışmazlığı və maliyyə itkisində əziyyət çəkir.

İqlim dəyişmələri müxtəlif səviyyələrdə insan sağlamlığına  da mənfi təsir göstərəcək. Temperaturun istiləşməsi nəticəsində malyariya zonasının əhatə zonası genişlənərək əlavə 400 milyonadək insanı bu xəstəliyə yoluxma riski ilə üz-üzə qoya bilər.

İqlim dəyişmələri ilə mübarizə aparma yollarından biri, bəlkə də ən səmərəli yollarından biri alternativ və bərpa olunan enerji növlərinin inkişafıdır.

Alimlərin fikrinə görə, iqlim dəyişmələri ilə mübarizənin iki əsas vasitə ilə aparmaq mümkündür: 1. İqlim dəyişmələri təsirinin yumşaldılması (mitiqasiya). Bu mübarizə vasitəsindən iqlim dəyişmələrinin kökü olan istilikxana qazlarının atmosferə tullantısının azaldılmasına yönəlmiş tədbirlər durur. 2. İqlim dəyişmələri təsirlərinə uyğunlaşma (adaptasiya). Bu mübarizə yolu isə iqlim dəyişmələrinin törətdiyi fəsadlara qabaqcadan hazırlıq tədbirləri vasitəsilə onun vurduğu ziyanın azaldılmasını nəzərdə tutur.

İqlim dəyişmələrinə uyğunlaşma inkişaf etmiş ölkələrdə sürətlə inkişaf edən sənaye sahəsinə çevrilmişdir. Mərkəzi hökumətlər, regional planlaşdırma idarələri, bələdiyyələr və sığorta şirkətləri bir məqsədə qulluq edən uyğunlaş- ma (adaptasiya) strategiyaları hazırlamaqla məşğuldurlar. Bu məqsəd isə insan həyatı, daşınmaz əmlak və iqtisadi infrastrukturu iqlim dəyişmələri risklərindən mühafizə etməkdir. İqlim dəyişmələrinə uyğunlaşma gündəliyini formalaşdıran əsas faktorlardan biri ictimai rəydir. Bir çox inkişaf etmiş ölkələrdə əhali arasında hava ilə əlaqədar yaranan təbii fəlakətlərin iqlim dəyişmələri ilə əlaqədar olmasına dair fikir formalaşmışdır. İnkişaf etmiş ölkələrin vergi ödəyiciləri hökumətdən iqlim dəyişmələrinə uyğunlaşmaya geniş maliyyə vəsaitlərinin artırılmasını tələb edir.

İqlim dəyişmələrinə uyğunlaşmanın vacibliyi məsələsi Yaponiyada 2004-cü ildən etibarən ictimaiyyətin diqqət mərkəzinə gəlmişdir. Çünki həmin il ölkəni 10 tropik qasırğa vurmuşdu və büdcəyə dəyən ziyan təxminən 14 milyard ABŞ dolları həcmində qiymətləndirilirdi. Yüksək texnologiyalardan istifadə olunaraq hazırlanmış seldən mühafizə infrastrukturu olmasına baxmayaraq, bu ölkənin sahilboyu əraziləri daim subasma risklərinə həssas ərazilərdir. Yaponiya iqtisadçılarının hesablamalarına əsasən dəniz səviyyəsinin hər 1 metr qalxması mühafizə tədbirləri üçün büdcədən 93 milyard dollar həcmində vəsaitin ayrılmasını tələb edir. Misallardan göründüyü kimi inkişaf etmiş ölkələrdə iqlim dəyişmələrinə uyğunlaşma sektoruna kifayət qədər böyük investisiyalar qoyulur. Böyük Britaniyada aparılan tədqiqatlara əsasən daşqında mühafizəyə xərclənmiş hər 1 ABŞ dollarına daşqın zamanı dəymiş zərəri 5 ABŞ dolları azaltmaq olar. İqtisadi faktorlar və ictimai rəy inkişaf etmiş ölkələrin hökumətlərini uyğunlaşma (adaptasiya) planlarına kifayət qədər ciddi yanaşmağa vadar edir. İnkişaf etməkdə olan ölkələrdə isə vəziyyət bir qədər fərqlidir.

Hər bir dünya ölkələri kimi Azərbaycan da iqlim dəyişmələrinin təsirində sığortalanmamışdır.İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyaya üzv dövlət kimi Azərbaycan da ölkədə bu fenomenlə əlaqədar prosesləri müşahidə edərək baş vermiş dəyişikliklərlə bağlı hesabatlar hazırlayır. Təhlil edilmiş temperatur məlumatlarından məlum olmuşdur ki, ölkədə göstərilən 10 il ərzində orta temperatur 0,41°C artmışdır. Bu artım 1961-1990-cı illərdəki artımdan (30 il ərzində artım 0,34°C olmuşdur) çoxdur.Yerli iqlimşünaslar tərəfindən müxtəlif proqramlar vasitəsilə tərtib olunmuş proqnozlara əsasən 2021-2050-ci illərdə ölkəmizdə orta illik temperatur artımı 1,5°C-1,6°C təşkil edəcəkdir. Nəticəyə görə temperatur artımı bu əsrin birinci yarısında hər on ildə təqribən 0,3°C ola bilər.

Azərbaycanda iqlim dəyişmələrin həssas sahələr su təminatı, kənd təsərrüfatı və insan sağlamlığı hesab edilir. Gözlənilən iqlim dəyişmələrinin mənfi təsirlərini yumşaltmaq məqsədilə aşağıdakı uyğunlaşma tədbirləri həyata keçirilə bilər: a) su ehtiyatlarını idarə etmə sistemlərinin təkmilləşdirilməsi; b) əlavə su mənbələrinin cəlb edilməsi; c) daşqın və sellərə qarşı mübarizənin gücləndirilməsi; d) su kəmərləri sistemində su itkilərinin azaldılması və keyfiyyətinin yaxşı laşdırılması; e) dağ çayları və irriqasiya kanalları üzərində kiçik HES-in tikilməsi və s

İqlim dəyişmələrinin mənfi təsirləri kimi müsbət təsirlərinin olması mümkündür. Belə ki, hazırda becərilən pambıq sortlar daha keyfiyyətli uzunlifli gecyetişən sortlarla əvəz edilə bilər. Onların məhsuldarlığını keçən əsrin 80-cı illərində olan və daha yüksək səviyyəyə çatdırmaq olar.

Gözlənilən iqlim dəyişmələrinin mənfi təsirini yumşaltmaq və mümkün qədər qarşısını almaqdan üçün aşağıdakı uyğunlaşma tədbirləri görülməlidir: a) istisevər, quraqlığa dayanıqlı və yüksək məhsuldarlığa malik olan sortlarının seleksiya, introduksiya və təsərrüfata tətbiqi; b) torpaqların şoranlaşma və eroziyası, quraqlıq və ağ yellərə qarşı aparılan meliorasiya tədbirlərini davam etdirmək və genişləndirməsi; c) suvarılan ərazilərdə suya qənaət edən texnologiyaları kütləvi şəkildə tətbiq edilməsi;

194 ölkə və bir regional təşkilat BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etmişdir. Konvensiyanın tələblərinə əsasən hər bir ölkə atmosferə tullanan istilikxana qazlarının miqdarı, iqlim dəyişmələrinin təsiri və onun nəticəsində baş vermiş dəyişikliklər, iqlim dəyişmələri ilə mübarizə üzrə görülmüş işlər barədə mütəmadi olaraq Konvensiyanın Katibliyinə hesabatlar təqdim edir.

Dünyada həyəcan təbili çalınır.Ölkə olaraq öhdəmizə düşən vəzifə beynəlxalq qurumlarla əməkdaşlıq xatirinə kağız üzərində qalan hesabatlar hazırlamaq dyil, xalqın və gələcəyimizin təhülkəsizliyi namiznə real işlərin görülməsidir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »